Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-134/2024 11.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1105/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-305/2022 saylı, 23 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1105/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2825/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 və X20, 2-1(118)-2825/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 və X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 2 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsi iddiaçı - İddiaçı ayrılmış, xx.xx.2004-cü ildə JN-0048 KOD 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Sonradan 0,26 ha torpaq sahəsi üç hissəyə bölünmüş, 2013-cü ilin dekabr ayında ayrı-ayrı əmlak kimi daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. Lakin 0,17609 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda koordinat-cizgilər düzgün qeyd edilməmiş, xx.xx.2004-cü il tarixli, JN-0048 KOD 30801006 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı kordinatlarla uyğunsuzluq - fərq yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən mütəxəssislərə müraciət olunmuş və məlum olmuşdur ki, 2013cü ildə DƏDRX tərəfindən Daşınmaz Əmlakın Texniki Pasportu hazırlanarkən şimal hissədən, mövcud mağazanın yerləşdiyi torpaq sahəsi tam olaraq və ona bitişik tikilinin yerləşdiyi torpaq sahəsinin 132.0 kv.m. hissəsi və 0.17609 ha torpaq sahəsinin şimal hissəsində 23 kv.m. hissəsi JN-0048 nömrəli Dövlət Aktına əsasən Xırdalan Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 02 saylı Qərarı ilə iddiaçıya satılmış və JN-0048 nömrəli Dövlət Aktında öz əksini tapdığı halda, həmin hissələr texniki pasport tərtib olunarkən iddiaçının mülkiyyətindən, yəni Dövlət Aktında göstərilən cizgilər xaricində saxlanılmışdır. Həmçinin cənub-qərb hissədən mülkiyyətində olmayan 160 kv.m. torpaq sahəsi qeyri-yaşayış binasının Texniki Pasportuna əlavə edilmişdir. Bununla da iddiaçıya məxsus qeyri-yaşayış binasının bir hissəsi mülkiyyətindəki torpaq sahəsinin cizgiləri xaricində qalmış, eləcə də dövlətə məxsus uşaq bağçasının bir hissəsinə işlənilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmamış, əksinə iddiaçının ərizəsinin məzmununa uyğun cavablar verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin imtinası (hər halda məktubdan dəqiq anlaşımasa da ərizəmə müsbət cavab verilməmişdir) əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən (xx.xx.2004-cü il tarixdə) İddiaçı verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktı üç hissədən (JN-0048 nömrəli 0.17609 ha, 0.0304 ha və 0.053516 ha) ibarətdir. Ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən 0.0304 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli, **********17 reyestr nömrəsi ilə torpaq sahəsi kimi, 0.0535 ha və 0.17609 ha torpaq sahələri üzərində qeyri yaşayış binaları **********16-06301 və **********14-06301 reyestr nömrələri ilə xx.xx.2013-cü il tarixdə vətəndaş İddiaçı adına qeydiyyata alınaraq, çıxarış və texniki pasport faktiki vəziyyətinə uyğun verilmişdir. Məlumat üçün bildirik ki, vətəndaş İddiaçı iddia etdiyi torpaq sahəsi öz adına qeydiyyata alınmış qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudları xaricində yerləşir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın İnkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim edilən sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə aiddir: cavabdeh orqanın iddiaçıya ünvanladığı 30 mart 2021-ci il tarixli imtina məktubu; Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış; 10747 inventar nömrəli, **********14-06301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasport; JN 0048 KOD30801006 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surəti və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 30 mart 2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0.17609 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 530.2 kv.metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Qeyri-yaşayış sahəsinə dair 10747 inventar nömrəli, **********14-06301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasport sənədi də iddiaçının adına tərtib edilmişdir. Lakin iddiaçı JN 0048 KOD30801006 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə texniki pasportda göstərilən koordinatlar arasında uyğunsuzluq mövcud olduğundan cavabdeh orqana torpaq sahəsinin koordinatlarına dair uyğunsuzluğun aradan qaldırılması üçün müraciət etmiş, cavabdeh orqan tərəfindən 30 mart 2021-ci il tarixli məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın JN 0048 KOD30801006 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə texniki pasportda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsi 2(012)-425/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən aydın olur ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0.26 ha torpaq sahəsinin 51 kv.metr sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən X20 ilə İddiaçı arasında bağlanmış 01 may 2005-ci il tarixli və 0.26 ha torpaq sahəsinin 21.3 kv.metr sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə dair cavabdehlərdən X15 ilə İddiaçı arasında bağlanmış 01 may 2005-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və sözügedən qeyri-yaşayış sahələrinə dair hüquqların dövlət qeydiyyatında aparılmış qeydiyyatların ləğv edilməsini tələb etmiş, lakin Abşeron Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1730/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-425/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X20 istifadəsində olan qeyri-yaşayış sahəsini X4. Eyni zamanda iş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, üçüncü şəxs X6 rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə ünvanında yerləşən 17.8 kv.metr olan qeyri-yaşayış sahəsini X1. Məhkəmə sözügedən mübahisəli qeyri-yaşayış sahələrinə dair üçüncü şəxslər X21 və X7 hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlər cavabdeh orqan tərəfindən xx.xx.2023cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanının 2.3-cü bəndinə uyğun olaraq “torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdə ki, məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, meşə və konfiqurasiya fərqlərinin) Azərbaycan respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılacaqdır.” Bütün bunları nəzərə alaraq İddiaçı adına təqdim edilmiş mövcud istifadə vəziyyətinə uyğun olaraq Abşeron rayon, Xırdalan bələdiyyəsi tərəfindən təsdiqlənmiş Yerquruluşu planından çıxarışa (koordinatlarla) əsasən qeyri-yaşayış binasına Texniki pasport sənədinin verilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 10/3815, 06 oktyabr 2021-ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin xx.xx.2024-cü il tarixli, JN 0048 KOD30801006 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə İddiaçı ayrılmış 0.26 ha torpaq sahəsinin 1760.91 kv.metr hissəsinin cizgisində göstərilən hüdudları daxilində yerləşdiyi; xx.xx.2013-cü il tarixli seriya RX ******* saylı çıxarışa əlavə tərtib edilmiş daşınmaz əmlakın Texniki Pasportunda göstərilən cizgidə torpaq sahəsinin eninin dövlət aktında göstəriləndən çox olduğunu nəzərə alaraq həmin cizgidə qeyd olunan ölçülərin qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən uşaq bağçasının həyətinə düşdüyünün müəyyən olunduğu qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən həm iddiaçının, həm də üçüncü şəxslərin hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edildikdən sonra məhkəmə üst-üstə düşmə halının mövcud olub-olmaması aydınlaşdırmışdır. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1.İddiaçı verilmiş xx.xx.2004-cü il tarixli JN 0048 KOD30801006 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə xx.xx.2013-cü il tarixli seriya RX0305981 saylı çıxarışa əlavə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında fərq mövcuddur; 2.İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələri onun mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir, iddiaçıya verilmiş texniki pasportda göstərilən cizgilər başqa tikililərin (uşaq bağçasının) üzərinə düşmür;
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli (**********42-06301) X5 məxsus (əvvəl 01 05.2005-ci il tarixdə 625a qeydiyyat nömrəsi ilə 01 nömrəli kitabın 157-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsi və texniki pasport ilə X17 məxsus olmuş və satılmış) qeyri-yaşayış obyekti və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli X2 məxsus (əvvəl 21 12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********27-06301 reyestr nömrəli X3 məxsus olmuş və satılmış) qeyri yaşayış binası nə xx.xx.2013-cü il tarixli seriya RX ******* saylı çıxarışa əlavə tərtib edilmiş daşınmaz əmlakın Texniki Pasportunda göstərilən koordinatlar daxilində, nə də JN 0048 KOD30801006 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nda göstərilən koordinatlar daxilində yerləşmir.
4. İddiaçı ilə X15 və X20 arasında qeyri-yaşayış obyektlərinin alqı-satqısına dair xx.xx.2005-ci il tarixli müqavilələr bağlanarkən, satılmış qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri iddiaçının mülkiyyətində olmamışdır. Həmçinin torpaq sahəsində uyğunsuzluq müəyyən edildiyi halda, həmin uyğunsuzluğun hansı qaydada aradan qaldırılmasının mümkünlüyü barədə məlumat verilməsinə dair suala cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində belə münasibət bildirilmişdir ki, torpaq sahəsində uyğunsuzluq müəyyən edildiyi halda həmin uyğunsuzluğun hansı qaydada aradan qaldırılmasının mümkünlüyü barədə məlumat verilməsi əraziyə dair təhlil və sistemləşdirmə işləri başa çatdırıldıqdan sonra mümkün olacaqdır. Daha sonra məhkəmə işin hallarının hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6655 nömrəli ekspert rəyində cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilən hallar eynilə öz əksini tapmışdır. Bununla yanaşı iş üzrə təyin edilmiş əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X9 dövlət aktındaki koordinatların hazırki koordinatlarla uyğunlaşdırılması zamanı sürüşmə yarandığını bildirmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Məhkəmə qeyd edir ki, texniki pasport və plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olur ki, çıxarış əsasında İddiaçı mülkiyyətində olan ümumi sahəsi 530.2 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 0.17609 ha torpaq sahəsinin koordinatları ilə inventar nömrəsi 10747, reyestr nömrəsi **********14-06301 olan texniki pasportda qeyd edilən cizgilər arasında uyğunsuzluq mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada koordinatlarının müəyyən edilməsinə dair hərəkətsizliyin müşahidə edilməsi, sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2004cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva