Məhkəmə qərarları › İş №2-1(118)-1352/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1352/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1352/2021 13.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1 iddiaçının xüsusi mükiyyətində olan Sumqayıt şəhəri 17-ci mikrorayon, 40 saylı evin 15 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0,091 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 68,16 kvadrat metr ümumi, 47,31 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 138 nömrəli vərəqin də qeydiyyata alınmışdır. X2 iddiaçının ikinci həyat yoldaşının nəvəsidir. O, 2003cü ildə Aytac Qarayevanı qeydiyyata saldırmışdır. Həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamamış və ona məxsus əşya mübahisəli mənzildə yoxdur. Aytac Qarayevanın həmin mənzildə qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu səbəblə iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdehin 02.06.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı ilə 21.07.2000-ci il təvəllüdlü X2 məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmişdir. Həmin şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 02.06.2021-ci il tarixli 123-20458C- 3221 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış, daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarış, 11 saylı Mənzil Kommunal Sahəsinin 1975 nömrəli, 07.12.2020-ci il tarixli arayışı və 127 nömrəli Aktı, Sumqayıt Şəhər Məhkəməsinin 2- 1(118)-1352/2021 saylı qərardadı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X2 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır və onun mənzildə istifadə hüququnun olmaması Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixli qəradadı ilə müəyyən edilmişdir. 11 saylı Mənzil Kommunal Sahəsinin 05.12.2020-ci il tarixli, 127 saylı aktından da göründüyü kimi X2 mübahisəli mənzildə 24.02.2003-cü il tarixdən qeydiyyatdadır, lakin bu ünvanda yaşamır. Belə ki, iddiaçının inzibati orqanda verdiyi razılıq ərizəsi əsasında 3-cü şəxs ona məxsus olan mənzilə pasport qeydiyyatına düşmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, X1 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40-da yerləşən 15 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40-da yerləşən 15 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar