Məhkəmə qərarları › İş №2-1(118)-1339/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1339/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1339/2021 05.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla, qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* saylı Çıxarış) iddiaçıya məxsusdur. Qeyri-yaşayış binasının yerləşdiyi 138,6 kv.metr torpaq sahəsi onun qanuni istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Ərizəsinə çıxarışın və texniki pasportun surətlərini əlavə edərək, 16.05.2021-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş və istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Ərizəsində bildirmişdir ki, ƏMDX tərəfindən müvafiq sənədlər və torpağın dəyərinin ödənilməsi barədə hesab təqdim olunan kimi torpağın dəyərinin dərhal Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsinə təminat verir. Lakin ƏMDX 25.05.2021-ci il tarixli, **********91 saylı məktubla torpaq sahəsinin ona satılmasından imtina etmiş, imtinanın səbəbi kimi göstərmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tərəfindən təqdim edilmiş sənədlərə adıçəkilən torpaq sahəsinə dair aidiyyəti icra hakimiyyəti orqanının müvafiq torpaqayırma sərəncamı və ayrıc aktı əlavə olunduqdan sonra müraciətdə qeyd edilən məsələyə baxıla bilər”. İmtina tam əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 5-ci hissəsində öz səlhiyyətləri daxilində icra, hakimiyyəti orqanlarının qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktları, qəbul etmək hüququ müəyyən edilmişdir. “Normativ-hüquqi aktlar haqqında” Qanunun 3.3-ciı maddəsində icra hakimiyyəti orqanlarının qərarları normativ xarakterli aktlar sisteminə daxil edilmişdir. Hal-hazırda ƏMDX dövlət əmlakının özəlləşdirilməsi sahəsində icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirir və öz səlahiyyətləri daxilində onun qanuni istifadəsində olan torpağı ƏMDX ona satmalıdır. 25 may 1991-ci ildə “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” AR-nın Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin Qanımla suveren dövlət kimi Azərbaycan Respublikası özünün iqtisadi müstəqilliyini müəyyən etməklə özünün ərazisində olan bütün təsərrüfat subyektlərinin fəaliyyətinə dövlət nəzarətini və hüquqi tənzıımləməni öz üzərinə götürməklə bu funksiyaları həyata keçirmək hüququnun ancaq Azərbaycan Respublikasının müvafiq orqanlarına aid olmasını elan etmişdir. Eləcə də, məlum olduğu kimi, həmin Qanunun qəbulu ilə əlaqədar Azərbaycan Respublikasında yeni iqtisadi və mülkiyyət münasibətləri yaradılmış, nəticə etibarı ilə SSRİ-dən qalma planlı iqtisadi münasibətlərdən bazar iqtisadi münasibətlərinə keçilmişdir. Planlı sovet iqtisadiyyatından bazar iqtisadi münasibətlərinə keçərkən kiçik və orta özəlləşdirilmənin aparılması dövlətin iqtisadiyyatının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin vətəndaşların xüsusi mülkiyyəti altında olmaqla, onların qanuni istifadəsində olan torpaq sahələrinin onlara satılması nəticəsində dövlət büdcəsinə maliyyə vəsaiti daxil olur ki, əslində ƏMDX dövlət büdcəsinə gəlirlərin artırılması məqsədi ilə bu kateqoriya torpaqların onların istifadəçilərinə satılmasında maraqlı olmalı və həmin torpaq sahələrinin vətəndaşlar tərəfindən satın alınması üçün müvafiq iş aparmalıdır. Bunun əvəzində isə ƏMDX əsassız bəhanələrlə onun xüsusi mülkiyyətinin altında olmaqla, onun qanuni istifadəsində olan torpaq sahəsini ona satmaqdan imtina edir. Hüquqi cəhətdən istifadəsinə verilmiş 138,6 kv.metr torpaq sahəsinin faktiki olaraq özəlləşdirilərək, xüsusi mülkiyyətinə verilməməsi dövlətimizin apardığı sahibkarlığın inkişafına köməklik göstərilməsi siyasəti ilə ziddiyyət təşkil edir. Yuxarıda göstərilənlərdən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin mənim qanuni istifadəmdə olan torpaq sahəsini həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətində olan daşınmaz əmlak olmasına baxmayaraq, ona satmaması Xidmətin vəzifəli şəxslərinin qanunusuz hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Göstərilən səbəblərdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı 16.05.2021-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər müraciətə əlavə edilmədiyindən, Əmlak Məsələləri Dövlət Xidmətinin 25.05.2021-ci il tarixli, **********91 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək zəruri sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.12.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi aşağıdakı sənədləri təqdim edir: - Ərizə; hüquqi şəxsin nizamnamə kapitalında 80 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Buna baxmayaraq, iddiaçı qanunvericiliklə tələb edilən yuxarıda qeyd edilən sənədləri müraciətinə əlavə etməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin özəlləşdirilməsindən imtina edilməmiş, yalnız qanunvericiliklə müəyyən olunmuş zəruri sənədlər təqdim edildikdən sonra iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Qeyd olunanlara əsasən iddia mümkün sayılmaması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 25.05.2021-ci il tarixli, **********91 saylı imtina məktubu, etiraz ərizəsi, Daşınmaz Əmlakın Texniki Pasportu və çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Əmlakın plan və ölçüləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarış) İddiaçı məxsusdur. Mübahisə predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə İddiaçı Azərbaycan Respublikası ƏMDX müraciət etmiş, lakin müsbət cavab almadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddianın təmin edilməməsinin əsası kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə adıçəkilən torpaq sahəsinə dair aidiyyəti icra hakimiyyəti orqanının müvafiq torpaqayırma sərəncamı və ayrıc aktı əlavə edilmədiyi göstərilmişdir. Məhkəmə yuxarıda müəyyən olunan hallara əsas gətirərək hesab edir ki, cavabdeh təşkilatın hazırkı iddia tələbi üzrə gətirdiyi arqumentlər əsassızdır. Nəzərə alınmalıdır ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 4-cü bəndə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüquqları vardır. 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Həmin Əsasnamənin 12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı sənədləri təqdim edir:Ərizə; Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. 13-cü bəndə görə Əmlak Məsələləri Dövlət Komitəsi ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin (obyektin) mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Beləliklə yuxarıda göstərilən normativ hüquqi aktların əlaqəli təhlilindən o nəticəyə gəlmək olar ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, “Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir. Bundan belə nəticəyə gəlmək olur ki, İddiaçı tərəfindən inşa edilmiş qeyriyaşayış binasının altında yerləşən və dövlətin mülkiyyətində olan torpaq sahəsinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq onun özünə satılması yolveriləndir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin İddiaçı tərəfindən satın alınması üçün bütün zəruri sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Lakin cavabdeh təşkilat iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin qanuni istifadədə olmamasını bəhanə edərək, iddiaçının tələbini yerinə yetirməkdən boyun qaçırmışdır. Hesab olunur ki, qeyd olunan torpaq sahəsinin iddiaçıya əvəzsiz istifadə üçün verilməsi istisna deyil. Ona görə də cavabdeh təşkilat tərəfindən formal tələblərə əsaslanmaqla iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin hüquqi əsas olmadan istifadə etməsi kimi gətirdiyi arqumentləri əsaslı hesab etmək olmaz. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat inzibati orqan olmaqla İnzibati İcraat haqqında Qanunun 13.2-ci maddəsinə əsasən mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında yerləşən 138,6 m2 torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar