Məhkəmə qərarları › İş №2-1(118)-1353/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1353/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1353/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı vaxtdan-60 yaşından yaşa görə güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, hazırda 64 yaşı vardır, onun ümumi əmək stajı 25 ildən artıqdır ki, bunun da 12 il 6 ayındən də artıq bir hissəsi zərərli iş sahəsi hesab olunur. Ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh onun haqlı müraciətini təmin etməmiş və ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda onun Sumqayıt şəhər Kompressorlar zavodunda bəzi dövrlər üzrə işlədiyi zərərli iş sahələri nəzərə almamış və göstərilmişdir ki, ona 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verən zərərli iş sahələri ümumilikdə 10 il 5 ay 6 gün təşkil edir. İddiaçı cavabdehin bu imtinası ilə razı deyil, belə ki, o bir sıra zərərli peşələrdətəmirçi çilingər, ərinti tökücüsü vəzifələrində işləmiş və bununla bağlı o hələ xx.xx.2020-ci il tarixdə işlədiyi Kopressorlar zavodundan rəsmi arayış da almışdır ki, həmin arayışla da təsdiq olunur ki, onun 1981-1994-cü illərdə icra etdiyi vəzifələrin AR Nazirlər Kabinetinin 23 iyul 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulan vəzifələrə daxildir. Pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi TİT-İ ******* nömrəli əmək kitabçanının surətində xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt Kompressorları zavodunda növbətçi çilingər, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, xx.xx.1986xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində isə tökücü vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi növbətçi çilingər vəzifəsi sözügedən müəssisənin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 88 nömrəli arayışında istinad edilən yuxarıda qeyd olunan təmirçi çilingərlər vəzifəsinə uyğun deyil. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun işlədiyi tökücü vəzifəsinin siyahıda qeyd olunan qurğuşunlu-qalaylı ərinti tökücüləri vəzifəsinə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində şlədiyi sahə sözügedən arayışda istinad edilən siyahıda qeyd olunan tökmə istehsalatı sahəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 10 il 5 ay 6 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-240000/2023 nömrəli məktubu, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid Əmək kitabçasının surəti, H3 ******* nömrəli hərbi biletin surəti, Sumqayıt Kompressorları zavodu tərəfindən təqdim edilmiş 88 nömrəli, xx.xx.2020-ci il tarixli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun sosial sığorta stajının tamam olması və pensiya yaşına çatdığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdehin xx.xx.2023-cü il tarixli 3-17- 1/2-C-240000/2023 nömrəli məktubu ilə müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Siyəzən şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının azı 25 il ümumi sığorta stajının mövcud olması; 2.İddiaçının azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr xx.xx.2006-cı ilədək və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az xüsusi iş stajı vardır. Belə ki, Sumqayıt Kompressorları zavodu tərəfindən təqdim edilmiş 88 nömrəli, xx.xx.2020-ci il tarixli arayışda 1981-1994-cü illər arasında iddiaçının təmirçi çilingər, ərinti töküntüsü peşələrində 12 il 7 ay 23 gün işləməsi müəyyən olunur. Lakin, iddiaçıya aid əmək kitabçasında arayışda sözügedən illərə dair qeydlərə nəzər saldıqda, İddiaçı xx.xx.1985-xx.xx.1985-ci illərdə (5 ay 14 gün), xx.xx.1988-xx.xx.1989-cu illər (8 ay) arası həmin müəssisədə briqadir vəzifəsində işləmişdir.Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının Xİ bölməsinin 5-ci bəndində və Metal emalı bölməsində (XİV) nəzərdə tutulmamışdır.Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır.(11 il 6 ay 9 gün) Ona görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı vaxtdan-60 yaşından yaşa görə güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar