Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1358/2021 16.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 13.03.2017-ci il tarixdən təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 13.03.2017-ci il tarixdən təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Ermənistanın Krasnoselo rayonunda anadan olmuşdur. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1, mənzil 124-də qeydiyyatdadır. Faktiki olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. 1994-cü ildə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Həmin vaxtdan 06.09.2015-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan polkovnik- leytenantdır. Belə ki, 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində təhsil almışdır. Təhsilini başa çatdırdıqdan sonra «leytenant» hərbi rütbəsi ilə xidmətini davam etdirmək üçün müxtəlif hərbi hissələrə göndərilmiş və hərbi hissələrdə müvafiq vəzifələrdə xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 22.06.2015-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «J» bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N №-li hərbi hissə komandirinin 01.07.2015-ci il tarixli 188 saylı əmri ilə 06.09.2015-ci ildən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi uçota durmaq üçün Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsinə göndərilmişdir. 21.10.2000-ci il tarixdə həmin idarənin çağırışı ilə Vətən müharibəsinin iştirakçısı olmuşdur. 13.03.2017ci il tarixdən kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə ayı 100 manatdan kirayədə yaşamış və mənzillə təmin edilənədək müvəqqəti kirayə xərci ödənilmişdir. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin 28.12.2016-cı il tarixli 350 saylı Sərəncamına əsasən mənzil növbəsinə götürülmüşdür. Lakin 2019-cu ilin sentyabr ayından əsassız olaraq müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi dayandırılmışdır. O, müvəqqəti mənzil kirayəsi üçün ödənilmiş pul kopmensasiyasının bərpa olunması barədə icra hakimiyyətinə rəsmi müraciət etmişdir. Sumqayıt ŞİH-nin mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın imzası ilə ona 31.05.2021-ci il tarixli məktubla rəsmi cavab verilmişdir. Məktubda göstərilir: «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 №- li qərarına əsasən yaşa, xəstəliyə və ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına görə 156-cı maddənin «J» bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır». Təəccüb ediləsi haldır. «Hərbi xıdmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddənin «J» bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməməsi heç bir yerdə qeyd edilməmişdir. Hesab edir ki, məsələyə subyektiv fikirlə, öz prizmasından yanaşan icra hakimiyyətinin nümayəndəsi onun haqqında qanunsuzluğa yol vermişdir. O, Silahlı Qüvvələrdə 20 ildən artıq qüsursuz xidmət etdiyi üçün «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən mənzillə və ya mənzillə təmin olunanadək pul kompensasiyası ilə təmin olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli Fərmanına əsasən 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə dövlət hesabına mənzillə təmin olunmalı, lakin mənzillə də təmin olunmamışdır. Qanunvericilikdə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial-iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək uzrə, təhsil, sosial sığorta, maliyyə, mənzil və səhiyyə sahələrində güzəştlərə bölünürlər. Həmin güzəştlər arasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericilikdə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunvericilik, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq, nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. Qanunvericilik yalnız yaşa, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Nazirlər Kabinetinin göstərilən Qaydalarına münasibətdə «Hərbi qulluqçuların statusu haqqında» Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan tətbiq edildiyi subyektlərin dairəsi ayırd edilmədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Qanunvericiliyin normalarından da göründüyü kimi o və ailə üzvləri ilk növbədə mənzillə təmin olunmalıdırlar. Ya da ona qanunda nəzərdə tutulan pul kompensasiyası ödənilməlidir. Bunların heç birinin olmadığı halda hesab edir ki, hüquqları kobud surətdə pozulmuş olur. Müvəqqəti yaşayış sahəsinin kirayəsi uçun ona ödənilən pul kompensasiyasının dayandırılması tamamilə qanunsuzdur. Ona görə də hesab edir ki, ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi bərpa edilməlidir. Ya mənzillə təmin olunmalı, ya da ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər icra Hakimiyyətinə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 13.03.2017-ci il tarixdən təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi tələbinə dair” iddia ərizəsi aşağıda göstərilənlərə əsasən etirazla qarşılanır. Belə ki, 1976-cı il təvəllüdlü İddiaçı 16.09.1994-cü il tarixdən 22.06.2015-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. Müdafiə Nazirliyinin 22.06.2015-ci il tarixli 0325 saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “156-cı maddəsinin «J» bəndinə (öz arzusu ilə) əsasən tarixdə ehtiyata buraxılmış, 06.09.2015-ci il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən 156-cı maddənin “j” bəndinə əsassən öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus EZ ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmiş, 16 sentyabr 1994-cü ildən hərbi xidmətə başlamış, 06 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0325 nömrəli, 22 iyun 2015-ci il tarixli əmri ilə “Hərbi xidmət keçməs haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 350 saylı, 28 dekabr 2016-cı il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və onun ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir. - İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsini xahiş etmiş, lakin cavabdehin 31 may 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 16 sentyabr 1994-cü ildən hərbi xidmətə başlamış, 06 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0325 nömrəli, 22 iyun 2015-ci il tarixli əmri ilə “Hərbi xidmət keçməsi haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 350 saylı, 28 dekabr 2016-cı il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 2019-cu ilin sentyabr ayından sonra ona kirayə mənzilə görə kompensasiya ödənişi dayandırılmışdır. Buna görə o, kompensasiya ödənişinin bərpa edilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehin 15 iyul 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın həmin məktubunda imtinanın əsası kimi “Hərbi xidmət keçməsi haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin nəzərdə tutulmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtiası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06.08.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin istinad olunan 6 avqust 2012-ci il tarixli qərarında yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil kirayəsi üçün kompensasiya hüququnun tanındığı, öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin V bəndində isə deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. -2.7-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Sonuncu müddəanın tətbiqi onu ehtiva edir ki, Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi ayırd edilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 13.03.2017-ci il tarixdən təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 13.03.2017-ci il tarixdən təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1358/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1358/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver