Məhkəmə qərarları › İş №2-1(118)-133/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-133/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-133/2021 08.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “ona 20 min manat kompensasiyanın, 15 min manat maddi və 12 min manat mənəvi ziyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qeyd etdi ki, o, Şamaxı ərazisində Acıdərə yaxınlığında Çıraqlı Bələdiyyəsindən (hal-hazırda Sabir Bələdiyyəsi adlanır) xx xxxxxx 2007-cı il tarixli 02 saylı Qərarı ilə aldığı tikinti məqsədi üçün 40 m2, kənd təsərüfatə məqsədi üçün 10 m2 cəmi 50 m2 torpaq sahəsində ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8,0x5,0 metr ölçüdə mağaza tikilməsinə icazə verilməsini xahiş etmişdir. Şamaxı rayon İcra hakimiyyət başçısının 54 saylı, xx xxxx 2007-cı il tarixli sərəncamı ilə Qobustan rayonu Təklə kənd sakini X8 Şamaxı rayonunun Acdərə yaxınlığında, Bakı-Qazax magistiral yolunun şərq hissəsində yolun mühafizə zonası (60 metr) gözlənilməklə ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 8,0x5,0 metr ölüçüdə mağaza tikilməsinə icazə verilmişdir. Həmin ölçüdədə mağaza tikmişdir.X7 Agentliyi Bakı-Qazax magistiral yolun genişləndirilməsi ilə bağlı mənim mağazama gedən yolu tamami ilə kəsilmiş, mənim mağazama gələn yol tamami ilə əlaqələr kəsilmiş, 10 metrdən yuxarı sədd qoyulmuş, bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Foto şəkildən görünür ki, onun mağazası torpaq altında qalmışdır. (fotoşəkillər əlavə edilir) O 6 nəfər ailə üzvülərilə birlikdə həmin mağazandan əldə olunan gəlirlə dolanırlar. Ondan əlavə Seymur adlı şəxsində 6 nəfər ailə üzvləri də həmin mağazadan gələn gəlirlə dolanırdılar. Yolun genişləndirilməsi ilə bağlı dolanacağı tək yeri olan ət mağazası plana düşərək, 10 metr onun mağazası torpaq altında qalmışdır və onların işləməyini məhdudlaşdırmışdır. Onlar artıq 1 ildən çoxdur ki, işsiz qalmışıq, az yaşlı övladlarını məktəb ləvazimatlarını, paltarlarını, gündəlik tələbatlarını ödəyə bilmirlər. X1ra nə kopmpinsasiya nə də digər yerlə təmin etmir ki, onlar da öz ailələrini dolandırsınlar. Kopmepinsasiya verilməsi barədə qətnamə çıxarılmasını, ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün 1000 manat, mağaza üçün 13000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, Şamaxı rayon İcra Hakimiyyətinin 54 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı və Çıraqlı Bələdiyyəsinin 02 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən X3na Bakı-Qazax magistral yolunun şərq hissəsində mühafizə zonası (60 metr) gözlənilməklə ət və heyvandarlıq məhsulların satışı məqsədi ilə mağaza tikilməsinə icazə verilməsi üçün torpaq sahəsi ayrılmışdır. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tərəfindən ona məxsus Bakı-Şamaxı-Yevlax magistral yolunun şərq hissəsinin mühafizə zonasında iddiaçıya məxsus yerləşən ət dükanına gedən yol tamamilə kəsilmiş, 10 metrdən yuxarı sədd qoyulmuş, mağaza torpaq altında qalmış, və bununlada ona maddi və mənəvi ziyana görə cəmi halda 47.000 (qırx yeddi min) manat məbləğinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia ilə razı deyilik və aşağıdakı sadalanan qanunda olan müddəalara və mülkü işdə olan sübutlara əsasən etirazımızı bildiririk. İddiaçının iddia ərizəsində qeyd etdiyi tikili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmişdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya cavab verilmişdir ki, sahəyə baxış keçirilən zaman müəyyən edilmişdir ki ət dükanın magistral yola giriş-çıxışla bağlı heç bir problem aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1 -ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göründüyü kimi, iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Göstərilənlərə əsasən hesab edirik ki, X3na vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şamaxı Rayon İcra başçısının xx.xx.2007-ci il tarixli, 54 nömrəli sərəncamın surəti, X5 (hal-hazırda Sabir Bələdiyyəsi adlanır) xx xxxxxx 2007-cı il tarixli 02 saylı qərarının surəti, Torpağın alğı-satqısına dair aktın surəti, Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, A-3/13-869 nömrəli imtina məktubu, etiraz ərizəsi, “X13” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, CEG-M169 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şamaxı rayonunun Çıraqlı bələdiyyəsi tərəfindən X8 Şamaxı rayonunda yerləşən Acıdərə ərazisi yaxınlığında, Bakı- Qazax magistral yolunun şərq hissəsində qeyri yaşayış obyektinin inşa edilməsi üçün 50 m2 torpaq sahəsi satılmışdır. Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli 54 saylı Sərəncamına əsasən X8 həmin torpaq sahəsi üzərində heyvandarlıq məhsullarının satışı üçün mağaza inşa edilməsinə icazə verilmişdir. Qeyd olunan Sərancam əsasında X10 mağazanı inşa edərək yol tikintisi başlanan günədək istifadə etmişdir. İddiaçının sahibliyində olan torpaq sahəsi və qeyri-yaşayış obyekti M-4 Bakı- Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi zamanı tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli, A-3/13-869 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Yol sahəsi genişləndıikdən sonra X10 ona kompensasiyanın verilməməsini bəhanə edərək, yenidən həmin yerdə mağaza inşa etmişdir. Lakin həmin mağaza yolların mühafizə ərazisinə düşməsi səbəbindən mağaza yenidən sökülmüşdür. Hal hazırda həmin torpaq sahəsinin üzərində hər hansı bir tikili mövcud deyil. İşin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan onun sahibliyində olan torpaq sahəsi və üzərində tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı cavab məktubunda dükanın yolun təhkim zolağından kənarda yerləşməsi səbəbindən ona kompensasiyanın ödənilməsindən imtina etmişdir. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiya ödənilməli olduğu halda müxtəlif bəhanələr gətirilərək iddiaçıya nəzərdə tutulmuş kompensasiya ödənilmir. Buna görədə iddiaçı məhkəməyə müraciət edərək, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən ona verilməli olan kompensasiyanın cavabdeh təşkilatdan tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştrakı ilə torpaq sahəsinin və üzərində yerləşmiş mağazanın dəyəri ilə bağlı ekspertiza təyin edilmiş və “X13” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, CEG-M169 nömrəli Qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, iddiaçının sahibliyində olan yolun tikinti altına düşən 50 m2 torpaq sahəsinin dəyəri 1.000 manat, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinin bazar dəyəri isə 13.000 manat, ümumilikdə iddiaçıya ödənilməli olan məbləğ isə 14.000 manat təşkil edir. Müvafiq ekspertin rəyi kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin və üzərində yerləşən mağazanın dəyəri müəyyən olunmuşdur. Bundan başqa ekspertiza rəyində X2 verilmiş torpaq sahəsinin Bakı-Qazax yolunun mühafizə zolağında yerləşməsi və istifadə üçün tam yarasız olması bildirlmişdir. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının sahibliyində olan torpaq sahəsi və üzərində mövcud olmuş qeyri-yaşayış obyekti M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi zamanı tikinti altına düşdüyündən həmin əmlakların dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı-Qazax magistral yolunun şərq hissəsində yerləşən 50 m2 torpaq sahəsi və üzərində mövcud olmuş qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 14.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı-Qazax magistral yolunun şərq hissəsində yerləşən 50 m2 torpaq sahəsi və üzərində mövcud olmuş qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 14000 (on dörd min) manat məbləğində kompensasiyanın X8 ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhərində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar