Məhkəmə qərarları › İş №2-1(118)-135/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-135/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-135/2024 05.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Şəhər Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 6cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı Sumqayıt Bələdiyyəsi ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr olan torpaq sahəsinə dair iddiaçının adına müayinə (baxış) aktının hazırlanması və müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı məhəllə, Bələdiyyə parkı ərazisində yerləşən 3700 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə sənədləşmə proseduruna başlanılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə rəy alınmış və bundan sonra sənədləşmə proseduruna başlanılmışdır. Bu məqsədlə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 02/831 saylı rəy verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt bələdiyyəsinin adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək xx.xx.2012-ci il tarixdə 5616 nömrəsi ilə X8 kitabında qeydiyyata alınmışdır. Bundan sonra bir müddət sənədləşmə işləri dayandırılmış, sonra isə bələdiyyə tərəfindən yenidən sənədləşmə proseduruna başlanılmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin tərtib etdiyi yeni təlimat əsasında torpaq sahəsinin müayinə (baxış) aktının hazırlanması və rəyin verilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə 1580 saylı məktubla müraciət edilmişdir. Lakin sonuncu bələdiyyənin müraciətinə 14 iyul 2022-ci il tarixli **********72 saylı məktubla imtina etmiş və imtinasını qeyd olunan torpaq sahəsinin 2019-cu ildə təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olması ilə əsaslandırmışdır. Halbuki, qeyd olunan torpaq sahəsinin tərkibində olan 174 kvadrat metr hissəsinə dair Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin adına xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətində olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsinin bir hissəsi üzərində mülkiyyət hüququnun 18 mart 2014-cü il tarixdə Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir. Bu səbəbdən hesab edilir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və 2014-cü ildə Sumqayıt bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtinası əsassızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 106 nömrəli 08 iyul 2002-ci il tarixli “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının siyahısının təsdiq edilməsi barədə” Qərarının icra edilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 12 avqust 2002-ci il tarixdə 200 saylı Sərəncam imzalanmış və qeyd olunan Sərəncamda qeyd edilmişdir: Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat X3 balansında olan “Şəhər Bağının” Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyətinə verilməsi ilə əlaqədar qərardan irəli gələn məsələləri Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və müvafiq bələdiyyələrlə əlaqəli surətdə bir ay müddətinə həll edilsin. Qeyd olunan sərəncam əsasında mübahisəli torpaq sahəsinin daxilində yerləşdiyi “Şəhər Bağı" (hazırkı Bələdiyyə parkı) Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və bununla bağlı 4 noyabr 2002-ci il tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsi Nazirlər Kabinetinin qərarı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Mənzil X2 Birliyinin balansından çıxarılaraq Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Cavabdeh təşkilatın qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı gətirdiyi arqumentin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 05 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, GPS vasitəsi ile döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Nəzərdə tutulan tоrраq sahasinin 174.0 kv.m hissəsinə **********91 nömrəli çıxarış verilmişdir. Qalan З526.0 kv.m hissəsi isə 2019-cu ildə təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlarda yerləşir. Bu səbəbdən nəzərdə tutulan torpaq sahəsinin müayinə (baxış) aktının hazırlanması və rəyin verilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq təmsil edilməmişdir. Üçüncü şəxsin nümayəndəsi (qardaşı) məhkəmə iclasında izahat verərək bildirdi ki, qardaşı ikinci qrup əlildir. Həmin torpaq sahəsindən onlar uzun zamandır ki, istifadə edirlər. Üzərində tikili inşa etmişlər. Bələdiyyə parkı ərazisində yerləşən torpağın 174 kvadrat metr hissəsinə bələdiyyənin mülkiyyət hüququ tanınmışdır. Belə ki, yanaşı torpaq sahəsi olduğu üçün digər hissədə də bələdiyyənin mülkiyyət hüququ tanınmalıdır. Qeyd etdiklərinə əsasən üçüncü şəxs iddianın təmin edilməsini məhəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin 14 iyul 2022-ci il tarixli məktubu ilə iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. • Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin torpaq sahəsi ayrılmasına dair rəyinə əsasən “Bələdiyyə parkı” ərazisində sahibkarlıq məqsədilə 200 kv.metr və ətraf ərazidə abadlaşdırma aparılması məqsədilə 3700 kv.metr torpaq sahəsinin Sumqayıt bələdiyyəsinə ayrılmasına etiraz edilməmişdir. • Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2012-ci il tarixli məktubunda həmin ərazidə tikinti üçün 200 kv.metr, abadlaşdırma üçün 3700 kv.metr torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməmişdir. • Torpaq sahəsinin plan və ölçüsünə əsasən Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə 3700 kv.metr torpaq sahəsi abadlaşdırma məqsədilə icarəyə ayrılmış və X10 kitabında xx.xx.2012-ci il tarixdə uçota alınmışdır. • RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən 0,0174 kv.metr torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi ilkin olaraq iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icra edilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Sumqayıt şəhəri olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri olan cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq müayinə (baxış) aktının hazırlanması və rəyin verilməsi ilə bağlı müraciət etdikdən sonra, təkrarən cavabdeh orqana müraciət edərək 3700 kv.metr torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Sumqayıt şəhəri olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 8-ci maddə: Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi (...)

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddə: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 15-ci maddə: Hüquqların dövlət qeydiyyatından imtina (...) 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. (...)

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 5.1-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddə: Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

7-ci maddə: Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. 17-ci maddə: Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 106 nömrəli 8 iyul 2002-ci il tarixli “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” Qərarının icra edilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 12 avqust 2002-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil X2 Birliyinin balansında olan “Şəhər Bağı”ının ərazisindən ümumi sahəsi 66180 kv.metr hissə Sumqayıt bələdiyyəsinin balansına verilmişdir. Bununla bağlı olaraq 4 noyabr 2002-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. Həmin ərazidə (Sumqayıt şəhəri, 6-cı məhəllə) olan 0,0174 ha (174 kv.metr) torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş və bununla bağlı RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsinin icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə açıq torpaq hərracı keçirilmiş və hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X5 hərracın qalibi olmuş, onunla xx.xx.2014-cü il tarixdə torpaq icarə müqaviləsi bağlanmış və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla onun icarə hüquqları qeydiyyata alınmışdır. İddiaçı Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh orqan isə nəzərdə tutulan torpaq sahəsinin 174 kvadrat metr hissəsinə bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən çıxarışın verildiyini, qalan 3526.0 kv.metr hissəsinin isə 2019-cu il tarixdə təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlarda yerləşməsi səbəbindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə cavabdeh orqanın irəli sürdüyü imtina əsaslıdır. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinin 3526.0 kv.m hissəsinin Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətinə aid torpaqlara aid edilməsini təsdiq edən sübutların (ərazinin əvvəlki xəritəsi, registrdən çıxarış təqdim edilməklə) əldə edilməsi üçün sorğu göndərmişdir. Məhkəməyə Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin xəritəsi (miqyas 1:25000), habelə ortofoto ünvanlanmışdır. Həmin sənədləri tədqiq edərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi dövlətin mülkiyyətində olan torpaq sahələrinə aiddir. Lakin həmin torpaq sahəsinin daxilində yerləşən 174 kv.metr hissədə isə bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə Sumqayıt bələdiyyəsinin xəritəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi dövlət mülkiyyətində olmuş torpaq sahələri Əmlak Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmaqla, şəhərsalma və yerquruluşu sənədləri tərtib olunaraq bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil vermişlər. Hazırkı halda təsdiq edilmiş bələdiyyə xəritəsində dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin hüdudları müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, dövlət mülkiyyətində olan və təsdiq edilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar