Məhkəmə qərarları › İş №2-1(118)-1352/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1352/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1352/2024 22.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X1 iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçıya mərhum ərindən vərəsəlik qaydasında keçmişdir. İddiaçının baldızı X2 ona məxsus evdə formal qeydiyyatda qalmışdır. Həmin şəxs 2006-cı ildə ailə qurduqdan sonra daimi yaşamaq üçün ərinin evinə köçmüşdür. O, həmin evdə yaşamayaraq evə dair istifadə hüququ da yoxdur. İddiaçı cavabdeh orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan məktubda işə onların iştirakı olmadan baxılması, həmçinin, məhkəmənin qəbul etdiyi qərarla razılaşacağı bildirilmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3: İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1: Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Həmin Qərara əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqəsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən mənzil iddiaçıya vərəsəlik qaydasında mərhum ərindən keçmişdir. İddiaçının mənzilində baldızı X2 da qeydiyyatdadır. Məhkəmə tərəfindən mübahisəli mənzilə dair vərəsəlik işinin əldə edilməsi üçün Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə ünvanlanmış sorğuya cavab olaraq müvafiq vərəsəlik işi məhkəməyə daxil olmuşdur. Vərəsəlik işinə nəzər saldıqda müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçının mərhum ərinin atası X4 məxsus olmuş (qeydiyyat vəsiqəsi materiallara əlavə edilmişdir), onun 13 yanvar 2017-ci il tarixdə vəfatından sonra oğlu X5 (hazırkı iş üzrə iddiaçının mərhum əri) notariat kontoruna ərizə ilə müraciət edərək miras əmlakı (mübahisəli mənzili) qəbul etmişdir. X2 isə (hazırkı iş üzrə üçüncü şəxs) ərizə verərək miras əmlakdakı payından qardaşı X3 xeyrinə imtina etmişdir. Bunun əsasında sonuncu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. İşdən göründüyü kimi mübahisəli mənzil 2004-cü ildə mərhum X4 qeydiyyat vəsiqəsi əsasında verildikdə onun ailə üzvü kimi qızı X2 da həmin mənzildə yaşamışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin olaraq üçüncü şəxsin həmin mənzildə istifadə hüququnun olubolmadığı ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.4: Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9: Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması (...)

5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. (...)

Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Məhkəmənin qeyd edilən hallarla bağlı mövqeyi budur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli - Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 2-də yerləşən 35 saylı mənzildən üçüncü şəxs X1 qeydiyyatdan çıxarılması onun istifadə hüququnun olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsindən sonra mümkün ola bilər. Odur ki, iddiaçıya ilkin olaraq müvafiq rayon-şəhər məhkəməsinə üçüncü şəxsin istifadə hüququnun mübahisələndirilməsi üçün müraciət etməsi tövsiyə olunur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X1 iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar