Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1338/2021 16.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X11, Cavabdeh2 Şıxmurad oğlunun nümayəndəsi və vəkili X12, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, X7, İddiaçı8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X10, İddiaçı3, İddiaçı4, X5, İddiaçı6, X15, İddiaçı8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2 Şıxmurad oğluna qarşı iddia qaldıraraq "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılardan İddiaçı1 nümayəndəsi və vəkili X19 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı İddiaçı1 nümayəndəsinə həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının və fiziki şəxsin cavabdeh olmasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili X19 izahatında bildirdi ki, onlar "xxxx" kiçik müəssisəsində işləyə-işləyə, müəssisənin direktoru ola-ola Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamı ilə "xxxx" kiçik müəssiəsinin bazasında "xxxx" MMC təsis edilmiş, bundan sonra Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamı ilə "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi qərara alınmışdır. Halbuki hər iki sərəncam əsassız qəbul edilmiş və həmin sərəncamlar onların hüquqlarını pozmuşdur. Onlara məxsus əmək kitabçalarının surətlərindən görünür ki, onlar Şahmehi kiçik müəssisəsinə köçürülmüşlər. Yəni onlar əvvəlcədən həmin zavodun işçisi olmuşlar, bundan sonra onlar həmin zavodun tərkibində yaradılmış müəssisəyə köçürülmüşlər. Bu da onu sübut edir ki, onlar həmin müəssisədə işləmişlər. Bundan başqa iddiaçıların həmin müəssisədən çıxmaları barədə heç bir yerdə qeyd edilməmişdir. Niftəli Fətəliyev isə həmin müəssisənin sex rəisi təyin edilmiş, ölənə kimi həmin müəssisənin sex rəisliyindən çıxması barədə heç bir məlumat aşkar edilməmişdir. "xxxx" kiçik müəssisəsi 30 may 2014-cü il tarixli 160 saylı sərəncamla "xxxx" MMC-yə çevrilmiş, bundan sonra 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamla "xxxx" MMC hərrac yolu ilə özəlləşdirilməsi qərara alınan vaxt Niftəli Fətəliyev sağ olmuş, 07 oktyabr 2018-ci il tarixdə vəfat etmiş, hər iki sərəncam verilərkən onlara heç bir məlumat verilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X13 izahatında bildirdi ki, "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının 24.02.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir, həmin sərəncam verilərkən hər hansı hüquq norması pozulmamışdır. "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilməklə və nizamnaməsi Quba Rayon İcra Hakimiyyəti başçısının 24.02.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə qeydə alınmaqla dövlət müəssisəsi olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçisi onun yenidən təşkili barədə qərar qəbul edə bilər və “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Xidməti) çıxış edir. Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsinə dair 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncam mülki və dövlət əmlakının idarə edilməsi haqqında qanunvericiliyə uyğun qəbul edilmiş və həmin sərəncamın etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.İddia ərizəsində iddiaçıların "xxxx" kiçik müəssisəsinin işçiləri olduğu və bu səbəbdən Əmlak Məsələləri Dövlət Komitəsinin 30.05.2014-cü il tarixli, 160 nömrəli sərəncamının qanunsuz olduğu qeyd edilmişdir. Bununla əlaqədar bildirir ki, iddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olub-olmaması məsələsi artıq bir dəfə məhkəmə araşdırmasının predmeti olmuş və buna qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Belə ki, hazırkı iddiaçıların "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın və onunla bağlı verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 29.10.2019-cu il tarixli, 2(105)-3450/2019 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(102)-2211/2020 nömrəli qərarında (5-ci səhifənin sonuncu abzası) qeyd edilmişdir ki, “işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların əsas iş yerinin "xxxx" kiçik müəssisəsi olması, onların həmin müəssisədə əvvəlki iş yerlərinə qayıtmaq hüquqlarını saxlamaları, eləcə də onların sonradan özəlləşdirilən həmin müəssisədə 7 ildən çox çalışmaları, həmin müəssisədən təqaüdə çıxmaları və 01 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunaraq işsiz kimi qeydiyyata alınmaları mülki iş materialları ilə təsdiq olunmur”. Eyni zamanda, Ali Məhkəmənin qərarında (8-ci səhifənin 3-cü abzası) qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıların hazırkı tələblə bağlı iddia qaldırmaq hüquqlarının (subyektiv hüquq) olması baxımından mübahisəyə hüquqi qiymət verib, düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmayıblar'’. Beləliklə, hazırkı iddiaçıların "xxxx" kiçik müəssisəsinin işçiləri olub-olmaması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilərək, iddiaçıların həmin müəssisənin əmək kollektivinin üzvləri olmadığı, bu səbəbdən müəssisənin özəlləşdirilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. İddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olmaması artıq qanuni qüvvəyə minmiş digər bir məhkəmə qərarı ilə təsdiq edilmişdir və həm iddiaçılar, həm də cavabdehlər həmin məhkəmə işinin tərəfləri olmuşdurlar. Bununla da iddiaçıların "xxxx" kiçik müəssisəsi ilə bağlı hər hansı hüquqi bağlılıqlarının olmadığı və bu səbəbdən həmin müəssisənin əsasında yeni bir müəssisənin yaradılması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa da malik olmadıqları öz təsdiqini tapır. Eyni zamanda, iddiaçıların "xxxx" MMC-nin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin 27.01.2017-ci il tarixli, 13 nömrəli sərəncamını da mübahisələndirməyə subyektiv hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə iddiaçıların "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olmadığı faktı təsdiq edildiyindən, onlar həmin müəssisənin hərracda digər şəxs tərəfindən özəlləşdirilməsinin qanuniliyini mübahisələndirmək üçün subyektiv hüquqa da malik deyildirlər. Digər tərəfdən, iddiaçılar özəlləşdirmənin qanuniliyini artıq bir dəfə məhkəmədə mübahisələndirmiş və həmin iddiaya Sumqayıt Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılaraq müəssisənin özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi, hərracın qanuni keçirildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan 03.07.2020- ci il tarixli qərarında (6-cı səhifənin 3-cü abzasında) qeyd edilmişdir ki, "... işdən görünür ki, sözügedən Cəmiyyət ("xxxx" MMC) dövlət əmlakı olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən sərəncamına əsasən özəlləşdirməyə açıq elan edilərək və bu barədə qanuni şəkildə “Mülkiyyət” qəzetinin 29 yanvar 2017-ci il və 04 mart 2017-ci il tarixli buraxılışlarında elan verilməklə müvafiq hərrac keçirilib və hərracda Cəmiyyət qanuni əsaslarla 100 000 manata Cavabdeh2 satılıb və hazırda əmlak kompleksi kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınıb”. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia əsassız olmaqla yanaşı iddiaçıların hazırkı iddianı məhkəmədə qaldırmağa subyektiv hüquqları da yoxdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilmsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Şıxmurad oğlunun nümayəndəsi və vəkili X20 izahatında bildirdi ki, iddiaçıların sərəncamların etibarsız sayılmasına dair iddiası subyektiv hüquqlarının olmaması və iddia müddətinin keçməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Hazırki işin materiaları ilə müəyyən olunur ki, iddiaçılar "xxxx" MMC sex rəisi X1 vərəsəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı8, X5, İddiaçı6, X14, X8, X7 cavabdehlər Cavabdeh2 Şıxmurad oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiaları üzrə Quba rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(027)-914/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində X17 ilə Cavabdeh2 Şıxmurad oğlu arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinin qismən - “qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə mahiyyəti üzrə baxılıb, mübahisiləndirilən qərarın qanuni olub-olmaması yoxlanılmamışdan əvvəl, iddiaçıların həmin qərarı mübahisələndirməklə bağlı subyektiv hüquqlarının olub olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözgüedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Belə ki, sadalanan məhkəmə aktarı ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli "xxxx" MMC-nin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli cəmiyyət onun bazasında yaradılıb, əvvəllər işçilərlə bağlanmış müqavilələr ləğv edilsə də, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMC əmək kollektivinin üzvü olmayıb və ümumiyyətlə həmin Cəmiyyət fəaliyyət göstərməyib. Bu isə iddiaçıların, hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamaları qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların hazırkı şərtlərdə sözügedən torpaq sahəsinə dair subyektiv hüququ mövcud deyildir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh qismində Cavabdeh2 Şıxmurad oğlunu qoymuşdur ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında fiziki şəxsin fiziki şəxsə qarşı iddialarına baxılması nəzərdə tutulmamışır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə iddia müddətinin ötürülməsi və digər mümkünlük şərtlərinə münasibətdə qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı hallarda digər mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmır. İddia müddətinin ötürüldüyü hallarda iddia müddətinin bərpa imkanı ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəzərdə tutulmuşdur. Subyektiv hüququn olmadığı zaman iddia müddətinin araşdırılmasının isə məntiqi əsası qalmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X3, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, X9, İddiaçı8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2 Şıxmurad oğluna qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1338/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1338/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver