Məhkəmə qərarları › İş №2-1(118)-1364/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1364/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1364/2021 01.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ünvan 1 ünvanında yerləşən 32-33 saylı otağın sökülməsi ilə bağlı verilmiş kompensasiya məbləğinin yarısının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ünvan 1 ünvanında yerləşən 32-33 saylı otağın sökülməsi ilə bağlı verilmiş kompensasiya məbləğinin yarısının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bayrmova Səmərqə ilə 1995-ci ildə faktiki, 10 mart 2009-cu ildə isə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahdan 10.06.1997-ci il təvəllüdlü Gülnar adlı bir övladları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarda bağlanmış nikah ləğv olunmuşdur. Onlar birgə yaşadıqları müddətdə ünvan 1 ünvanında əvvəlcə 32 saylı bir otaqları olmuş, daha sonra 33 saylı otağı da əldə etməklə hər iki otaqdan istifadə etmiş və bu ünvan üzrə daimi qeydiyyata alınmışlar. Lakin birgə yaşadıqları vaxt otaqların arasını açmaqla hər iki otağı birləşdirmişlər. Sonradan aralarında münasibətlər pozulmuş və 2014-cü ilin noyabr ayının 25-də keçmiş həyat yoldaşı onu həmin mənzildən qovmuşdur. Bundan sonra o həmin mənzilə köçürülməsi barədə iddia qaldırmış və Sumqayıt şəhər Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Qarşı tərəf məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.12.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra o qətnamədən AR Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, lakin AR Ali Məhkəməsi MKnın 28 aprel 2016-cı il tarixli qərarı ilə qarşı tərəfin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsində iddia qaldırmaqla həmin mənzildən istifadə qaydalarının müəyyən olunması, 32 saylı otağın onun, 33 saylı otağın isə keçmiş həyat yoldaşının istifadəsinə verilməsini iddia etmiş, Sumqayıt şəhər Məhkəməsinin 06.09.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuşdur. (hakim İ.Məmmədov) Həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 22 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən qarşı tərəfin apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qarşı tərəf qətnamədən kassasiya şikayəti vermiş, işə Ali məhkəmədə baxılan ərəfələrdə artıq həmin yataqxana söküldüyü üçün iddia tələbi üzrə icraata xitam verilmişdir. Keçmiş həyat yoldaşı bu vəziyyətdən istifadə edərək yataqxananın sökülməsi ilə bağlı təyin edilmiş 31000 manat məbləğində kompensasiyanı özü almış, bu ona məlum olduqdan sonra o məhkəmə qərarları əsasında cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinə və ərazi MİS-nə müraciət etmiş. Lakin ona bildirilmişdir ki, həmin verilmiş vəsaitdən ona çatası payın müəyyən edilməsi və cavabdehdən alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Keçmiş həyat yoldaşına kompensasiya verilərkən o həmin mənzildə qeydiyyatda olmuş və artıq həmin vaxt 32 saylı otağın onun, 33 saylı otağın isə keçmiş həyat yoldaşının istifadəsinə verilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin 06.09.2017-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Yalnız həmin mülki işə AR Ali Məhkəməsinin MK-da baxılan vaxt artıq yataqxananın söküldüyü və kompensasiya verildiyi üçün iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Buradan aydın olur ki, cavabdeh təşkilat həmin kompensasiya məbləğini bütünlükdə keçmiş həyat yoldaşına verməkdə haqlı olmamışdır. Çünki onlar həmin vaxt artıq boşanmışdılar və 1 otaq onun istifadəsinə verilmişdir. Kompensasiya verilən vaxt onun orda yaşaması isə keçmiş həyat yoldaşının onu həmin yaşayış sahəsinə buraxmaması və bununla bağlı məhkəmə mübahisələrinin davam etməsi ilə bağlı olmuşdur. Lakin bu halları nəzərə almayan cavabdeh hesablanmış kompensasiyanın yarı hissəsini onun adına köçürməli olduğu halda bunu etməmiş, onun bununla bağlı müraciətinə cavab olaraq bildirmişdir ki, o keçmiş həyat yoldaşına verilmiş kompensasiyanın yarısının ona verilməsi ilə bağlı keçmiş həyat yoldaşına qarşı iddia qaldırmalıdır. Belə hesab edir ki, onun keçmiş həyat yoldaşına qarşı belə bir iddia qaldırması barədə fikir bildirən cavabdeh özünü öhdəlikdən qurtarmağa çalışır, belə ki, həmin məbləğ cavabdeh tərəfindən onun hesabına köçürülməli idi. Pulun tam həcmdə keçmiş həyat yoldaşının hesabına köçürülməsi cavabdehin günahı üzündən baş verdiyi üçün o keçmiş həyat yoldaşına qarşı iddia qaldırmaqla ona artıq ödənilmiş olduğu pulun geri qaytarılması ilə bağlı iddia qaldırmaq hüququnu özündə saxlayır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı, 1995-ci ildə X4 ilə ailə həyatı qurmuş və bir övladları anadan olmuşdur. Ailə həyatı dövründə İddiaçı 76-cı məhəllə, Sülh küçəsi, 6a saylı yataqxananın 32-33-cü otağında yaşamışlar. Lakin ailə münasibətləri pozulduğu üçün 2015-ci ildə məhkəmə qaydasında boşanmışlar. Nikahları pozulduqdan sonra iddiaçının bildirdiyinə görə keçmiş həyat yoldaşı ona yataqxanada yaşamağa imkan verməmiş və bu səbəbdən mənzil mübahisəsi ilə əlaqədar dəfələrlə işlərinə məhkəmələrdə baxılmışdır. Mübahisəli yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 746 saylı sərəncamı ilə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmiş və 12.03.2018-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1725 saylı sərəncamı ilə sökülmüşdür. 2015-ci ildən 2018-ci ilə qədər İddiaçı həmin yataqxanada yaşamadığı üçün İddiaçı 02.10.2020-ci ildə həmin işlə əlaqədar məhkəmə qrşısında iddia qaldırmışdır. İşə Sumqayıt şəhər Məhkəməsinin hakimi Almaz Süleymanova baxmış və iddiasını rədd etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirak olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli sərəncamından görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə 5 mərtəbəli 4 girişli 6a nömrəli yataqxanadan 200 ailə və ona bitişik tikililərdə yaşayan 9 ailə olmaqla, cəmi 209 ailənin köçürülməsi üçün hər bir ailəyə, ailə üzvlərinin sayı 1 nəfər olduqda- 25000 manat, ailə üzvlərini sayı 2 nəfər olduqda-30000 manat, ailə üvlərinin sayı 3 və daha çox olduqda 35000 manat hesabı ilə ******* manat birdəfəlik maddi yardımın və binanın sökülərək ərazinin abadlaşdırılması üçün 220000 manat olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyətinə cəmi ******* manat pul vəsaiti ayrılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-765/2015 saylı qətnaməsi ilə İddiaçı ilə X4 arasında 10.03.2009-cu il tarixli, 269 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qərara alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi 6A saylı yataqxanada yaşayan 3 və daha çox nəfərdən ibarət olan ailələrin siyahısından görünür ki, 3 ailə üzvləri olan şəxslərin siyahısında iddiaçının adı qeyd olunmamışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi 6A saylı yataqxanada yaşayan 2 nəfərdən ibarət olan ailələrin siyahısından görünür ki, həmin siyahıda iddiaçının keçmiş arvadı X1 və qızı İddiaçı Gülzar qızının adları 6-cı sırada qeyd olunmuşdur. - İddiaçı cavabdehlər X3 və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzilə köçürülmə və mənzilin bölgüsünə dair iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 7346/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1-da yerləşən 32-33 saylı otağa köçürülməsi qət edilmişdir. - Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(105)-2161/2015 saylı qətanməsi ilə iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7346/2015 saylı, 16 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(102)-18644/2016 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 14 dekabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-10459/2017 saylı, 06.09.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpası, istifadə qaydasının müəyyən edilməsi”nə dair iddiası qismən təmin edilmiş, ünvan 1 saylı, otaq 32 və 33-ün tərəflərin hesabına əvvəlki vəziyyətinə qaytarılması, ünvan 1, otaq 33-ün X2, ünvan 1, otaq 32-nin İddiaçı istifadə qaydası müəyyən edilməklə istifadəsinə verilməsi qət edilmişdir. - Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3661/2018 saylı, 07.11.2018-ci il tarixli qətnaməsi ilə S.M.Mehralıyevanın apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 06.09.2017-ci il tarixli qərarı qismən təmin edilmiş hissədə ləğv edilərək, iddia təmin edilməmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3588/2021 saylı, 02.10.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “ödənilmiş pula pay hüququnun tanınması və pul tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-606/2021 saylı, 17.02.2021 tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 2(060)-3588/2021 saylı, 02.10.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh ükçəsi, 6A saylı yataqxananın sökülməsi ilə əlaqədar həmin yataqxanada yaşayan şəxslərə kompensasiya ödənilməsi məqsədilə onların siyahısı tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2018-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə 5 mərtəbəli 4 girişli 6a nömrəli yataqxanadan 200 ailə və ona bitişik tikililərdə yaşayan 9 ailə olmaqla, cəmi 209 ailənin köçürülməsi üçün hər bir ailəyə, ailə üzvlərinin sayı 1 nəfər olduqda-25000 manat, ailə üzvlərini sayı 2 nəfər olduqda-30000 manat, ailə üvlərinin sayı 3 və daha çox olduqda 35000 manat hesabı ilə ******* manat birdəfəlik maddi yardımın və binanın sökülərək ərazinin abadlaşdırılması üçün 220000 manat olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyətinə cəmi ******* manat pul vəsaiti ayrılmışdır. Yuxarıda adı qeyd olunan siyahıda iddiaçının keçmiş arvadı X1 və qızı İddiaçı Gülzar qızının adları qeyd olunmuşdur. Lakin iddiaçı sözügedən yataxanada yaşamadığından onun adı həmin siyahıya daxil edilməmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda adı qeyd olunan məhkəmə aktlarından da göründüyü kimi sözügedən sökülmüş mənzillə bağlı məhkəmə mübahisələri olmuşdur. Lakin iş materiallarından, habelə iddiaçının da izahatından görünür ki, yuxarıda adı qeyd olunan siyahı tərtib olunarkən iddiaçı həmin mənzildə yaşamamışdır. Beləliklə İddiaçı həmin mənzildə yaşamadığından onun adı müvafiq siyahıya salınmamış, onun keçmiş arvadı və qızına iki nəfər ailə üzvü kimi 30000 manat məbləğində kompensasiya ödənilmişdir. Həmin kompensasiya ödənilərkən iki nəfər ailə üzvü nəzərə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh ükçəsi, yataqxana 6A ünvanında yerləşən 32-33 saylı otağın sökülməsi ilə bağlı verilmiş kompensasiya məbləğinin yarısının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ünvan 1 ünvanında yerləşən 32-33 saylı otağın sökülməsi ilə bağlı verilmiş kompensasiya məbləğinin yarısının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar