Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1336/2021 12.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X4 onun mükiyyətində olan Xaçmaz rayonu, Hacıəlibəy ərazi dairəsi, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X3 ilə keçmiş gəlini X1 Rayon Məhkəməsinin 2(067)-1993/2019 saylı, 07.10.2019-cu il tarixli qətanməsi ilə boşanmışlar. Boşanmadan bir neçə müddət əvvəl Aytən Tahirova uşaqlarını da götürüb Quba rayonu, Hacıqayı kəndində yerləşən atası evinə getmiş və hazırda da orada yaşayır. İddiaçının oğlu yenidən ailə qurmuşdur. X10 iddiaçının evindən istifadə hüququ yoxdur. Xaçmaz Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(067)-1272/2020 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə Aytən Tahirovanın evdən istifadə hüququnun tanınması ilə bağlı iddiası rədd edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı ilə X5 məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xaçmaz rayon Polis İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli imtina məktubu, daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış, Xaçmaz Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(067)-1272/2020 saylı və 07.10.2019-cu il tarixli 2(067)-1993/2019 saylı qətnamələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Xaçmaz rayonu, Hacıəlibəy ərazi dairəsi, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X5 iddiaçının keçmiş gəlinidir və o, qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(067)-1272/2020 saylı qətnaməsindən də müəyyən olunduğu kimi həmin şəxsin mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Onun mübahisəli evdə qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxsin sözü gedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil keçmiş qohumu olan İddiaçı mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxsin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X4 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalmaları yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 İddiaçı məxsus Xaçmaz rayonu, Hacıəlibəy ərazi dairəsi, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1336/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1336/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver