Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1343/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən onun adına açılmış vergi uçotunun ləğv edilməsi və onun adına hesablanmış vergi məbləğinin silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsindən ünvanına daxil olmuş e-2-2(119)-259/2021 saylı iş üzrə 11 yanvar 2021-ci il tarixli bildirişdən məlum olmuşdur ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Ona məlum olmuşdur ki, vergi orqanı tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmış və beləliklə də onun adına vergi və cərimə hesablanmışdır. Vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeydiyyata alınmağından heç bir xəbəri və razılığı (ərizəsi) olmamış, eləcə də yuxarıda qeyd olunan məhkəmə bildirişi ünvanına daxil olanadək göstərilən bu halla bağlı vergi orqanı tərəfindən ona bu və ya digər məlumat da verilməmişdir. Bununla əlaqədar olaraq 25 yanvar 2021-ci il tarixində şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunaraq vergi ödəyicisi kimi qeydiyyatının ləğv edilməsi və ona hesablanmış vergilərin silinməsi xahiş olunmuşdur. Qeyd olunan şikayət üzrə Dövlət Vergi Xidmətinin İnzibati Şikayətlərə baxılması Baş İdarəsi tərəfindən inzibati araşdırma aparılmışdır. Sözügedən araşdırma ilə əlaqədar tərəfindən adına VÖEN açılmasının (VÖEN **********), eləcə də ona hesablanmış vergilərin (əsas məbləğin, cərimələrin, sanksiyaların) qanunsuzluğunu və əsassızlığını təsdiq edən müvafiq sənədlər vergi orqanına təqdim olunmuşdur. Təqdim edilən sənədlərlə, o cümlədən əmək kitabçasının qeydiyyat məlumatları ilə müəyyən edilir ki, o uzun illərdir əmək müqaviləsi əsasında müxtəlif idarə və müəssisələrdə bu və ya digər vəzifələrdə çalışmış, sonuncu və hazırkı iş yeri "xxxx" MMC-də baş mühasib vəzifəsidir. Qeyd edir ki, o tək qadındır və valideynlərilə birlikdə yaşayır. İşlədiyi müddət ərzində aldığı əmək haqlarını toplamış və əsas məqsədi mövcud avtomobilini sataraq yeni avtomobil almaq olmuşdur. Yaşam xərcləri valideynlərinin vəsaiti hesabına qarşılanır. Qeyd edir ki, adına rəsmiləşdirilməklə mülkiyyətində olmuş ** NH *** dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobili satdıqdan sonra, eləcə də anası Rumayədən, atası Şövkətdən və bacısı Sevdadan hər birindən ayrı-ayrılıqda 5.000 (beş min) manat aldıqdan sonra topladığı əmək haqqı məbləğlərini 12.03.2020-ci il tarixdə 11.700 ABŞ dollarına və 13.03.2020-ci il tarixdə 10.000 ABŞ dollarına mübadilə etmişdir. Sözügedən vəsaiti manatdan ABŞ dollarına çevirməkdə məqsədi pul vəsaitini baş verə biləcək devalvasiyadan qorumaq olmuşdur. Yuxarıda göstərilən qaydada topladığı vəsait hesabına 2020-ci il buraxılışlı, Sedan tipli, Hundai Accent minik markalı avtomobil almış və hazırda qeyd olunan, ** NH *** dövlət nömrə nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir. 12.03.2020-ci il tarixdə, 11.700 ABŞ dolları və 13.03.2020-ci il tarixində 10.000 ABŞ dolları məbləğində valyuta mübadiləsi aparmağı qanunazidd əməl deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, fiziki şəxsin özünə məxsus milli valyutada olan pul vəsaitini ABŞ dollarına konvertasiya etməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi tutulan əməliyyat hesab edilmir. Yuxarıda göstərilən xüsusatları təsdiqləyən müvafiq sənədlərin tərəfindən inzibati şikayətə baxan vergi orqanına təqdim edilməsinə baxmayaraq, sözügedən şikayətə baxan Dövlət Vergi Xidmətinin İnzibati Şikayətlərə baxılması baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elçin Kazımov şikayəti üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli, **********580400 nömrəli, “İnzibati şikayətin təmin edilməməsi haqqında qərar”ında konvertasiya etdiyi, yuxarıda qeyd olunan məbləğin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğunu sübuta yetirə bilməməyim əsası ilə, şikayətinin təmin edilməməsi haqqında qərar qəbul etmişdir. Aşağıda göstərilən əsaslara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh vergi orqanının faktiki hərəkətləri ilə onun adına qanunsuz hesablanmış vergi məbləği silinməlidir. İlk növbədə diqqətə çatdırır ki, cavabdeh vergi orqanı 07.04.2021-ci il tarixli qərarında onun şikayətinin əsasını, mahiyyətini və nəticəsini təhrif edərək göstərmişdir ki, guya, o fərdi sahibkar kimi 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 5.172,16 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Sözügedən qərarın “qərara aldı” hissəsindən görünür ki, cavabdeh vergi orqanı fərdi sahibkar kimi onun kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 25.01.2021-ci il tarixli inzibati şikayətini təmin etməmişdir. İddiaçı heç bir vaxt fərdi sahibkarlıq fəaliyyətilə məşğul olmamış, özünü bu statusda təqdim etməmiş və 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayətlə cavabdeh vergi orqanına müraciət etməmişdir. İddia ərizəsinə əlavə etdiyi materiallardan da göründüyü kimi onun şikayəti vergi ödəyicisi kimi qeydiyyatının ləğv edilməsi və ona hesablanmış əsassız vergilərin silinməsindən ibarət olmuşdur. Yuxarıda qeyd olunduğu kimi cavabdeh vergi orqanı şikayətimin məzmununu tam təhrif etmişdir. Azərbaycan Respublikasında vergi sisteminin, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsini, ödənilməsini və yığılması qaydalarını və s. tənzimləyən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin bu və ya digər maddəsində milli valyutanın xarici valyutaya mübadilə edilməsinin vergiyə cəlb edilən əməliyyat olması təsbit olunmamışdır. Konvertasiya olunmuş vəsaiti yuxarıda göstərdiyi mənbələrdən əldə etmiş ki, bununla da bağlı müvafiq təsdiqedici sənədləri cavabdeh vergi orqanına təqdim etmişdir. Cavabdeh vergi orqanı inkaredilməz sübutlarla sözügedən vəsaitin vergiyə cəlb edilməyən sahibkarlıq və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 99.3-cü maddəsində təsbit olunan qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir olmasını sübut etməlidir. Bir daha qeyd edir ki, qeyd olunan bu xüsusatı sübutetmə yükü cavabdeh vergi orqanının vəzifəsidir. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı vaxtadək Azərbaycan Respublikasında sahibkarlıqla məşğul olmayan fiziki şəxslərin gəlirlərinin deklarasiyasını (bəyan edilməsini) tənzimləyən bu və ya digər qanunvericilik aktı qəbul olunmamışdır. Konvertasiya etdiyim pul vəsaitinin mənbəyinin sahibkarlıq və ya yuxarıda sözügedən maddədə təsbit olunan qeyri-sahibkarlıq fəaliyyətimdən əldə edilməsinin iddia olunması yalnız və yalnız vergi orqanının özbaşınalığına, konstitusion dəyərlərə əhəmiyyət verməyən formal mülahizələrinə əsaslanır. Yuxarıda qeyd etdiyi kimi o uzun illərdir ki, ayrıayrı təşkilatlarda müvafiq vəzifələrdə işləmişəm, heç bir vaxt sahibkarlıq, eləcə də Azərbaycan Respublikasmmn Vergi Məcəlləsinin 99.3-cü maddəsində təsbit olunan qeyrisahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə olan halda fərdi sahibkarlıqla məşğul olub sahibkarlıq və ya Azərbaycan Respublikasının VM-nin 99.3-cü maddəsində təsbit olunan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edib, vergilərdən yayınmağı absurddur. Həmçinin, nəzərə alınmalıdır ki, şəxsin uzun müddət sahibkarlıqla məşğul olub, yuxarıda göstərilən konvertasiya edilmiş məbləğdə gəlir əldə etməsi və əldə etdiyi bu gəlirdən vergi verməməsi yalnız vergi orqanlarının yarıtmaz və səriştəsiz, məsuliyyətsiz fəaliyyəti səbəbindən mümkün ola bilərdi. Yuxarıda göstərilənlərlə yanaşı, qeyd edir ki, cavabdeh vergi orqanının onu fərdi sahibkar kimi vergi uçotuna alması və adına VÖEN (**********) açması da özbaşınalığın, qanunsuzluğun bariz nümunəsi, onun konstitusion hüquqlarının isə kobud şəkildə pozulmasıdır. Cavabdeh vergi orqanının 07.04.2021-ci il tarixli qərarından məlum olur ki, cavabdehin qanunsuz hərəkəti ilə 02.06.2020-ci il tarixdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmış, cavabdeh inzibati orqanın bu qanunsuz hərəkəti ona əsassız olaraq vergi hesablanmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək İddiaçı barəsində cavabdeh vergi orqanının qəbul etdiyi 18.06.2020-ci il **********955600 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbinin dəlillərini əsassız hesab edirlər. Belə ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada 5172.16.0 manat gəlir vergisi hesablanmışdır. Xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş 36944.0 manat gəlir məbləğinin sənədlərinin araşdırılmasına zərurət yaranmışdır. Konvertasiya edilmiş 37450.0 manat məbləğə 14 faiz tətbiq edilməklə Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 5172.16 manat gəlir vergisinin hesablanması nəzərdə tutulmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə 4 iyun 2020-ci il tarixli **********352600 nömrəli kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubu göndərilmiş, lakin məktuba heç bir münasibət bildirilməyindən 18 iyun 2020-ci il tarixli **********955600 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 5172.16 manat gəlir vergisi hesablanmışdır. Vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 25.01.2021-ci il tarixli (AVİS qeydiyyatı: 25.01.2021 -ci il tarixli **********278100 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən 7 aprel 2021-ci il tarixli **********511300 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda bildirilir ki, iddiaçı tərəfindən cavabdeh vergi orqanına inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müraciət edilməmişdir. Bu hal hazırkı iddianın mümkünlük şərtlərinin pozulmasına və dolayısı ilə iddia ərizəsinin mümkün sayılmamasına hüquqi əsaslar yaradır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sadalanan maddələrin tələblərindən aydın olur ki, öhdəliyinin icrası haqqında iddianın mümkün sayılması üçün:mübahisə inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmalı; iddianın məqsədi inzibati oqran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X4 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur: Cavabdeh tərəfindən qəbul edilmiş, “Vergilərin hesablanması haqqında” 18 iyun 2020-ci il tarixli **********955600 nömrəli qərarın surəti və digər sənədlər.Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq “Vergilərin hesablanması haqqında” 18 iyun 2020-ci il tarixli **********955600 akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab edilir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılıb və 2016-ci ilin sonlarından hal-hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 (bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edildi və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər oldu. X6 Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etdi. 21 dekabr 2015-ci il tarixindən sonra 1 (bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitdən konvertasiyası nəticəsində 5.172,16 manat gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, hazırkı, iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi İddiaçı tərəfindən 2020-cı ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18 iyun 2020-ci il tarixli **********955600 nömrəli “Vergilərin hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi vergilərin hesablanması haqqında 18 iyun 2020-ci il tarixli **********955600 nömrəli qərarı ləğv olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1343/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1343/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver