Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1334/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində DSMF Publik Hüquqi şəxsin 3 saylı regional ərazi filialına qarşı “cavabdehin 17.05.2021-ci il tarixli, **********5 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01.07.2013-cü il tarixdə 38 saylı Quba-Qusar TSEK tərəfindən üçüncü dərəcəli əlillik təyin edilmiş, AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi tərəfindən 24.07.2013-cü il tarixdən ona prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. 21.01.2021-ci il tarixidə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyanın yenidən hesablanması barədə etdiyi müraciət əsasında onun pensiya işinə yenidən baxılmış və prokurorluq orqanlarının əməkdaşı kimi onun əmək pensiyası hüququnun olmaması bildirilmiş, bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etsə də ilk öncə daxili araşdırma aparıldığı, sonra isə ona təyin olunmuş pensiyanın təyinatının düzgün müəyyən olunmadığını söyləmişlər. Bununla əlaqədar pensiya ödənişi 31.01.2021-ci il tarixindən dayandırılmış və ümumi əsaslarla pensiya təyin olunması üçün onun şəxsi işi DSMF-nin 3 saylı regional ərazi filialına göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən 17.05.2021-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıdan 24.07.2013-cü il tarixdən 31.01.2021-ci il tarixə qədər 29692.48 (iyirmi doqquz min altı yüz doxsan iki manat qırx səkkiz qəpik) manat artıq ödənilmiş pensiya məbləğinin 10 gün müddətində cavabdehə ödənilməsi qərara alınmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Mübahisə predmeti olan qərara nəzər yetirdikdə aydın olur ki, həmin qərar cavabdehin iddia etdiyi kimi artıq ödənilmiş pensiyanın geri tələb olunması ilə bağlıdır. Lakin artıq ödənilmiş pensiyanın geri tələb edilməsi qaydası “İnzibati icraat haqqında” AR Qanunu ilə deyil “Əmək pensiyaları haqqında” AR Qanunu ilə tənzimlənir. Həmin Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı və məhkəmə qaydasında. Lakin hər iki hal mövcud olmamış və cavabdeh inzibati orqan asan yola baş vuraraq özü inzibati qaydada qərarla məsələni həll etmək istəmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçıya təyin olunmuş əlilliyə görə əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş, təyinat məhz həmin orqan tərəfindən verilmiş və aylıq pensiya məbləği inzibati orqanın məsul şəxsləri tərfindən hesablanmışdır. Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşasa o zaman həmin məsuliyyəti iddiaçı deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni, mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. Bundan başqa, əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və y a etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Bunlardan başqa qeyd etmək istəyir ki, hətta cavabdehin iddia etdiyi kimi onun barəsində qəbul edilmiş inzibati akt qanunsuz olsa belə bu akt iddiaçı üçün qanunsuz əlverişli inzibati akt olmuşdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin qanunun 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunmam hüququna malikdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt qanunsuz olsa belə iddiaçı üçün əlverişli olmuş və iddiaçının etimadının qanunla qorunmasına ehtiyac vardır ki, cavabdeh tərəfindən iddiaçının hüquqları kobudcasına pozulmuş və sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, DSMF-nin Quba rayon şöbəsi tərəfindən İddiaçı 24.07.2013-cü il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi əlilliyə görə (lİl qrup) 501.89 manat məbləğində əmək pensiyası təyin edilmiş və 21.01.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının 21.01.2021 -ci il tarixində Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciəti əsasında ( yenidən hesablama barədə ) pensiya işinə yenidən baxılmış və İddiaçı prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyası hüququnun olmadığı aşkarlanmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının 19.04.2021-ci il tarixli **********7 nömrəli qərarına əsasən İddiaçı pensiya işi 31.01.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya Fondun 3 saylı regional ərazi filialı tərəfindən sənədlər əsasında 06.05.2021-ci il tarixdə 619.22 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən əmək pensiyası təyin olunan zaman iddiaçının pensiya işinə yenidən baxılmış və vətəndaşa 24.07.2013-cü il tarixdən 31.01.2021-ci il tarixədək kimi 29692.48 ( iyirmi doqquz min altı yüz doxsan iki manat 48 qəpik ) manat məbləğində artıq ödənilmiş əmək pensiyası olduğu aşkar etmişdir. Qeyd etmək lazımdır ki, 01.07.2017-ci il tarixinə kimi qüvvədə olan “ Əmək pensiyları haqqında ” Qanunun 37.3.2-cı maddəsinə əsasən əlilliyə görə əmək pensiyası işləyənlərə yalnız pensiyanın baza hissəsi olmaqla ödənilirdi. 01.07.2017-ci il tarixdən isə Qanuna edilmiş dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinatlar, təqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçiran müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial iddiaçıya 24.07.2013-cü il tarixdən-31.01.2021-ci il tarixədək olan dövr üzrə heç bir əsas olmadan ödənilmiş 29692.48 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, Borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; Tərəfimizdən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. İstinad olunan maddənin mənasından göründüyü kimi inzibati aktın dayandırlmasına dair qərardadın qəbulu işin uğurlu olacağı təqdirdə mümkündür. Qeyd olunanların qarşılıqlı təhlilindən də göründüyü kimi Fondun 3 saylı regional ərazi filialı pul tələbinin icraya yönəldilməsi haqqında qərarın qəbulunda qanunvericiliyin tələblərinə riayət etmiş və haqlı olmuşdur. Qeyd edilənləərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - Cavabdehin 17.05.2021-ci il tarixli, **********5 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarı, cavabdehin etirazı və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 01.07.2013-cü il tarixdən üçüncü dərəcəli əlillik təyin edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi tərəfindən 24.07.2013-cü il tarixdən ona prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. 21.01.2021-ci il tarixidə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyanın yenidən hesablanması barədə etdiyi müraciət əsasında onun pensiya işinə yenidən baxılmış və prokurorluq orqanlarının əməkdaşı kimi onun əmək pensiyası hüququnun olmaması bildirilmiş, bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etsə də ilk öncə daxili araşdırma aparıldığı, sonra isə ona təyin olunmuş pensiyanın təyinatının düzgün müəyyən olunmadığını bildirilmişdir. Bununla əlaqədar pensiya ödənişi 31.01.2021-ci il tarixindən dayandırılmış və ümumi əsaslarla pensiya təyin olunması üçün onun şəxsi işi DSMF-nin 3 saylı regional ərazi filialına göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən 17.05.2021-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıdan 24.07.2013-cü il tarixdən 31.01.2021-ci il tarixə qədər 29692.48 (iyirmi doqquz min altı yüz doxsan iki manat qırx səkkiz qəpik) manat artıq ödənilmiş pensiya məbləğinin 10 gün müddətində cavabdehə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Cavabdeh DSMF Publik Hüquqi şəxsin 3 saylı regional ərazi filialı həmin qərarın qanunvericiliyə uyğun olaraq qəbul edildiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 17.05.2021-ci il tarixli, **********5 nömrəli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsində subyektiv hüququ yoxdur. Cavabdeh təşkilatın iddia tələbinin rədd edilməsinə dair arqumentə münasibətdə, məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən 17.05.2021-ci il tarixli, **********5 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Publik Hüquqi şəxsin 3 saylı regional ərazi filialının 17.05.2021-ci il tarixli, **********5 nömrəli artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1334/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1334/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver