Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1337/2024 26.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evdə yerləşən 14 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə onun Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 saylı evdə yerləşən 14 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 saylı evdə yerləşən 14 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 saylı evdə yerləşən 14 saylı mənzil iddiaçının mərhum atası X4 işlədiyi müəssisə tərəfindən təxminən 1970-ci illərdə ayrılmış və atası bu mənzilin kirayəçisi olmuşdur. Atasına order əvəzi olan bir sənəd verilmiş, lakin həmin sənəd itirilmişdir. Atası O.Rüstəmov 2022-ci ildə dünyasını dəyişmişdir. Onun vəfatından sonra iddiaçı mənzil kirayə müqaviləsinin onun ailə üzvü kimi iddiaçının adına dəyişdirilməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, tələb olunan sənədləri təqdim etmiş və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2023-cii il tarixli 131 saylı sərəncamı ilə iddiaçı bu mənzilin kirayəçisi hesab olunmuş və həmin sərəncamda iddiaçı ilə müddətsiz kirayə müqaviləsinin bağlanılması Ceyranbatan MTİİTŞ-yə həvalə edilməklə əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı bu mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tam əsassızdır. Belə ki, bu mənzil iddiaçının mərhum atasına işlədiyi müəssisədən verilmiş və artıq neçə ildir ki, mənzil onların istifadəsindədir. Mənzil hazırda Abşeron rayon İcra hakimiyyətinin balansındadır və o da mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdır. O, faktiki olaraq mənzil kirayə münasibətlərini davam etdirməklə mənzil kirayə və kommunal xidmət haqlarını ödəyir. Abşeron rayon İcra Hakimiyyəti həmin mənzilə dair mərhum atasının adına verilmiş mənzil kirayə müqaviləsini hüquqmüəyyənedici sənəd kimi tanımış və xx.xx.2023-cü ildə həmin kirayə müqaviləsinin əsas kirayəçinin ölümü ilə bağlı digər ailə üzvlərindən birinin adına dəyişdirilməsinə razılıq vermişdir. Bu mənzildə qeydiyyatda olan 18 yaşdan yuxarı yaşı olan yaşayışçılar da mənzilin özəlləşdirilməsinə dair notarial qaydada razılıq ərizələrini vermişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5 ünvanında yerləşən 14 saylı mənzilə dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının 131 nömrəli sərəncamının 19 may 2023-cü il tarixdə verildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139- 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncam, order və va mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ücün əsas hesab olunur. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya imtina bildirişi verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 nömrəli evin 14 saylı mənzil İddiaçı daimi istifadəsinə verilmiş və o, mənzilin kirayəçisi hesab edilmişdir. - AZ-İİ № ******* seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X5 və X1 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5, mənzil 14 ünvanında qeydiyyatdadır. - X5 və X2 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5, 14 nömrəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmilrər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina bildirişi vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə görə dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Hazırki iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 5 saylı evdə yerləşən 14 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5-də yerləşən 14 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1337/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1337/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver