Məhkəmə qərarları › İş №2-1(118)-1324/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1324/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1324/2024 06.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona Quba rayonu Təngaltı kəndində yerləşən və X3 tərəfindən xx.xx.2000-ci ildə Quba rayon Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında ona satılmış 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməsi ilə onun Zənfirə Ağakişiyevaya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiam təmin edilmiş, Quba rayonu Təngaltı kəndində yerləşən və 1/3 hissədə pay hüququ ilə ona məxsus olan olan torpaq payının (0,18 ha) iddiaçıya satılması barədə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Bundan başqa X3 xx.xx.2000-ci il tarixində 2 nömrəli Quba rayon Notariusunda alqı-satqı müqaviləsi bağlamaqla həmin torpaq sahəsindəki payını ona satmışdır. Ümumi sahəsi 0,54 ha olan bu torpaq sahəsinin digər payçıları da öz paylarına düşən hissəni ona satdıqları üçün bu torpaq sahəsi bütünlüklə iddiaçının faktiki istifadəsindədir. İddiaçı müvafiq sənədləri cavabdeh təşkilata təqdim etmiş ona xx.xx.2020-ci il tarixdə JN 0032 KOD- 30329068 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.54 ha olan pay torpağına dair AA N-519830 nömrəli çıxarış verilmiş və lakin bu çıxarışda Z.Ağakişiyevanın payı ayrıca qeyd olunmuşdur. Halbuki Z.Ağakişiyevanın digər ailə üzvləri öz paylarına düşən torpaq sahələrini ona satmışlar, torpaq sahəsinin əvvəlki payçıları olmuş Ağakişiyeva Bahar ailə qurub başqa rayona köçmüş və dünyasını dəyişmiş atası Nöhbalanın payını vərəsəlik qaydası ilə qəbul etmiş və hər iki payını iddiaçıya satmış və iddiaçı da 1998-ci ildən bəri həmin üç paydan ibarət, cəmi sahəsi 0,54 hektar olan torpaq sahəsində dənli bitkilər əkir, göründüyü kimi Z.Ağakişiyeva öz payını sağ ikən ona satmış və Ağakişiyev Nöhbala 1999-cu ildə, Zənfıra isə 2011-ci ildə vəfat etmişlər.Torpaq sahəsi uzun illərdir ki, onun faktiki sahibliyindədir və bu əsasla da iddiaçı vaxtı ilə Z.Ağakişiyevadan aldığı 1/3 hissə üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız səbəblər gətirməklə onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinasını tamamilə qanunsuz və əsassız hesab edir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Quba rayonu,Təngəaltı kəndində yerləşən 0.54 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınını dövlət reyestrində qeydiyyata alınmasına dair 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə müraciət etmişdir. Ərizəyə xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-M-0326-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Araşdırma zamanı məlum olmuşdur ki, ərizənizə Quba rayon 2 saylı notanut kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilə və Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-176 saylı qətnaməsi əlavə olunmuşdur.Bildiririk ki, ərizəyə əlavə edilmiş Quba rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilədə və Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-176 saylı qətnaməsinin qət hissəsində JN-0032 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş 0.54 ha torpaq sahəsinin X2 məxsus 1/3 (0.18 ha) hissəsinin İddiaçı satılmasına dair məlumatlar qeyd olunmamışdır.Qeyd edirik ki, Quba rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqaviləsində fərqli olaraq alqı-satqı predmeti JN-102 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 943.98 kv.metr və 2602.33 kv.metr göstərilmişdir.Bundan əlavə, Quba rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-176 .saylı qətnaməsinin qət hissəsində JN-0032 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında torpaq sahəsinin satılması əks olunmamışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.Bununla bağlı sizə xx.xx.2022-ci il tarixli **********39 qeydiyyat nömrəli məktubla münasibət bildirilmişdir.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-M-0326-8/2023 nömrəli imtina məktubu, etirazı, JN- 0032 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surəti DƏDKR tərəfindən verilmiş **********99 reyestr nömrəli çıxarışın surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubu, Quba Rayon Məhkəməsinin 1-6142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, Quba rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilənin surəti, Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-21-3- 34/2-M-0326-8/2023 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin hallarından görünür ki, iddiaçı ilə X3 arasında xx.xx.2000-ci ildə Quba rayon Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına çıxarışın verilməsi tələbini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat təqdim edilən sənədlərdə uyğunsuzluğun olması səbəbindən onun müraciətini müsbət həll etməmişdir. Bu səbəbdən də ehtimal olunan pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. DƏDKR tərəfindən verilmiş **********99 reyestr nömrəli çıxarışın surətindən görünür ki, mübahisəli Quba rayonu Təngəaltı kəndində yerləşən 0.54 ha torpaq sahəsinin 0.36 ha hissəsində iddiaçının, 0.18 ha hissəsində isə X1 payları dövlət qeydiyyatına alınmışdır. İddiaçı ona müqavilə əsasında satılmış mübahisəli torpaq sahəsinin 0.18 ha hissəsini də öz adına rəsmiləşdirmək niyyətindədir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqavilədə və Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-176 saylı qətnaməsinin qət hissəsində JN-0032 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş 0.54 ha torpaq sahəsinin X2 məxsus 1/3 hissəsinin İddiaçı satılmasına dair məlumatlar qeyd olunmamışdır. Eyni zamanda Quba rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli müqaviləsində fərqli olaraq alqı-satqı predmeti JN-102 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 943.98 m2 və 2602.33 m2 göstərilmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-176 nömrəli qətnaməsinin qət hissəsində JN-0032 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında torpaq sahəsinin satılması əks olunmamışdır. Təqdim edilmiş sübutlardan göründüyü kimi, hüquqmüəyyənedici sənədlərdə olan uyğunsuzluqlar iddiaçının tələbinin təmin edilməsi indiki halda mümkün deyildir. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin ona qanunauyğun qaydada satılmaması öz təsdiqini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq şəhadətnaməyə əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona Quba rayonu Təngaltı kəndində yerləşən və X3 tərəfindən xx.xx.2000-ci ildə Quba rayon Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında ona satılmış 0,18 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar