Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1360/2023 25.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən daşınmaz əmlak mərhum X3 tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Müqavilənin predmeti ümumi sahəsi 1032.0 kv m olan 2 ədəd mal tövləsi, ümumi sahəsi 30.0 kv m olan təsərrüfat damı və 0.2 ha torpaq sahəsi olmuşdur. Alqı-satqı müqaviləsinə əsasən mərhum H.Muxtarovun mülkiyyətinə keçən “A”, “B” və “V” tikililərinə, keçmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 2003-cü il tarixli 091 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. H.Muxtarov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı vərəsəli qaydasında əmlakı öz adına sənədləşdirməkdən ötrü cavabdeh idarəyə müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. İş materiallarından müəyyən olunduğu kimi mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsi elektron baza məlumatlarına əsasən hazırda Bakı şəhəri inzibati ərazisinin hüdudları daxilində yerləşir. Məhkəmə qeyd edir ki, hazırki tələb sərəncamın etibarsız hesab olunması barədə olsa da, mübahisə torpaq sahəsi (daşınmaz əmlak) ilə bağlı olduğundan iddiaçı müstəsna aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2-1(118)-1360/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1360/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1360/2023
25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver