Məhkəmə qərarları › İş №2-1(118)-1354/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1354/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1354/2024 11.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08 sentyabr 1988-ci il tarixli, 150-6 nömrəli qərarına əsasən ayrılmış 0,1113 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə ona məxsus olan Abşeron raonu, Novxanı kəndi, Sultanbəyov küçəsində 5 saylı yaşayış sahəsində yerləşən bağ evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının tanınması, dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08 sentyabr 1988-ci il tarixli, 150-6 nömrəli qərarına əsasən ayrılmış 0,1113 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08 sentyabr 1988-ci il tarixli, 150-6 nömrəli qərarına əsasən Abşeron rayonu, Novxanı kəndində ‘‘Qələbə” şirkətinin üzvü İddiaçı 500 kv m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 35 ildir ki, iddiaçının istifadəsindədir. Orada 2 mərtəbəli, fərdi yaşayış evi tikmiş və 1988-ci ildən bu günə kimi 7 nəfərdən ibarət ailə üzvləri həmin evdə yaşayırlar. Abşeron Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş reyestr № 9132 inventar işi № 10, 12 iyun 1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Novxanı sovxozu ərazisi “Qələbə” şirkətində 3 yaşayış otağı sahəsi 83,0 kv m, köməkçi sahəsi 50,4 kv.m ibarət olan 685 №-li bağ evi XDS İcraiyyə Komitəsinin 150-6 №-li xx.xx.1992-ci il tarixli qərarı əsasında vətəndaş İddiaçı adına qeydə alınmışdır. Həmin torpaq sahəsinin və üzərində tikdirdiyi fərdi yaşayış evinin üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış alınması və torpaq sahəsinin plan-ölçüsünün alınması ilə bağlı cavabdeh idarəyə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina bildirişi verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Ağayev iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, hüquq sahibinə baq sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda sözügedən bağ sahəsinə dair məlumatların aşkarlanmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli, 150-6 nömrəli qərarından çıxarışın arxiv arayışının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, idarəyə təqdim edilmiş 9132 reyestr və 10 inventar nömrəli texniki pasportda torpaq sahəsi 0,15 ha göstərilsə də, Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988 ci il tarixli, 150-6 nömrəli qərarından cıxansda 0,05 ha, faktiki vəziyyətdə isə 0,1113 ha olduğu müəyyən olunmuşdur. İş materiallarında olan : - 9132 reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayon Noxanı sovxozu ərazisi, “Qələbə” şirkətində 3 yaşayış otağı sahəsi 83,0 kv m, köməkçi sahəsi 50,4 kv m ibarət olan 685 №-li bağ evi İddiaçı adına qeydə alınmışdır. - 22 avqust 2023-cü il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 150/6 №-li qərarı ilə Abşeron rayonu bağçılıqyoldaşlıq birlikləri (şirkətləri) yaradılmış, Nizamnamələri qeydə alınmış və birliyə daxil olan hər bir üzvə (ailəyə) torpaq sahəsi verilmişdir. “Qələbə” şirkətinin işçiləri X2 rayon Komitəsindən bağçılıq və bostançılıq üçün torpaq sahəsi tələb edənlərin siyahısı tərtib edilmişdir. Həmin siyahıda İddiaçı də adı vardır. ( sıra №-si 548). - Novxanı bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Novxanı kəndi S.Bəy küçəsində istifadəsində 0,10 ha torpaq sahəsi mövcuddur. Vətəndaşa məxsus torpaq sahəsinin vergisi 2022-ci ildən 2023-cü il daxil hər il ödənilmişdir. 31 dekabr 2023-cü il tarixədək vergi borcu yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 9132 reyestr nömrəli, 10 inventar nömrəli qeydiyyat vəsiqəsi və verilməsi üçün əsas olmuş səənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - İddiaçı məxsus torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsinin faktiki ölçüləri 0.1113 ha təşkil edir. Həmin torpaq sahəsi üzərində texniki pasportda göstərilən ölçülərə uyğun fərdi yaşayış evi mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçınn nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq -6- təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtina cavabı bir neçə dəlildən ibarətdir : 1)arxiv əsaslarında saxlnılan adlı siyahıda sözügedən bağ sahəsinə dair məlumatların aşkar edilməməsi; 2) Abşeron rayon XDS İK-nin 03 sentyabr 1988-ci il tarixli 150-6 nömrəli qərarından arxiv çıxarışının hazırki müraciətə əlavə edilməməsi; 3) bağ evinin yerləşdii torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluğun aşkar edilməməsi; 4) qərarda çıxarışda torpaq sahəsinin ölçülərinin 0.05 ha,texniki pasportda 0.15 ha, faktiki vəziyyətdə isə 0.1113 ha təşkil etməsi. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən arxiv çıxarışında “Qələbə” şirkətinin işçiləri X2 rayon Komitəsindən bağçılıq və bostançılıq üçün torpaq sahəsi tələb edənlərin siyahısında 548 saylı sırada İddiaçı adının olması qeyd edilmişdir. Həmin arxiv çıxarışında həmçinin Abşeron rayon XDS İKnin 03 sentyabr 1988-ci il tarixli 150-6 nömrəli qərarı ilə Abşeron rayonu bağçılıqyoldaşlıq birlikləri (şirkətlər) yaradılması, Nizamnamələrinin qeydə alınması və birliyə daxil olan hər bir üzvə (ailəyə) torpaq sahəsinin verilməsi qeyd edilmişdir. Cavabdeh torpaq sahəsinin sənəd üzrə və faktiki konfiqurasiyanın fərqli olmasına istinad etsə də, həmin fərqin nədən ibarıt olmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda cavabdeh idarənin mühəndisi tərəfindən tərtib olunan müayinə aktında bu barədə hər hansı qeyd aparılmamışdır. Torpaq sahəsinin ölçüləri ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qərardan çıxarışda ayrılan torpaq sahəsinin ölçüləri 500 kv m göstərilsə də, 1992-ci ildə tərtib edilən texniki pasportda torpaq sahəsinin ölçüləri 1500 kv m göstərilmişdir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququların yaranması və qeydə alınması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:..... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. ......2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport ( həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciıətinin təmin olunmasından imtina üçün mötəbər əsaslar mövcud deyildir. Torpaq sahəsinin iddiaçıya ayrılması və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının artıq qeydə alınması işin mübahisəsiz hallarına aiddir. Fərdi yaşayış evinə dair texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüləri 1500 kv m göstərilmişdir. Lakin faktiki ölçülərinin 0.1113 ha olması və iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin həcmdə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göstərilən Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08 sentyabr 1988-ci il tarixli, 150-6 nömrəli qərarına əsasən ayrılmış 0,1113 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08 sentyabr 1988-ci il tarixli, 150-6 nömrəli qərarına əsasən ayrılmış 0,1113 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar