Məhkəmə qərarları › İş №2-1(118)-1362/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1362/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1362/2022 24.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 1 ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Novxanı bağ massivində 137V ünvanında yerləşən torpaq sahəsi üzərində atası X5 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-1362/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Hassanzadeh Roghayeh məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan bağ sahəsi 25 iyun 2004-cü tarixli 409 saylı icarə müqaviləsinə əsasən onun atası X5 uzunmüddətli icarəsinə verilmişdir. Atası həmin torpaq sahəsi üzərində inşa edilmiş bir otaqdan ibarət, sahəsi 45,52 kv.m. olan bağ evindən birini xx.xx.2007-ci ildə Sumqayıt şəhər 3 saylı dövlət Notariat Ofisində qeydə alınmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X2 və bu müqavilə əsasında cavabdeh təşkilat tərəfindən verilmiş yeni çıxarış və texniki pasportda həmin ev üzərində hüquqların E.Əzimiyə, torpaq sahəsi üzərində isə tam hüquqların atasına məxsus olması göstərilmişdir. Onun atası xx.xx.2008-ci ildə dünyasını dəyişmişdir. Onun vəfatından sonra o atasının istifadəsində qalan torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı notariusa müraciət etmiş və ona izah olunmuşdur ki, o ilk öncə atasının istifadəsində olan həmin torpaq sahəsi üzərində atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməli və həmin çıxarış verildikdən sonra vərəsə kimi torpaq sahəsinin adına rəsmiləşdirilməsini həyata keçirə bilər. Bundan sonra o cavabdeh təşkilata müraciət etmiş və atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edən cavabdeh bunu həmin torpaq sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırılmışdır. Cavabdehin bu imtinasının heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən verilmiş və hazırda da qüvvədə olan ******* saylı RX seriyalı çıxarışda və texniki pasportda bağ evi üzərində hüquqların R.Əzimiyə, torpaq sahəsi üzərində isə tam hüquqların atasına məxsus olması göstərilmiş, atasının adına mülkün olması barədə cavabdeh təşkilat tərəfindən arayış verilmiş və bu da ona əsas verir ki, bu torpaq sahəsi üzərində hüquqlar onun mərhum atasına məxsusdur. Bağ evini almış şəxsin vərəsələri arasında baş vermiş məhkəmə mübahisəsinin hazırki məsələyə aidiyyatı yoxdur. Belə ki, burada özəlləşdirilməsi istənilən mərhum atası tərəfindən E.Əzimiyə satılmış yaşayış evi ilə bağlı deyil, həmin ərazidə olan və satılan evin altına düşməyən torpaq sahəsi ilə bağlıdır. Cavabdehin bu imtinası tamamilə əsassızdır, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas verən yetərincə sənədlərin olmasına baxmayaraq cavabdeh təşkilat əsassız səbəblər gətirməklə bundan imtina etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Xudabaxşıyeva Xatirə Ağakişi qızı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən torpaq sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Xudabaxşıyeva Xatirə Ağakişi qızına bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Dövlət notariat kontorunda bağlanmış 4Ə/271 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X9 mükiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermiş və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-692 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X9 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X21 mülkiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermiş və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Həmçinin sonradan Qubadlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)- 346/2020 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evinə dair X21 əldə etdiyi hüquqlar ləğv edilmiş və daşınmaz əmlakın bağışlanması müqaviləsindən əvvəlki vəziyyət bərpa edilmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2.3-cü və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X15 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZ-İ № 291305 saylı “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 04 fevral 2008-ci il tarixdə ölmüşdür. - “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 4309 nömrəli, 25 iyun 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan torpaq sahəsi 25 iyun 2000-ci il tarixdən 25 dekabr 2010-cu il tarixədək X5 icarəsinə verilmişdir. - AN-İ ******* saylı, 13 aprel 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X8 tərəfindən Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evi X1, 0,159 ha torpaq sahəsi isə alıcının istifadəsinə verilmişdir. - MH seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivində yerləşən 137V nömrəli bağ evi tam mülkiyyət hüququ ilə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V Azimi Einollah tərəfindən X22 hədiyyə edilmişdir. - Qubadlı rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X31, X6, X26, X28, X13 Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X16 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azimi Eionollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-nin X22 bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən X17 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. - Həmin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X17, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə X4 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanında yerləşən bağ evi “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 4309 saylı müqavilə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi tərəfindən X5 icarəsinə verilmiş torpaq sahəsində yerləşir. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V 11/12 hissədə Hassanzadeh Roghayehin xüsusi mülkiyyətindədir, 1/12 hissədə isə açıq pay kimi qalmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 2V-125 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Azimi Ali, Hassanzadeh Roghayeh, X39, X36, X32. Miras əmlakda 1/6 hissəsində X18 payı açıq saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesstri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 4309 nömrəli, 25 iyun 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan torpaq sahəsi 25 iyun 2000-ci il tarixdən 25 dekabr 2010-cu il tarixədək X5 icarəsinə verilmişdir. X10 həmin torpaq sahəsi üzərində yerləşən və ona məxsus 137V saylı bağ evini notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, 13 aprel 2007-ci il tarixli müqavilə əsasında X2, torpaq sahəsini isə həmin şəxsin istifadəsinə vermişdir. X3 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə X22 hədiyyə etmişdir. Sonuncu həmin evə dair mülkiyyət hüququ “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar X31, X6, X26, X28, X13 cavabdehlər X25, X23 qarşı etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə iddiaları üzrə Qubadlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətanməsi ilə iddianın qismən təmin edilməsi, Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137-V-nin X22 bağışlanması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X17 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə verilmş çıxarışın ləğv edilməsi qərara alınışdır. Hazırki iş üzrə iddiaçı mərhum atası X4 icarəsinə verilmiş 0,159 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi Novxanı bağ massivi, 137V ünvanında yerləşən torpaq sahəsi üzərində mübahisəli halın olması göstərilmişdir. Cavabdeh orqan tərəfindən mübahisəli hal kimi yuxarıda qeyd olunan hallar, yəni Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137v ünvanında yerləşən bağ sahəsi ilə bağlı mübahisələr göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi mübahisə iddiaçının mərhum atasına məxsus torpaq sahəsi ilə bağlı deyil, onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlıdır. Həmin torpaq sahəsi yuxarıda adı qeyd olunan notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin predmeti deyildir. Bundan başqa müavilədən göründüyü kimi fərdi yaşayış evi xarici dövlətin vətəndaşına satılmışdır, belə olan halda qanunvericiliklə torpaq sahəsinin xarici dövlətin vətəndaşına satılması qadağan edilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Həmin Məcəllənin 86.4-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Göründüyü kimi qanunvericilik torpaq sahəsinin xarici fiziki və ya hüquqi şəxslərə satılmasını qadağan edir. Bundan başqa iddiaçının mərhum atasının həmin torpaq sahəsinə icarə hüququ “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 4309 saylı, 25 iyun 2004-cü il tarixli müqavilə əsasında yaranmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində iddiaçının atası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində İddiaçı atası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar