Məhkəmə qərarları › İş №2-1(118)-1354/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1354/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1354/2023 26.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qusar şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 19 sentyabr 2022-ci il tarixli, **********23 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Qusar şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri - torpaq sahəsinin ayrılması barədə Qusar Bələdiyyəsinin 23 noyabr 2005-ci il tarixli qərarını, 09 dekabr 2005-ci il tarixli alqı-satqı aktını torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə aktı .Qusar RillB aparatının Memarlıq və tikinti şöbəsinin verdiyi Qusar şəhərinin baş planından çıxarışı, DT və XK -nin Qusar rayon şöbəsinin rəyini, torpağın alqı-satqısı üçün ödənmiş məbləğin qəbzini təqdim etmişdir. Lakin, cavabdeh dövlət qeydiyyatının aparılmasından 19 sentyabr 2022-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin bildirişində əsasız bəhanələr gətirmişdir. Bildirişdə qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha dan ibarət torpaq sahəsi üçün Qusar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı və DT və XK tərəfindən təsdiq olunmuş alqısatqı aktının Qusar rayon Dövlət arxivinə təqdim edilib-edilməməsi barədə məlumat əldə etmək üçün verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin aktın arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin torpaq sahəsindəki tikilinin lahiyəsinin faktiki vəziyyətə uyğun gəlmədiyi qeyd edilmişdir .Qeyd edir ki, tikili üzərində hüququn qeydiyyata alınmasından imtinanın dəlliləri əsaslı olduğundan bu hissədə imtina tərəflərindən mübahisələndirilmir. Həmçinin qeyd edir ki, hal-hazırda tikilinin lahiyəsi faktiki vəziyyətlə uyğunlaşdırılmışdır. Torpaq sahəsi bələdiyyə tərəfindən mülkiyyətə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq ona təhvil verilməsi barədə ayrıc aktı da tərtib edilmiş, torpaq sahəsinin alınması ilə bağlı iddiaçı bələdiyyənin hesabına müəyyənləşdirilmiş pul məbləği ödəmişdir. Cavabdeh qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair akt arxivlərində aşkar edilməmişdir. Məhkəməyə bildirir ki, İddiaçı torpaq sahəsini bəyənmiş, onu müvafiq qaydada ayrıc aktına əsasən qəbul etmiş , müvafiq ödənişi ödəmişdir. DT və XK -nin Qusar rayon şöbəsinin iştirakı ilə Qusar Bələdiyyəsi ilə onun arasında torpağın alqısatqısına dair akt tərtib olunmuşdur və bir nüsxəsi də ona təqdim olunmuşdur. Sənədləşmə zamanı iddiaçının soyadı Şahbazova idi. Soyadın dəyişdirilməsinə əsas olmuş sənəd iddia ərizəsinə əlavə olunur. Həmçinin qeyd etməyi lazım bilir ki, iddiaçı torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni müvafiq qaydaya uyğun müraciət etmiş , müvafiq ödənişi ödəyərək torpaq sahəsi müvafiq qaydada təhvil alaraq qəbul etmişdir. Halhazırda da həmin torpaqdan mübahisəsiz istifadə edir. Hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi əsassızdır. Torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq iddiaçıya təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli dövlət orqanların iştirakı və imzası ilə həyata keçirilmişdir. Hər bir halda həmin torpaq sahəsi ilə əlaqədar alqı-satqı proseduru başa çatmışdır. Həmİn torpaq sahəsinin məhz təyinatı üzrə 0.04 ha-dan ibarət olmaqla fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması müvafiq qurumlarla razılaşdırılmışdır. İddiaçı üzərimə düşən öhdəlik isə torpaq sahəsinə dair müvafiq ödənişi ödəmək idi ki, iddiaçı bunu edərək vəzifəsini yerinə yetirmiş və bələdiyyənin ona qarşı hər hansı etirazı və tələbi yoxdur. Həmçinin qeyd etdiyi kimi həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin tikintisi üçün eyni əsaslarla ayrılmış bir çox torpaq sahələrinin üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha torpaq sahəsi üçün Qusar rayon Qusar bələdiyyəsinin 23.11 2005-ci il tarixli 12/1-32 saylı qərarı və DTXK tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Bununla əlaqədar, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsi üçün təqdim edilmiş Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/4-32 saylı qərarını, torpaqların alqı-satqısına dair aktını və digər torpaqayırma sənədlərini Quba rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumat verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərini Ərazi İdarəsinə göndərilməsi məqsədi ilə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab olaraq Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/4-32 saylı qərarın arxiv nüsxəsi göndərilmiş, lakin torpaqların alqı-satqısına dair aktın arxiv nüsxəsi təqdim edilməmişdir. Bundan əlavə, fərdi yaşayış evi ərizəyə əlavə olunmuş layihədən fərqli inşa edilmişdir. Belə ki, layihədə mansard göstərilsə də faktiki vəziyyətdə mövcud deyildir, pəncərələrin yeri layihədə düzgün göstərilməmişdir və faktiki mövcud olan pəncərələrin biri layihədə öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubla imtina olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsində göstərilir ki. torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən olunmur. İddia mahiyyəti baxımındanda aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Qusar şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha torpaq sahəsi üçün Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/1-32 saylı qərarı və DTXK tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair akt təqdim edilmişdir. Bununla əlaqədar, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən yuxarıda qeyd olunan torpaq sahəsi üçün təqdim edilmiş Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/4-32 saylı qərarını, torpaqların alqı-satqısına dair aktını və digər torpaqayırma sənədlərini Quba rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumat verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərini Ərazi İdarəsinə göndərilməsi məqsədi ilə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab olaraq Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/4-32 saylı qərarın arxiv nüsxəsi göndərilmiş, lakin torpaqların alqı-satqısına dair aktın arxiv nüsxəsi təqdim edilməmişdir. Bundan əlavə, fərdi yaşayış evi ərizəyə əlavə olunmuş layihədən fərqli inşa edilmişdir. Belə ki, layihədə mansard göstərilsə də faktiki vəziyyətdə mövcud deyildir, pəncərələrin yeri layihədə düzgün göstərilməmişdir və faktiki mövcud olan pəncərələrin biri layihədə öz əksini tapmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir . Məhkəmə ilkin olaraq cavabdeh inzibati orqanın etirazında fərdi yaşayış evi ilə bağlı göstərdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, iddia yalnız torpaq sahəsi ilə bağlı olduğu üçün həmin hallar hazırda araşdırma predmeti təkil etmir. Torpaq sahəsi ilə bağlı isə iş materialları ilə müəyyən edilir ki, Qusar Bələdiyyəsinin 12/4-32 saylı, 23 noyabr 2005-ci il tarixli Qərarı ilə X2 Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Şarvili küçəsində 400.0 kv.m torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. 09 dekabr 2005-ci il tarixdə alqı-satqı aktı tərtib edilmişdir. 975747 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda Qusar rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti Şöbəsinin müdiri və Qusar Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Qusar şəhərinin Baş Planından çıxarış məhkəməyə təqdim edilmişdir. Baş Planda iddiaçıya məxsus torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri əsaslı deyil, iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Cavabdeh orqan qeyd edir ki, Qusar rayon Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12/4-32 saylı qərarın arxiv nüsxəsi göndərilmiş, lakin torpaqların alqı-satqısına dair aktın arxiv nüsxəsi təqdim edilməmişdir. İş materiallarından görünür ki, 09 dekabr 2005-ci il tarixdə alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Qusar Bələdiyyəsinin A-40 saylı, 15 mart 2023-cü il tarixli arayışında Qusar şəhəri Şarvili küçəsi 53 saylı evin əmlak və torpaq vergilərinin iddiaçının özü tərəfindən ödənildiyi və heç bir borcunun qalmadığı, torpaq sahəsi ilə bağlı heç bir mübahisənin olmadığı qeyd edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilir ki, torpaq sahəsi ilə bağlı hərhansı sərhəd mübahisəsi yoxdur, torpaq sahəsi təyinatına uyğun istifadə olunur, kommunikasiya xətləri keçmir. Qeyd edilənlərdən göründüyü kimi iddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qusar şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar