Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1354/2021 13.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının məhkəmə qərarlarını icra etmədən cəmiyyətə qanunsuz tətbiq edilmiş 50% maliyyə sanksiyası qanunsuz olduğuna görə, həmin 959.556,37 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “vergi orqanının məhkəmə qərarlarını icra etmədən cəmiyyətə qanunsuz tətbiq edilmiş 50% maliyyə sanksiyası qanunsuz olduğuna görə, həmin 959.556,37 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 09 iyul 2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi” barədə vəsatəti daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən aidiyyat qaydaları pozulduğundan inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçının hazırki iddiasına cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin olduğu yerin məhkəməsində baxılmalı olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin tələbə riayət edilmədən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırki iddia tələbi üzrə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115-dir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli sərəncamı il təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası haqqında” Əlavənin 15-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Cavabdehin nümayəndəsi X2 vəsatəti müdafiə edərək inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin vəsatətini, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aid olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi qeyd edilən norma ümumi norma rolunu oynayır və İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsində qeyd olunan xüsusi hallar hazırkı işdə mövcud olmadığına görə, iddiaya həmin məcəllənin 8.1.4-cü maddəsinə uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Hazırki iş üzrə cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115-dir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının məhkəmə qərarlarını icra etmədən cəmiyyətə qanunsuz tətbiq edilmiş 50% maliyyə sanksiyası qanunsuz olduğuna görə, həmin 959.556,37 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunması” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80 və 85 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəsatəti təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının məhkəmə qərarlarını icra etmədən cəmiyyətə qanunsuz tətbiq edilmiş 50% maliyyə sanksiyası qanunsuz olduğuna görə, həmin 959.556,37 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa olunması” tələbinə dair iddiası üzrə 2- 1(118)-1354/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1354/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1354/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver