Məhkəmə qərarları › İş №2-1(118)-1358/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1358/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1358/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı “06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ona əlilliyə görə pensiya ödənilməsi öhdəliyini cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 06 aprel 2016-cıil tarixdən 06 aprel 2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. Həmin müddət ərzində ikinci qrup əlil olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin müddət bitdikdən sonra, yəni 06 aprel 2021-ci il tarixdən sonra ona əlilliyə görə əmək pensiyasının ödənilməsi də dayandırılmışdır. Yenidən əlillik təyin edilməsi ilə bağlı müraciəti əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 mart 2022-ci il tarixdən 30 mart 2027-ci il tarixədək ümumi xəstəlik səbəbindən ona İİ qrup əlillik təyin edilmişdir. Lakin əlilliyə görə əmək pensiyasının ödənişi 06 aprel 2021-ci il tarixdən deyil, ona əlillik təyin edilən tarixdən ödənilməyə başlamışdır. Halbuki həmin tarixdə əlilliyin yenidən təyini ilə bağlı müayinələrə cəlb edilmiş və həmin müayinələr əsasında əlilliyi qiymətləndirilmiş və İİ qrup əlillik təyin edilmişdir. Həmin müddətdə, yəni 06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək onun əlilliyi yeni müayinələr səbəbindən dayandırılsa da, xəstəliyi davam etmiş və əlilliyin yenidən 30 mart 2022-ci ildə qiymətləndirilməsi onun həmin tarixə qədərki dövrlərdə əlilliyini istisna etmir. Bu səbəbdən o, 06 aprel 2021 -ci il tarixdən 30 mart 2022-ci il tarixədək mənə əlilliyə görə ödənilməyən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqan tərəfindən bu günə qədər onun müraciətinə hər hansı cavab verilməmişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır təmin edilməməlidir: Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş əlilliyə görə pensiya ödənişinin dayandırılmışdır. Bundan sonra, yenidən əlilliyə görə pensiya təyin olunması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılaraq, İİ qrup əlillik təyin olunmuş və müvafiq tarixdən pensiya ödənişi həyata keçirilmişdir. Lakin, iddiaçı bununla razılaşmayıb, cavabdehə müraciət edərək ona pensiya ödənişinin xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsini tələb etmişdir. Cavabdeh müvafiq olaraq, ona əlilliyin müəyyən olunması ilə əlaqədar olaraq, qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddət ötürüldüyündən pensiya ödənişinin qeyd olunan tarixdən ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir. İddiaçı bununla razı olmayaraq, məhkəməyə müraciət etmişdir. İş üzrə icraat materiallarından göründüyü kimi İddiaçı xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. Lakin, iddiaçının növbəti müayinəsi xx.xx.2022-ci tarixdə həyat keçirildiyindən X2 Sistemindən çıxarışa əsasən ona əlilliyə görə əmək pensiyası qeyd olunan müddətdən bərpa edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 11 ay 3 həftə təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Pretenziya məktubunun göndərilməsinə dair xəbərnamə, TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2022-ci il tarixli əlilliyin təyin edilməsi haqqında məlumatların surəti, fondun etiraz ərizəsi, DSMF-nin **********2 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun əlilliyə görə əmək pensiyası aldığı vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Abşeron-Xızı regional filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı iddiaçının müraciətinə cavab verməmiş və cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İş materiallarından müəyyən olundu ki, iddiaçıya 06 aprel 2016-cı il tarixdən 06 aprel 2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmiş və həmin müddət ərzində ikinci qrup əlil olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən sonra ona əlilliyə görə əmək pensiyasının ödənilməsi də dayandırılmış və yenidən əlillik təyin edilməsi ilə bağlı müraciəti əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 mart 2022-ci il tarixdən 30 mart 2027-ci il tarixədək ümumi xəstəlik səbəbindən ona İİ qrup əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ödənilməyən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmadığından iddia təmin edilməlidir. “Əmək pensiyaları haqqında’’ Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının (TSEK) müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir (3.1.). Şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir ( 3.3-1.). Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının İİ dərəcə əlil olması işin mübahisəsiz tərəfidir, yəni iddiaçının əlil olması mübahisələndirilmir. Belə ki, xx.xx.2016-xx.xx.2021 və xx.xx.2022-ci illər üzrə iddiaçıya əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 11 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 11 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 11 aylıq müddət ərzində iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək İddiaçı əlilliyə görə əmək pensiyası ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron- Xızı regional filialına həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar