Məhkəmə qərarları › İş №2-1(118)-135/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-135/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-135/2023 19.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsi, dəymiş 25000 (iyirmi beş min) manat maddi ziyanın (pul kompensasiyası) ödənilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsi, dəymiş 25000 (iyirmi beş min) manat maddi ziyanın (pul kompensasiyası) ödənilməsi cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1974-cü ildə Quba şəhərində doğulmuşdur. 1988-1991-ci illərdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirmişdir. 1991-ci ildə ordu generalı A.V.Xrulyov adına Yaroslavl Ali Hərbi Maliyyə Məktəbinin “qoşunların maliyyə təminatı” fakültəsinə daxil olmuşdur və 1995-ci ildə həmin fakültəni “ iqtisadçı” ixtisası üzrə bitirmişdir. Ali Məktəbi bitirdikdən sonra “leytenant” ilk zabit hərbi rütbəsi təqdim edilərək 14 sentyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının maliyyə hissəsinin rəisi köməkçisi vəzifəsinə təyin edilmilməklə hərbi xidmətə başlamışdır. 30 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə təyin edilmiş, sturktur və ştat dəyişikliyi ilə əlaqədar olaraq 19 aprel 1998-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (aparatının) maliyyə hissənin rəisi vəzifəsinə təyin edilmişdir. Sonrakı illərdə də Müdafiə Nazirliyində maliyyə xidmət üsrə bir sıra məsul vəzifələrində xidmətimi davam etdirmişdir. 20 sentyabr 2008-ci ildə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsini rəisi-idarə rəisinin müavi vəzifəsində xidmət etmişdir. 2009-cu ilin oktyabr ayında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsini icra etmişdir, 27 iyun 2013-cü il tarixdə Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27 dekabr 2013-cü ildə Naxçıvan Muxtar Respublikası X3 Maliyyə-Plan şöbəsinin Nəzarət-Təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir və 21 dekabr 2015-ci il tarixdə ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin”-nin 156-cı maddəsinin “J” bəndinə ilə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Xidmət etdiyi müddət ərzində xidmətdə fərqləndiyinə görə və yüksək nailiyyətlər əldə etdiyinə görə yuxarı komandanlıq tərəfindən ixtisası üzrə yüksək vəzifəyə çəkilmişdir, həmçinin ona polkovnik-leytenant daxil olmaqla növbəti hərbi rütbələr verilmiş, Müdafiə Nazirinin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin 10, 90 və 95 illiyi Yubileyi medalları ilə, habelə “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1- ci dərəcəli medalları ilə təltif edilmişdir. Bundan başqa 2009-2013-illərdə Müdafiə Nazirinin müvafiq əmrləri ilə maliyyə ixtisası üzrə “Usta” məharət dərəcəsi verilmişdir və 4 il ərzində Müdafiə Nazirliyində maliyyə ixtisası üzrə məharət dərəcəsinin verilməsi üçün yaradılmış komissiyanın sədri olmuşdur. Lakin 2013-cü ilin oktyabr ayında Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklliklər aparıldıqdan sonra heç bir qanuni səbəb olmadan sərəncama çıxarılmışdır. 27 dekabr 2013-cü il tarixdə onunla söhbətləşmə aparılmadan və şifahi yaxud yazılı razılığı olmadan və Azərbaycan Respublikasının “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə zidd olaraq qanunsuz, əsassız və ədalətsiz olaraq bir neçə pillə aşağı vəzifəyə-Naxçıvan MR X6 Maliyyə-Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Bundan əlavə onun “Usta” məharət dərəcəsi olduğu halda, 4 il ərzində maliyyə ixtisası üzrə məharət dərəcəsi verilməsi üçün komissiyanın sədri olmağına baxmayaraq 2013-cü ildən 2015-ci ilə kimi “Usta” məharət dərəcəsini təsdiq edilməsi üçün imtahanlarda iştirak etməyinə imkan verilməmişdir. Onu da qeyd etmək istəyir ki, ona qarşı qərəzli yanaşma tətbiq olmasa idi bu günə kimi tutduğu yüksək vəzifədə şərəflə xidmət edərdi. Bundan əlavə bildirir ki, xidmətini Naxçıvan Muxtar Respublikasında X4 layiqincə davam etdirmişdir. Buna sübut kimi Ordu Komandanlığı tərəfindən ona verilən müsbət xasiyyətnamədir. Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmrinin qanunsuz verilməsi nəticəsində o, əmək pensiyası qanunvericiliyində nəzərdə tutlmuş yüksək pensiya təminatından məhrum olunmuşdur. Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə -Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzivəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri qanunsuzdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmə hallarından biri də Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatəti olduqda yol verilir. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 43-cü maddəsinə uyğun olaraq hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Bu Nizamnamənin 67-ci maddəsinin “d” bəndinə əsasən zabit heyətindən olan hərbi qulluqçulara törətdikləri intizam pozuntusuna görə verilən intizam cəzalarından biri də onların bir pillə aşağı vəzifəyə təyin edilmələridir. İntizam qaydasında bir pillə aşağə vəzifətyə təyin edilərkən hərbi qulluqçu ilə mütləq qaydada yazılı surətdə söhbətləşmə aparılmalıdır, lakin onunla bu barədə heç kim tərəfindən yazılı söhbətləşmə aparılmamışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı maddəsinin tələbinə görə hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Bu Əsasnamənin 86-cı maddəsinin ardında qeyd edilir ki, attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Həmin Əsasnamənin 93-cü maddəsində bildirilir ki, attestasiya üzrə nəticədə attestasiya edilənin tutduğu vəzifəyə uyğun olub-olmadığı göstərilir, bundan sonra işgüzar və mənəvi keyfiyyətlərindən, iş təcrübəsindən, bacarıq və meyllərindən, eləcə də işin mənafeyindən asılı olaraq onun gələcəkdə daha məqsədəuyğun xidməti istifadəsi haqqında rəy göstərilir. Attestasiyanın keçirilməsi nəticəsində komissiya tərəfindən verilən tövsiyyələrdən biri də yuxarı vəzifələrdən aşağı vəzifəyə keçirmək, hansı əsasla (bu Əsasnamənin 81- ci maddəsi) və hansı vəzifəyə təyin etmək məqsədəuyğundur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin tələbinə əsasən xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy «Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata» uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. Həmçinin xidmət yeri dəyişdirilərkən hərbi qulluqçu ilə müvafiq söhbətləşmələr də aparılmalıdır. Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə -Plan şöbəsinin nəzarət-təftiş bölməsinin rəisi vəzivəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri verilərkən hərbi qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, yuxarı vəzifədən bir neçə pillə aşağı vəzifəyə keçirilməyi üçün hər hansı intizam pozuntusuna yol verməmişdir, xidmət yerinin dəyişdirilməsi zamanı onun və ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata» uyğun olaraq heç bir hərbi-həkim komissiyaları tərəfindən tibbi müayinədən keçirilməmişdir. Həmin ərəfədə həyat yoldaşı qara ciyər serozundan uzun müddət müalicə alırdı və iddiaçı məhz onun ağır xəstəliyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ərazisində xidmətimi davam etdirə bilmədiyi üçün öz arzusu ilə ehtiyyata buraxılmışdır. Tərxis edildikdən sonra 2016-cı ildə həyat yoldaşında qara ciyər serozu ağırlaşdığı üçün qara ciyərin transplantasiya əməliyyatı keçirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin qanunun 59.1.5-ci maddəsinə görə həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Həmin qanunun 61.1-ci maddəsində qeyd edilir ki, yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Bu qanunun 61.2-ci maddəsinin tələbinə uyğun olaraq inzibati akt əsaslandırılarkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri verilərkən həm hüquqi, həm də işin faktiki hallarına görə əsaslandırılmamışdır. Bildirir ki, Müdafiə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmri verilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 58.1-ci, 59.1.5-ci, 61.1-ci və 61.2-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun 67.1ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bu qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3cü maddəsində qeyd edilir ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəlləsinin 69.1-ci maddəsində qeyd edilir ki, nzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsninin 36.2-ci maddəsinin tələbinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsində bildirilir ki, inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Bu Məcəllənin 71.3-cü maddəsində isə qeyd edilir ki, inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Məlumat üçün bildirir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edilərkən ştat üzrə vəzifə maaşı 920 (doqquz yüz iyirmi) manat, tutduğu polkovnik-leytenant hərbi rütbəsi üzrə isə 130 (bir yüz otuz) manat təşkil edirdi. Beləliklə məlum olur ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə -Plan şöbəsinin nəzarəttəftiş bölməsinin rəisi vəzivəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013cü il tarixli, 0691 nömrəli əmr qanunsuzdur və bu əmr verildikdən sonra ona 27 dekabr 2013-cü il tarixdən 21 dekabr 2015-ci il tarixə qədər cəmi 25000 (iyirmi beş) manat maddi ziyan dəymişdir. Müdafə Nazirinin 27 dekabr 2013-cü il tarixli, 0691 nömrəli əmrinin qanunsuz hesab edilməsi və ona dəymiş maddi ziyanın ödənilməsi barədə 21 dekabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də bu günə kimi ona heç bir rəsmi cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı, 1995-ci il tarixdə Azərbaycan Ordusunun Baş Qərargahının maliyyə hissəsi rəisinin köməkçisi vəzifəsinə təyin olunmuş, 30 sentyabr 1996-cı il tarixdə Azərbaycan Ordusunun Baş Qərargahının maliyyə hissəsinin rəisi vəzifəsinə, 19 aprel 1998-ci il tarixdə ştat-struktur dəyişikliyi ilə əlaqədar Müdafiə Nazirliyinin maliyyə hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 20 sentyabr 2008-ci il tarixdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin Nəzarət-təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsinə təyin edilərək, 2009- cu ilin oktyabr ayından Müdafiə Nazirliyinin Maliyyə və Büdcə rəisi vəzifəsinin icrasına buraxılaraq, 27 iyun 2013-cü il tarixdən həmin vəzifəyə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü ilin tarixli müvafiq əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin Kadrlar idarəsi rəisinin sərəncamına keçirilmişdir. Qeyd olunan müddətdə iddiaçı iş və vəzifəsini təhvil vermişdir. xx.xx.2013-cü il tarixdə Müdafiə nazirinin Şəxsi Heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin (Q1) rəisi vəzifəsini icra etmiş general-leytenant Çingiz Məmmədovun raportuna “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinə müvafiq olaraq” əsasən, Müdafiə nazirinin xx.xx.2013-cü ilin tarixli müvafiq əmri ilə iddiaçı Mehdiyev X2 Ümumqoşun Ordusunun (100 nömrəli hərbi hissənin) Maliyyə-Plan şöbəsinin Təftiş bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla “göndərilən sənədlərin uçotunun aparılması jurnalda imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmiş və 7 (il) 7 (ay) gün keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. 10 aprel 2015-ci il İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli Qərarının 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 38.1-ci maddəsinə əsaslanaraq, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. «İnzibati icraat» haqqında Azərbaycan Respublikası Qanununun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir, («inzibati icraat» haqqında Qanunun şərhi) Həmin Qanunun 73.1,-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual, və qüvvədə olan inzibati- prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1,-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının sərəncamda olduğu müddət digər vəzifəyə təyin olunmasında qanunla müəyyən olunmuş heç bir norma və prossedur pozulmamışdır. İPM-nin 73.3.1-ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsi, dəymiş 25000 (iyirmi beş min) manat maddi ziyanın (pul kompensasiyası) ödənilməsini istəyir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü məsələsi müəyyən edilən zaman iddiaçının tələbinin onun iradəsinə uyğun ifadə olunub-olunmaması və həmin tələbin qanunvericiliklə müəyyən edilən iddia növlərinin tələblərinə cavab verib verməməsi müəyyən edilməlidir. İddiaçı ərizəsində qeyd edir ki: “Məlumat üçün bildirir ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edilərkən ştat üzrə vəzifə maaşı 920 (doqquz yüz iyirmi) manat, tutduğu polkovnik-leytenant hərbi rütbəsi üzrə isə 130 (bir yüz otuz) manat təşkil edirdi. Beləliklə məlum olur ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək bir neçə pillə aşağı olan Naxçıvan MR X6 Maliyyə -Plan şöbəsinin nəzarəttəftiş bölməsinin rəisi vəzivəsinə təyin edilməyi barədə Müdafiə Nazirinin 27 dekabr 2013cü il tarixli, 0691 nömrəli əmr qanunsuzdur və bu əmr verildikdən sonra ona 27 dekabr 2013-cü il tarixdən 21 dekabr 2015-ci il tarixə qədər cəmi 25000 (iyirmi beş) manat maddi ziyan dəymişdir.” İddia ərizəsindən göründüyü kimi, iddiaçı Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin qanunsuzluğu nəticəsində onun hüquqularının pozulduğunu iddia edir, konkret olaraq isə cavabdeh inzibati orqanın qanunsuz qərarı nəticəsində pensiya təminatı ilə bağlı maddi ziyanın ortadan qaldırılması ilə bağlı mövcud hüquq müdafiə vasitələrindən istifadə edir. Beləki, iddiaçı daha əvvəl pensiyasının artımı ilə bağlı iddialar qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair iddiası olmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-226/2017 saylı, 13 mart 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(105)12/2018 saylı, 26 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 mart 2017-ci il tarixli qərarı ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)12/2018 saylı iş üzrə 26 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Ona 2008-ci ilin 20 sentyabr tarixindən 2013-cü ilin 26 iyun tarixinədək 5 il ərzində əsas vəzifəsi olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi-idarə rəisinin müavini vəzifəsində xidmət keçirdiyi zaman aldığı vəzifə maaşı və “usta” məharət dərəcəsinin daxil olunmaqla pensiyasının yenidən hesablanıb müvafiq icra hakimiyyəti orqanına məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş olmuş, Məhkəmənin 2-1(118)-79/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Həmin məhkəmə mübahisələrində də iddiaçının iradəsi pensiyasının artımına nail olmaq olmuşdur. Lakin cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı qüvvədə olduğuna görə, iddiaçının iddiaları uğurlu olmamışdır. Hazırda isə iddiaçı inzibati icraat qaydasında baxıla biləcək digər hüquq müdafiə vasitələrindən istifadə edərək, ziyana görə kompensasiya əldə etməklə istədiyi nəticəyə nail olmaq niyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçı ziyana görə kompensasiya tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyinə və hazırdada ziyana görə kompensasiya tələb etdiyinə görə iddia mümkün iddiadır. Eyni zamanda iddiaçı ziyana görə kompensasiya tələbini Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin qanunsuzluğunun ona aid hissədə məhkəmə qaydasında müəyyən edilməsi tələbi ilə eyni zamanda irəli sürərək, tanınma və müəyyən etmə haqqında tələbidə irəli sürür və bu tələbdə ziyana görə kompensasiya tələbinə münasibətdə subsiadiar xarakter daşıyır. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxılmalıdır. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində həm tanınma müəyyən etmə haqqında iddiaları tənzimləyən normalara, həmdə mübahisələndirmə haqqında iddiaları tənzimləyən normalara istinad edərək, iddiasını əsaslandırmağa çalışır. Məhkəmə qeyd edir ki, bu iddialar fərqli iddialardır, onların hüquqi nəticələri də fərqlidir, tanınma müəyyən etmə haqqında iddialara mübahisələndirmə və məcburetmə haqqında iddiaları tənzimləyən normalar tətbiq edilə bilməz. İddiaçının ziyana görə kompensasiya tələbinin əsasını Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə qanunsuz olması təşkil edir. İddiaçı İPM-in 36.2-ci maddəsini əsas götürərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsini istəyir və bunun nəticəsində ziyana görə kompensasiya tələb edir. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Məhkəmə hesab edir ki, qeyd edilən norma ayrıca tənzimləyici norma kimi başa düşülməməli, İPM-in 2.2.5-ci maddəsi və 36-cı maddəsinin digər tənzimləyici normaları ilə birlikdə təfsir edilməlidir. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara baxılır.(müəyyən etmə və ya tanınma haqqında iddia) İPM-in 36-ci maddəsi isə müəyyən etmə və ya tanınma haqqında iddiaların əsaslarını aşağıdakı kimi müəyyən edir. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Yuxarıda qeyd edilən normaların qarşılıqlı təfsirindən görünür ki, hər bir halda hüquq münasibətlərinin müəyyən edilməsi ilə bağlı iddialar digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır, ayrıca iddia kimi baxılmamalıdır. Qeyd olunduğu kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin ona aid hissədə məhkəmə qaydasında qanunsuz hesab edilməsini və bunun nəticəsində ziyana görə kompensasiya tələb edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı həmin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, həmin qərarın nəticələrini qəbul etmiş, daha sonra isə öz arzusu ilə hazırda mübahisələndirdiyi qərarın nəticəsinə uyğun olaraq tutduğu vəzifədən ehtiyata buraxılmışdır. Bu halda isə məhkəmə hesab edir ki, inzibati orqandan ziyanla bağlı kompensasiya tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirmə haqqında iddia vasitəsi ilə hüquq müdafiə imkanları olduğu halda, həmin hüquqdan istifadə etməməsi, həmin nəticənin tanınma və müəyyən etmə haqqında iddia vasitəsi ilə əldə edilməsini istisna edir. Çünki hazırki halda Müdafiə Nazirliyinin 27 dekabr 2013-cü il tarixli 0691 nömrəli əmrinin iddiaçıya aid hissəsi birbaşa onun barəsində qəbul edilmiş inzibati aktdır. İddiaçı həmin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə mübahisələndirmədiyinə görə, həmin qərarın hüquqi nəticələrinidə qəbul etməsi hüquqi müəyyənlik prinsipinin tələbi kimi başa düşülməlidir. İddiaçının mübahisələndirmə imkanı olduğu halda qəbul etdiyi nəticələrin qanunsuzluğuna istinad edərək ziyana gərə kompensasiaya tələb etməsi isə əsaslı tələb kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, iddia əsaslı deyil və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar