Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1350/2021 28.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən qeyri yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun texniki pasporta uyğun olaraq mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı əsasında iddia tələbi təmin edilmişdir. Həmin qərardan apelllyasiya şikayətinin verilməsinə baxmayaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və məhkəmənin qərarı cavabdeh təşkilat tərəfindən icra olunaraq Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyesterində 72 nömrəsi ilə qeydə alınmışdır. Sonradan hazır ki, iddia tələbi üzrə 3cü şəxs qismində işə cəlb edilmiş "xxxx" MTk-nın müraciəti araşdırıldıqdan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı ləğv edilərək 3-cü şəxsin iştrakı ilə yenidən baxılması qərara alınmışdır. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X3 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının müraciətinə hər hansı cavab verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı İddiaçı iddia tələbi təmin edildikdən sonra Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyesterində 72 nömrəsi ilə qeydə alınmış və hal-hazırda İddiaçı qeyd olunan torpaq sahəsinin mülkiyyətçisidir. Qeyd olunan iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi bildirmişdir ki, İddiaçı Hümbər qızı ilə aralarında bağlanmış barışıq sazişinin 5-ci bəndinə əsasən mübahisəli torpaq sahəsinin əvəzinə onlara "xxxx" ASC-ti tərəfindən 6 sot torpaq sahəsi satılıb və həmin torpaq sahəsi üzərində "xxxx" MTK-nın mülkiyyət hüququ qeydə alındığına vaxta qədər Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyesterində 72 nömrəsi ilə qeydə alınmısa üçün əsas olmuş qərarın qəbul edilməsinə "xxxx" MTK-nın heç bir etirazı yoxdur. Məhkəmədən qərar qəbul edilərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Abşeron rayon Dövlət Arxivinin 10 noyabr 2006-cı il tarixli F-937 saylı arayışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Qəbzdən və ərizədən görünür ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Tərəflər arasında bağlanmış 14 iyul 2021-ci il tarixli barışıq sazişinə əsasən mübahisəli torpaq sahəsinin əvəzinə onlara "xxxx" ASC-ti tərəfindən 6 sot torpaq sahəsi satılıb və həmin torpaq sahəsi üzərində "xxxx" MTK-nın mülkiyyət hüququ qeydə alındığına vaxta qədər Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyesterində 72 nömrəsi ilə qeydə alınmısa üçün əsas olmuş qərarın qəbul edilməsinə "xxxx" MTK-nın heç bir etirazı yoxdur. Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyester Xidmətinin 29 iyun 2021-ci il tarixli **********03 saylı məktubuna əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi NECAS məlumat bazasında hər hansı bir torpaq sahəsi ilə üst-üstə düşmür. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə ilk növbədə cavabdehin daşınmaz əmlaka dair cavabdehə rəsmi müraciət etməməsi barədə dəlilini iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş ərizədən və qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990cı il tarixli, 231 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin və “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin tələblərinə əsasən o, gözlənilən mülkiyyət hüququna malik olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Əsasnamənin 2-ci bəndində fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqların vətəndaşların mülkiyyət keçirilməsi üçün ərizə ilə birlikdə həmin torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulur ki, həmin sənədlərin də, yəni Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarının surətinin iddiaçı tərəfindən tam hazırlanıb cavabdehə ünvanlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan hal Sumqayıt Apellyasiya Məhkəməsinin04 iyul 2016-cı il tarixli 2-1(105)-155/2016 saylı qərarə ilə öz təstiqinin tapmışdır. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunanlardan əlavə İddiaçı 19.08.2016-cı ildən etibarən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsinin mülkiyyətçisidir və onun mülkiyyət hüquqları 871 nömrəli reyester kitabının 72 nömrəli vərəqində qeydə alınmışdır. Hesab olunur ki, İddiaçı dövlət tərəfindən verilmiş etimad hüququ qanunla qorunmalı və inzibati orqan tərəfindən 2016-cı ildə mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün əsas bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarına əsasən iddiaçıya ayrılmış 0,90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1350/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1350/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver