Məhkəmə qərarları › İş №2-1(118)-1352/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1352/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1352/2023 23.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasının qanunsuz və əsassız sayılması və hüquqlarının dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 18 oktyabr 2021-ci il tarixli, **********90 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********90 saylı bildiriş məktubu ilə daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hüquqların dövlət reyestrini aparan inzibati orqan daşınmaz əmlak üzərində hüquqlarımı dövlət qeydiyyatına almaqdan imtina edərkən əsas olaraq göstərmişdir: "Aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2010- cu il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir." Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi yuxarıda sadalananları və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutaraq, ərizəmin icrasından imtina etmişdir. İddia ərizəsinin məzmunu, dəlilləri və hüquqi əsasları: Hesab edir ki, aşağıda sadalananlara görə onun Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından inzibati orqanın verdiyi imtina qanunsuz və əsassızdır.

1. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2010-cu il tarixdə verildiyi müəyyən edilmişdir hissəsinə münasibətdə: İnzibati orqanın daşınmaz əmlak üzərində hüququ dövlət reyestrində qeydiyyata almaqdan imtinasının birinci əsası Qobu Bələdiyyəsi tərəfindən mənə torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı qərarla ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT VƏ XK-nın Abşeron rayon şöbəsinin rəyinin xx.xx.2010-cu il tarixdə verilməsidir. Bununla əlaqədar qeyd edir ki, inzibati orqana təqdim edilmiş Abşeron rayonu X6 xx.xx.2007-ci il tarixli, 21 saylı qərarından görünür ki, ona bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması, satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə 500 manat dəyərini Qobu bələdiyyəsinin bankdakı xüsusi hesabına ödənilməsi qərara alınmışdır (surəti əlavə olunmuşdur). Kapital Bank" ASC-nin verdiyi xx.xx.2007-ci il tarixli, 08 saylı qəbzdən görünür ki, vətəndaş Qobu bələdiyyəsinin hesabına 400 manat məbləğində ödəniş etməklə, müvafiq torpaq sahəsi üçün müəyyən edilmiş və onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir (surəti əlavə olunmuşdur). Üstəlik müvafiq bələdiyyə qərarı həqiqiliyi və qanuniliyi mübahisə doğurmur. Faktiki olaraq Abşeron rayon arxiv sənədlərində də sözügedən qərarın, alqı-satqı aktı və digər zəruri sənədlərinin surəti mövcuddur. Bundan başqa inzibati orqana təqdim edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsi ilə aralarında bağlanmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu X6 xx.xx.2007-ci il tarixli, 21 saylı qərarı ilə iddiaçıya Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində bələdiyyə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması və tərəfindən həmin torpaq sahəsinə görə Qobu bələdiyyəsinin hesabına 400 manat məbləğində ödəniş edilməsi imza və möhürlə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli, 2996 saylı rəyindən görünür ki, fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir (surəti əlavə olunmuşdur). Sadalananlardan göründüyü kimi iddiaçı üzərinə düşən öhdəliyi - bələdiyyə qərarında müəyyən edilmiş məbləği öncədən bələdiyyənin xüsusi hesabına köçürmüş və eyni zamanda ərizə ilə Qobu bələdiyyəsinə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir, Qobu bələdiyyəsi də öz növbəsində vətəndaşa göstərilən məqsədlə 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Sənədlərdən göründüyü kimi Qobu bələdiyyəsinin müvafiq aktı - xx.xx.2007-ci il tarixli qərarı başqa şəxslər tərəfindən, həmçinin DƏDRX-nin özü tərəfindən mübahisələndirilməmişdir. Belə olduğu halda həmin akt - qərar özü hüquqi qüvvəsini saxlamaqdadır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hazırkı halda vətəndaşına üzərinə 'Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin - bələdiyyə aktının, yəni Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının təqdim edilməsi öhdəliyini qoymuşdur. Həmin sənəd də inzibati orqana təqdim edilmişdir. Buna baxmayaraq, sözügedən inzibati orqan daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi imtina verilməli halların konkret dairəsini müəyyən etmişdir. Belə ki, həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırki halda imtinanın verilməsi qanunsuz və əsassızdır, çünki müvafiq inzibati orqana təqdim edilmiş sənədlər, o cümlədən Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı daşınmaz əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatına alınması üçün əsas - Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsi ilə müəyyən edilən qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş akt mövcuddur. Üstəlik həmin aktın verilməsindən sonra müvafiq inzibatı orqanın rəyi də əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.02.201 6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilir ki, ... qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. "İnzibati icraat haqqında" Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır... ". Müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir ' hissəsinə münasibətdə: Qeyd edir ki, tərəfindən inzibati orqana Azərbaycan Respublikası Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli, 2996 saylı rəyi təqdim edilmişdir. Həmin rəyin məzmunundan göründüyü kimi ona fərdi ev tikmək məqsədilə 800,0 kv.m torpaq sahəsi qanunamüvafiq qaydada satılmış və DTXK-nin Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etməmişdir. Qanunvericliyk aktlarının heç birində, həmçinin 'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun heç bir müddəasında da vətəndaşın mülkiyyət hüququ haqqında sənəd alması üçün müvafiq icra hakimiyyəti orqanının memarlı və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilməli olması barədə qeyd yoxdur. Cavabdeh özü də bunu görür və başa düşür. Məhz ona görədir ki, imtinada sözügedən sənədin tələb edilməsi ilə bağlı heç bir normativ akta, heç bir qnaun müddəasına istinad edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mənə verilmiş imtinanın ikinci əsası kimi göstərilmiş səbəb Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə zidd olmaqla, imtinanın əsasını müəyyən edən həmin Qanunun 15-ci maddəsində göstərilməmişdir. Beləliklə də, inzibati orqanın imtinası göstərilən hissədə də qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibatı orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı: 1. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixində, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 24 dekabr 2010-cu il tarixində verildiyi; 2. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 3. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi; 4. İddiaçı tərəfindən İdarəyə təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başgasına keçməsinin və bu hüguglara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdig edilməsi barədə hüqugi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, aparılan araşdırma zamanı: 1. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixində, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 24 dekabr 2010-cu il tarixində verildiyi; 2. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 3. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi; 4. İddiaçı tərəfindən İdarəyə təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir . Belə ki, Abşeron rayon X6 02 noyabr 2007-ci il tarixli Qərarı ilə İddiaçı Ulquxan qızına fərdi mənzil tikmək məqsədilə perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.08 ha torpaq sahəsi satılmışdır. 15 dekabr 2010-cu il tarixli, 36 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Alqısatqı aktı tərtib edilməklə 24 dekabr 2010-cu il tarixdə 1589/10 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin Abşeron rayon Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış da məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixində, 21 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 24 dekabr 2010-cu il tarixində verilməsi cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdehin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh inzibati orqanın imtina üçün digər bir dəlili ondan ibarətdir ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyini qeyd etsə də, bu qanunamüvafiqliyin tənzimləmə mexanizmini, hansı normalara uyğunsuzluğunu göstərməmişdir. Bu halda qeyd edilən halın uyğunsuzluq kimi qiymətləndirilməsi əsaslı hesab edilə bilməz. Bundan başqa cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı tərəfindən idarəyə təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur . Bununla bağlı məhkəmə qeyd edir ki, bu cür uyğunsuzluq olsa belə, bu hal müvafiq sənədin iddiaçıya məxsus olmamasının sübut edilməsi halında imtina üçün əsas ola bilər. İnzibati orqanın texniki səhvlik etməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas təşkil etməməlidir. Həmin sənədin iddiaçıya verilməsinə şübhə yaradan bir əsas görsənmir və eyni zamanda cavabdeh inzibati orqanda belə bir şübhənin olmasını qeyd etmir. Cavabdeh inzibati orqan bununla bağlı əlavə araşdırma aparmamış, məhkəmə də həmin sənədin mötəbərliyi ilə bağlı əlavə araşdırma aparmağa zərurət görməmişdir. Habelə Abşeron rayon Qobu Bələdiyyəsinin 16 fevral 2021-ci il tarixli 61 saylı arayışında İddiaçı Ulquxan qızına ayrılmış 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixli 21 saylı qərarının qüvvədə olduğu qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin halın mövcudluğu imtina üçün əsas təşkil edə bilməz. Məhkəmə araşdırması zamanı inzibati orqandan zəruri sənədlər tələb edilmiş, inzibati orqan qeyd etmişdir ki, torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kəndin perspektiv inkişafı üçün nəzərdə tutuluş ərazidə yerləşir, eyni zamanda inzibati orqan tərəfindən müayinə aktı və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmiş, iddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar