Məhkəmə qərarları › İş №2-1(118)-1351/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1351/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1351/2024 14.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sosial-məişət şəratinin yaxşılaşdırılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş mərhum həyat yoldaşı X5 əvəzinə onun mənzil və ya fərdi evlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qarşı sosial-məişət şəratinin yaxşılaşdırılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş mərhum həyat yoldaşı X5 əvəzinə onun mənzil və ya fərdi evlə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1962-ci il təvəllüdlü X17 iddiaçının həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil olmuş və 19 noyabr 2021-ci il tarixində baş bronxların bədxassəli yenitörəməsinə görə vəfat etmişdir. Həyat yoldaşına əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 11 noyabr 2016-cı il tarixdə vəsiqə verilmişdir. Həmin vəsiqənin etibarlılıq müddəti 03 noyabr 2021-ci il tarixə kimi müəyyən edilmişdir. Onun xəstəliyinin dərəcəsi ağırlaşdığına görə onlar vəsiqənin etibarlılıq müddətinin uzadılması ilə əlaqədar yenidən Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməmişlər. Qeyd etdiyi kimi həyat yoldaşı həmin ilin, həmin ayın 19-da vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş 02 aprel 2021-ci il tarixli arayışdan da göründüyü kimi iddiaçının həyat yoldaşı sağ olduğu dövrdən etibarən iddiaçı ailə üzvləri, qızı X14, oğlu X12 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, həyət evində qeydiyyatsız olaraq yaşayırlar. İddiaçının həyat yoldaşı sağ olduğu dövrdə mənzil və ya fərdi evlə təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Abşeron rayonunda mənzil növbəsində qeydiyyata alınmış, sözügedən orqan müvafiq sənədlərin təqdim edilməsini tələb etmişdir, iddia ərizəsinə əlavə edilmiş ərizədən də göründüyü kimi mərhum həyat yoldaşı mənzillə təmin olunması üçün tələb olunan sənədləri toplayaraq 23 aprel 2021 -ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinə göndərmişdir. Burdan da göründüyü kimi mərhum həyat yoldaşı 2021-ci ilin aprel ayından sənədləri təqdim etmişdir, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də məlum olduğu kimi iddiaçının və ailə üzvlərinin qeydiyyatda olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 15 ünvanında yerləşən mənzil qaynı X8 məxususdur. İddiaçının və ailə üzvlərinin adına heç bir daşınmaz əmlak yoxdur. Mərhum həyat yoldaşının müraciəti əassında Abşeron Rayon İcra Hakimiyyəti başçısının 29 saylı 17 fevral 2017-ci il tarixli sərəncamı ilə RİH Başçısı yanında Mənzil-Məişət Komissiyası xx.xx.2017-ci il tarixli 15 saylı protokolu təsdiq edilmiş, mərhum həyat yoldaşı X17 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi- özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli mənzil uçotuna götürülmüşdür. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etmiş, lakin Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2M-16831.2.2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İddiaçınıın və ailə üzvlərinin heç bir yaşayış yeri yoxdur. Buna görə də, oların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilə ehtiyacları var. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək idida tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. 17 fevral 2017-ci il tarixdən Abşeron rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mərhum X11 mənzil növbəliliyi 24 oktyabr 2022-ci ildə iddiaçının adına keçirilmişdir. X21 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı sağlığında, yəni 3 noyabr 2021-ci il tarixində bitdiyindən iddiaçının Nazirlik tərəfindən mənzillə təmin olunması mümkün deyildir. Həmçinin adlarıçəkilən Sərəncamlardan da göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş: - AZ-İİ № 230409 xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnmdən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - 13 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X13 5 illik müddətə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edlmişdir. - Abşeron Rayon İcra Hakimiyyəti başçsının xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamından görünür ki, X17 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi-özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli üçota götürülməyi qərara alınmışdır. - Abşeron Rayon İcra Hakimiyyəti başçsının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamından görünür ki, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X17 vəfat etdiyindən onun mənzil növbəliliyi İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X6, X11, İddiaçı və X9 adına Respublika inzibati ərazi vahidləri üzrə daşınmaz əmlak aşkar edilməmişdir. - Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 2000-2014-cü illəri əhatə edən torpaqayırma sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmişdir. 2014-cü ildən sonrakı dövr ərzində X13 və ailə üzvlərinə Xırdalan bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi məqsədilə torpaq sahəsi ayrılmamışdır. - 3 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, X17, X12, İddiaçı və X1 rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, 312 ünvanında qeydiyyatsız yaşayırlar. - Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X17, X12, İddiaçı və X1 rayonu, Xırdalan şəhəri, ev 7, mənzil 15 ünvanında qeydiyyatdadırlar. - MH Seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, ev 7, 15 saylı mənzil X7 xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, həmin sənəd X10 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, ev 7, 15 saylı mənzilə dair tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Məhkəmə araşdırması ilə məlum olur ki, iddiaçının mərhum həyat yoldaşı X2 rayon İcra Hakimiyyəti başçsının xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi-özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli üçota götürülmüşdür. X17 xx.xx.2021-ci il tarixdə, əlillik müddəti başa çatdıqdan 16 gün sonra vəfat etmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçsının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamına əsasən xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X17 vəfat etdiyindən onun mənzil növbəliliyi İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinə qoyulmuş diaqnoz və ölüm tarixi nəzərə alındıqda onun əlillik müddətinin başa çatmasına az qalmış səhhətinin daha da ağırlaşdığı qənaətinə gəlmək olar. Yəni həmin günlərdə onun yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət etməsi və təyin edilməsi üçün fiziki imkanları olmamışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Həmin Qanunun 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan aşağıdakı səbəblərə əsasən iddiaçının tələbinin təmin edilməməsində imtinası əsassızdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxanda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin. Məhkəmə hesab edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamından əvvəl qəbul olunduğu və bunun nəticəsi olaraq Nazirlər Kabinetinin həmin sərəncamına əsasən X24 mənzil almaq hüququ yaranmış olur. Abşeron rayon İcra Hakimiyyəti başçsının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamına ilə xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X17 vəfat etdiyindən onun mənzil növbəliliyi İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Bu səbəbdən də İddiaçı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehin göstərdiyi dəlillər iddiaçının müraciətinin təmin olunmaması üçün əsas ola bilməz, buna görə də iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş X5 vəfatından sonra onun mənzil uçotunun iddiaçının adına keçməsi nəzərə alınaraq, İddiaçı mənzil ilə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar