Məhkəmə qərarları › İş №2-1(118)-1327/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1327/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1327/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2013-cü il tarixində ona hərbi qulluqçu, xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2015ci il tarixdə o, yenidən xidmətə daxil olmuşdur. Xidmətə qayıtdıqdan sonra ona təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. O, pensiya ödənişinin nə üçün dayandırıldığını pensiya təyinatını aparan orqandan soruşduqda isə ona izah olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən yenidən xidmətə qəbul olunmuşdur və bu səbəbdən də pensiyanın ödənişi dayandırılmalıdır. O da inzibati orqanın cavabına etimad göstərmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, vaxtilə ona təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əslində o, yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiyanı almalı idi. O, aldadıldığını başa düşdükdən sonra xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə və birdəfəlik ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edilsə də keçmiş müddət üçün üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 23 oktyabr 2013-cü il tarixli 49 nömrəli məlumat vərəqinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ona 26 sentyabr 2013-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. 9 dekabr 2015ci il tarixindən yenidən xidmətə cəlb olunmuşdur. Bununla əlaqədar olaraq ona pensiya Ödənişi həmin tarixdən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Sözügedən Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1 -dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi cari ilin avqust ayında tam məbləğdə (608,31 manat) bərpa olunub və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün 22103,43 manat fərq məbləği və 425,81 manat maddi yardım məbləği hesablanıb. Cari ilin avqust ayında həmin fərq məbləğinin 597,39 manat hissəsi və 425,81 manat maddi yardım məbləği, daha sonra sentyabr ayında isə 597,39 manat hissəsi ona ödənilib. Qalan 20908,65 manat hissəsinin isə onun Mərkəzi Filiala müraciətini nəzərə alaraq cari ilin oktyabr, noyabr və dekabr aylarında hissə-hissə (hər ay 6969,55 manat) pensiyanın üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Eyni zamanda bildiririk ki, xx.xx.2022-ci il tarixində İddiaçı yenidən xidmətdən ehtiyata buraxılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 26 avqust 2022-ci il tarixli 666 nömrəli yeni məlumat vərəqinə əsasən pensiyası yenidən hesablanaraq 1458,49 manat məbləğində müəyyən edilmiş və 29 iyul 2022-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 1960,90 manat fərq məbləğinin (178,26 manat maddi yardım fərq məbləği ilə birlikdə) cari ilin noyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 980,45 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-145,85 manat maddi yardım ödənilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 06144684 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 02 sentyabr 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən məcburetmə haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxxxx 1973-cü il təvəllüdlü olmaqla, ona müraciəti əsasında cavabdeh tərəfindən 26 sentyabr 2013-cü il tarxidə hərbi qulluqçu kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 09 dekabr 2015-ci ildə yenidən xidmətə qayıtmışdır. Lakin o, işinə qayıdan zaman cavabdeh orqan tərəfindən ona verilən pensiya dayandırılmışdır. İddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması inzibati iş materiallarında olan pensiya işi ilə də təsdiq edilir. İddiaçı cavabdeh orqana müraciət edərək xx.xx.2013-cü il tarixində iddiaçıya təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən ödənilməsini istəmişdir, lakin cavabdeh orqan 02 sentyabr 2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası tamamilə əsassızdır. Belə ki, inzbati işin mahiyyətindən də göründüyü kimi, hal-hazırkı mübahisə məhz iddiaçının yenidən xidmətə qəbul edildikdən sonra ona 26 sentyabr 2013-cü il tarixindən təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanuni olub-olmaması ilə bağlıdır ki, məhkəmə həmin ödənişlərin aparılmamasının qanunsuz olması qənaətindədir və bununla bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci amddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 30.1-ci amddəsinə əssən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunun 37.1-ci maddəsinə görə əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Qanunun 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılması əsası kimi çıxış etmir. Əksinə, yuxarıda adıçəkilən müddəanın tələbindən də müəyyən edilir ki, şəxsə əmək pensiyası təyin edildiksən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçıları statusu müəyyən etməklə, şəxsin əmək pensiyası təyin edildiksən sonra əmək fəaliyyətini həyata keçirməsi nəzərə alınmaqla və daha sonradan işləməyən əmək pensiyası statusu müəyyən edildiyi təqdirdə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Beləliklə cavabdeh orqan heç bir qanuni və əsaslı səbəb olmadan 26 sentyabr 2013-cü il tarixli əmək pensiyasının təyinatını iddiaçının xidmətə bərpası əsası ilə dayandırmış, şəxsin işləyən əmək pensiyaçısı statusunu nəzərə almamış, əmək pensiyası həmin dövrdə də ödəməli olmasına baxmayaraq, ödənişləri iddiaçı xidmətdən öz arzusu ilə xaric edildikdən sonra yenidən təyinat aparmaqla əldə etməyə nail olmuşdur. Halbuki, iddiaçı işləyən əmək pensiyaçısı statusuna malik olduğu dövrdə də həmin ödənişləri əldə etməli idi. Məhkəmə həmçini qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi prosessual hüquqi baxımdan da əsaslıdır. Məhkəmə prosessual baxımından gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri həyata keçirilməlidir. Hazırki iş üzrə isə faktiki olaraq iddiaçının əmək pensiyasının ödənişləri dayandırılsa da, bununla bağlı heç bir inzibati akt qəbul edilmımiş, ödənişlər əsaslandırılmış inzibati akt olmadan faktki xarakterli hərəkətlərlə əsaslandırılmışdır. Məhkəmə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırki iş üzrə iddianın təminini istisna edən hal kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqindən söhbət gedə bilməz. Belə ki, maddəsnin redaksiyasından da görünür ki, 32.1-1. Əmək pensiyalarıonu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2-ci maddəyə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Eyni zamanda nəzərə alınmalıdır ki, “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022ci il tarixli qərarında qeyd edilmişdir ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “mürciət edilən tarixdən əvvəlki ən çoxu üç ili ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixndən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanmasını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixindı yeni məzmunda əlavə edilmş 32.1-2-ci maddə isə inzibat orqana 2019cu il yanvarın 1dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidın hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun32.1- 1-ci maddəsinin tələblərini şamil edilmir, yıni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir. Göründüyü kimi istər cavabdehin istinad etdiyi müddəa, istanad etməsə belə Konstitusiya Məhkəməsi tərəfindən şərh verilmiş müddəa pensiyanın təyini və yenidən hesablanması ilə əlaqədar ödənişlərin təyinatı məsələsinə müddətlə bağlı məhdudiyyətin gətirilib-gətirilməməsi ilə bağlıdır. Hazırki iş üzrə tələb edilən ödəniş isə nə əmək pensiyasının təyini, nə də əmək pensiyasının yenidən hesablanması ilə bağlı olmadığından müddətlə bağlı məhdudiyyətin tətbiqini istisna edir. İnzibati işin faktiki hallarından da görünür ki, hazırda iddiaçı tərəfindən ödənilməsi tələb edilən ödəniş heç bir inzibati akt olmadan inzibati orqanın maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan səhvi nəticəsində dayandırılmış pensiya ödənişlərinin bərpası ilə bağlıdır ki, bununla bağlı iddiaçının müraciətinə məhdudiyyət gətirən hər hansı norma mövcud deyil və mülkiyyət hüququnun tərkib hissəsi kimi iddiaçı ona ödənilməli olan, lakin cavabdeh orqan tərəfindən ödənilməmiş ödənişləri müddət məhdudiyyəti olmadan tələb etmək hüququna malikdir. Həmin ödənişlərin ödənilməli olmasının maddi və prosessual hüququ əsası fərqli olması səbəbindən də hazırki mübahisə nə 32.1-1-ci maddənin, nə də 32.1-2-ci maddənin tətbiqindən söhbət gedə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbuledilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı tələbin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2013cü il tarixində İddiaçı təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2013-cü il tarixində İddiaçı təyin edilmş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2015-ci il tarixdən avqust 2019-cu il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar