Məhkəmə qərarları › İş №2-1(118)-1344/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1344/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1344/2022 28.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə iddiaçıya verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN 0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 ailə üzvlərinə ayrılmış 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində X3 ¼ hissədə payı üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə iddia qaldıraraq “Xızı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli məktubda göstərilən, borclu X3 mülkiyyətində olan, Xızı rayonu Xələnc kəndində yerləşən 2,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən torpaq pay hissəsinin və ünvan 1ində yerləşən fərdi yaşayış evini dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tələbini dəqiqləşdirərək Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə iddiaçıya verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN 0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X3 ailə üzvlərinə ayrılmış 2.42 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində X3 ¼ hissədə payı üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1344/2022 saylı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Qərardadları ilə X5, Xızı rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC (yeni adı ailə "xxxx" MMC) inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11105/2017 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 3-cü şəxs (borclu) X2 95 000 dollar məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilən icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Abdullayev xx.xx.2018-ci il tarixli qərarı ilə icra işinə başlamış və qətnamənin icrasını təmin etmək üçün müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublkası ƏMDK-si yanında DƏDRX-nin 27 aprel 2017-ci il tarixli **********76 saylı məktubundan müəyyən edilmişdir ki, borclu X3 Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 29 may 1998-ci il tarixli JN 0029 nömrəli torpaq mülkiyyət hüququna dair dövlət aktı ilə ¼ hissə paylı mülkiyyət hüququ və həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində 2005-ci il tarixdə 1058 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Borcun ödənilməsini təmin etmək üçün icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-338/2019 nömrəli qərardadı ilə X4 məxsus Xızı rayonunun Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin və ünvan 1ində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Xızı rayon İcra və Probasiya şöbəsinin qərarına əsasən X3 mülkiyyətində aşkar edilmiş daşınmaz əmlaklar hərracdan satışa çıxarılmış, lakin əmlak satılmamışdır. Xızı rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 174795/20-18 saylı təklif məktubu ilə borclunun satılmamış əmlakı iddiaçıya təklif olunmuşdur. İcra və probasiya şöbəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli cavab məktubu ilə o icra məmurunun təklifini qəbul etmiş və göstərilən əmlakın mülkiyyətinə verilməsini xahiş etmişdir. Bundan sonra icra və probasiya şöbəsinin rəisi Taleh Bayramov tərəfindən cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 27 nömrəli, xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. Həmin məktub və ona əlavə edilmiş 16 vərəqdən ibarət sənədlər 15 sentyabr 2021-ci il tarixdə cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə rəsmi qaydada təqdim edilmiş və ********** nömrə ilə qeydiyyata alınmışdır. Məktubda qeyd edilmişdir ki, “Xızı rayon icra və probasiya şöbəsinin icraatında olan 2(103)-11105/2017 saylı xx.xx.2017ci il tarixli icra vərəqəsinə əsasən X3 4 nəfər ailə üzvləri ilə ümumi mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində olan payı və yaşayış evi qiymətləndirilmiş və borcun bir qisminin əvəzi olaraq tələbkar İddiaçı təhvil verildiyindən göstərilən əmlakların onun adına rəsmiləşdirilməsi və həmin əmlakın üzərində qoyulmuş qadağaların götürülməsi sizdən xahiş olunur.” Lakin cavabdeh tərəfindən icra məmurunun tələbləri icra edilməmiş, göstərilən əmlaklar onun adına qeydiyyata alınmamışdır. Bunun səbəbini öyrənmək üçün o, cavabdehə müraciət etmişdir. Bildirmişdirlər ki, Yasamal rayon Məhkəməsinin 8(004)-338/2021 saylı qərardadı ilə göstərilən əmlakların üzərinə qoyulmuş həbs götürlümüşdür, lakin həmin əmlakların onun adına qeydiyyata alınması barədə heç bir tədbir görülməmişdir. Bundan sonra o cavabdehə rəsmi müraciət edib, Xızı rayon icra və probasiya şöbəsinin 27 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən göstərilən əmlakların onun adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin onun məktubuna cavab verilməmiş və bu hərəkətləri ilə (hərəkətsizlikləri ilə) cavabdeh üzərində düşən öhdəliklərini icra etdiyini nümayiş etdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı X1 İlham Ağadadaş oğlunun adına qeydiyyata alınmış ünvan 1ində yerləşən 2.42 ha torpaq sahəsində olan payının və yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti **********34 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı X8 bildirilmişdir ki, müraciətə ərizədə göstərilən daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Odur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri idarəyə təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada yenidən baxılacağı qeyd edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - JN 0029, KOD 30610028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 12 nömrəli qərarı ilə 2.42 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11105/2017 saylı, 19 dekabr 2017-ci il tarixli icarə vərəqəsinin surətindən görünür ki, 95000 (doxsan beş min) ABŞ dolları əsas borc və məhkəmə xərclərinə görə 30 manatın cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir. - Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 08 saylı qərarının çıxarışından görünür ki, X4 20 iyun 2005-ci il tarixli ərizəsi və bələdiyyənin torpaq komissyasının rəyi nəzərə alınaraq, fərdi ev tikintisi üçün 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinin 27 aprel 2017-ci tarixli məktubunda qeyd edilmişdir ki, X3 ünvan 1i ünvanında yerləşən 2,42 ha torpaq sahəsi üzərində 29 may 1998-ci il tarixli JN 0029 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ¼ hissə paylı mülkiyyət hüququ və həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində 2005-ci il tarixdə 1058 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında, Xızı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş "xxxx" MMC tərəfindən verilmiş 028/20 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, ünvan 1ində yerləşən 2.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6050 (altı min əlli) manat təşkil edir, ünvan 1ində yerləşən fərdi yaşayış evi 15.000 (on beş min) manat təşkil edir. - Xızı rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 174795/2018 saylı, xx.xx.2021-ci il tarixli təklifdən görünür ki, borclu X4 məxsus Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı torpaq sahəsi və Xızı rayonu Xələnc kəndində yerləşən sahəsi 95,70 kv.m olan fərdi yaşayış evi tələbkara təklif olunmuşdur. - xx.xx.2021-ci il tarixli “Borclu şəxsə məxsus əmlakın tələbkara təhvil verilməsi” protokolundan görünür ki, X3 Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı torpaq sahəsi və Xızı rayonu Xələnc kəndində yerləşən sahəsi 95,70 kv.m olan fərdi yaşayış evi İddiaçı təhvil verilmişdir. - SS7613308AZ nömrəli xəbərnamədən görünür ki, iddiaçı 26 yanvar 2022-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti cavablandırılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, inzibati orqan onun müraciətinə 35 (otuz beş) gün ərzində müvafiq cavab vermədiyindən, məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmamışdır. Məhkəmə iddiaçının tələbinə münasibətdə bildirir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11105/2017 saylı, 19 dekabr 2017-ci il tarixli icra vərəqəsi ilə 95000 (doxsan beş min) ABŞ dolları əsas borc və məhkəmə xərclərinə görə 30 manatın cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. X5 tərəfindən qeyd edilən icra vərəqəsi üzrə borcun ödənilməsi təmin edilmədiyindən onun mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ¼ hissəsi hərraca çıxarılmış, lakin hərracda satılmadığından həmin əmlaklar iddiaçıya təklif edilmişdir. Həmin əmlakı iddiaçı qəbul etmiş və xx.xx.2021-ci il tarixli “Borclu şəxsə məxsus əmlakın tələbkara təhvil verilməsi” protokolu ilə üçüncü şəxsin mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı torpaq sahəsi və Xızı rayonu Xələnc kəndində yerləşən sahəsi 95,70 kv. m olan fərdi yaşayış evi iddiaçıya təhvil verilmişdir. Bundan sonra iddiaçı qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmiş, məhkəməyə göndərilən etiraz məktubunda isə cavabdeh daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması barədə hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. İş materialları ilə də müəyyən olunur ki, Xızı rayon İcra və Probasiya Şöbəsi tərəfindən üçüncü şəxsin mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 2.42 ha kənd təsərrüfatlı torpaq sahəsi və Xızı rayonu Xələnc kəndində yerləşən sahəsi 95,70 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya təklif edilmiş və iddiaçı tərəfindən həmin təklif qəbul edilərək, Xızı rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə “Borclu şəxsə məxsus əmlakın tələbkara təhvil verilməsi” barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə İddiaçı təhvil verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN 0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X4 və ailə üzvlərinə ayrılmış 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində X3 ¼ hissədə payı üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən müvafiq çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xızı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli protokolu ilə İddiaçı təhvil verilmiş borclu X3 mülkiyyətində olan Xızı rayonu Xələnc kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 96.70 kv.m olan fərdi yaşayış evi və Xızı rayonu Xələnc kəndində yerləşən JN 0029 kod 30610028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X4 və ailə üzvlərinə ayrılmış 2.42 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində X3 ¼ hissədə payı üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən müvafiq çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar