Məhkəmə qərarları › İş №2-1(118)-1371/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1371/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1371/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı “Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin iddiaçıya 500 kv.m torpaq sahəsinin satılmasına dair 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı ilə Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli iclasının 09 saylı protokolu ilə tarix və nömrə uyğunsuzluqlarının aradan qaldırlması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı “Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin iddiaçıya 500 kv.m torpaq sahəsinin satılmasına dair 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı ilə Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli iclasının 09 saylı protokolu ilə tarix və nömrə uyğunsuzluqlarının aradan qaldırlması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin iyul ayında Xaçmaz bələdiyyəsinə müraciət edərək bələdiyyənin ehtiyyat fondu torpaqlarından fərdi yaşayış evinin tikintisi üçün 500 kvm torpaq sahəsinin satılmasını xahiş etmişdir. Onun ərizəsi əsasında Xaçmaz bələdiyyəsi ona 500 kvm torpaq sahəsi satılması barədə qərarı və torpaqların alqı-satqısına dair aktı tərtib edərək vermiş, ona satılan torpaq sahəsi yerində ölçülərək ona təhkim edilmişdir. Bələdiyyənin ona satdığı 500 kvm torpaq sahəsinə görə tərəfindən Xaçmaz bələdiyyəsinin bank hesabına 900000 manat məbləğində pul ödənilmişdir. Beləliklə, bələdiyyənin 2005-ci ildə mənə satdığı 500 kvm torpaq sahəsi həmin vaxtdan onun qanuni istifadəsindədir. 28 sentyabr 2022-ci il tarixdə mən həmin 500 kvm torpaq sahəsinə Dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona 24 oktyabr 2022-ci il tarixli, **********90 nömrəli məktubla cavab verilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ərizənizə əlavə edilmiş sənədlərdə uyğunsuzluq var. Belə ki, qeyd olunan 0.05 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı olduğu halda ərizənizə əlavə olunmuş Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il 1009 saylı Arxiv çıxarışında və Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 222 saylı arayışında sözügedən qərarın tarixi xx.xx.2005-ci il, nömrəsi isə ‘‘09” kimi qeyd olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. O Reyestr İdarəsinə torpaq sahəsi ilə bağlı sənədləri təqdim edərkən sənədlərdəki uyğunsuzluqlara fikir verməmişdir. Həqiqətən də 500 kvm torpaq sahəsinin ona satılması barədə Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin qərarın tarixi 24 avqust 2005-ci il, qərarın nömrəsi ”10" göstərilmişdir. Xaçmaz rayon Dövlət Arxivindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 1009 nömrəli arxiv çıxarışında isə həmin qərarın tarixi 28 iyul 2005-ci il, qərarın nömrəsi isə “09” göstərilmişdir. O, torpaq sahəsinin satılmasına dair qərarındakı və torpaqların alqısatqısına dair aktdakı tarixlərin və nömrələrin Xaçmaz rayon Dövlət Arxiv çıxarışında göstərilən tarix və nömrə ilə uyğunlaşdırılması üçün Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə müraciət elmişdir. Həmin bələdiyyənin sədri T.X.Məlikovun imzası ilə ona 22.1 1.2022-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, (qeydiyyat № 413) ərizənizə cavab olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə əlaqədar Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1009 saylı arxiv çıxarışı arasında sözügedən sənədlərin tarixləri və nömrələri yazılışında fərq olması ilə bağlı Xaçmaz bələdiyyəsində heç bir məlumat və ya sənəd yoxdur. Əlinizdə olan müvafiq səndlərdəki fərqlərin doğru olub-olmamasını araşdırmaq və bu barədə düzəliş aparmaq Xaçmaz bələdiyyəsinin səlahiyyətinə aid deyildir. Müraciətinizlə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. Hesab edir ki, Xaçmaz bələdiyyəsinin cavabı qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsinin ona satılmasına dair Xaçmaz bələdiyyəsinin qərarını və onun əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair akt Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi tərəfindən tərtib edilməklə möhürlə təsdiq edilmiş, Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilmiş Xaçmaz bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli iclasını 09 saylı protokulu da məhz həmin bələdiyyə tərəfindən arxivə təhvil verilmişdir. Yəni həm qərar və alqı-satqı aktı, həm də arxivə təhvil verilmiş iclas protokulundan çıxarış Xaçmaz bələdiyyəsinin tərtib etdiyi sənədlərdir. Belə olan halda həmin sənədlərdəki tarix və nömrə uyğunsuzluğu onları tərtib etmiş bələdiyyə tərəfindən aradan qaldırılmalıdır. Ya qərar və alqı-satqı aktındakı tarix və nömrə bələdiyyənin iclas protokulunun tarix və nömrəsinə uyğunlaşdırılmalı, ya da ki, əksinə. Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin hərəkətsizliyi nəticəsində o pul ödəyib 2005-ci ildə qanuni əsaslarla əldə etdiyi 500 kvm torpaq sahəsinə Dövlət Reyestrindən mülkiyyət hüququna dair sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, məhkəmənin qəbul edəcəyi qərar etiraz etmədiyini bildirdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Xaçmaz bələdiyyəsi tərəfindən 2005-ci ildə vətəndaşlara torpaq sahəsi ayrılması ilə əlaqədar bələdiyyə məclisi protokolları və digər müvafiq sənədlər, o cümlədən İddiaçı torpaq ayrılması barədə verilmiş yuxarıda göstərilən qərar və torpaq alqı-satqısına dair aktı ilə bağlı Xaçmaz bələdiyyəsində heç bir sənəd mövcud deyildir. Həmin dövrə aid sənədlər X3 saxlanılır. İddiaçı Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 1009 saylı Arxiv Çıxarışından məlum olunur ki Xaçmaz bələdiyyəsi tərəfindən əlində olan Xaçmaz bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı qərarın və torpaq alqı-satqısına dair xx.xx.2005-ci il tarixli 1459 saylı aktın əsillərində (nüsxələrində) arxivdə olan protokolun tarixləri və nömrələrin arasında uyğunsuzluq vardır. Belə olan halda 18 il bundan əvvəl həmin dövrdə seçilmiş bələdiyyə üzvləri tərəfindən keçirilmiş 28.07. 2005-ci il tarixli 09 saylı iclasın protokolu ilə keçmiş bələdiyyə sədrinin vətəndaşın özünə təqdim etmiş olduğu qərar və torpaq alqısatqısına dair aktın tərtibatı arasında olan uyğunsuzluq məhkəmə tərəfindən araşdırılma aparılmadan Xaçmaz bələdiyyəsi tərəfindən düzəliş edilməsi səlahiyyətinin olmadığını hesab edirik. Sözügedən məsələ ilə bağlı Xaçmaz bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı verilmiş Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 729 saylı məktubunu imtina kimi deyil, vətəndaşın müracətinə cavab kimi qiymətləndirməyinizi Sizdən xahiş edirik. Odur ki, İddiaçı Xaçmaz bələdiyyəsi tərəfindən torpaq ayrılmasına dair arxivdə saxlanılan xx.xx.2005-ci il tarixli 09 saylı iclas protokolu ilə vətəndaşın əlində mövcud olan Xaçmaz bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı və ləğv edilmiş (hal-hazırda fəaliyyət göstərməyən) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli 1459 saylı alqı-satqı aktında düzəliş edilməsinin Xaçmaz bələdiyyəsinin üzərinə qoyulub-qoyulmaması haqqında tərəfinizdən çıxarılacaq qərara etiraz etmirik və qanuni hesab edirik.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 saylı, 24 avqust 2005-ci il tarixli qərarından görünür ki, İddiaçı fərdi mənzil tikmək üçün 500 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 19 iyul 2005-ci il tarixli, 27 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin hesabına 900.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 709 saylı, 19 iyul 2005-ci il tarixli rəyindən görünür ki, iddiaçıya torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. - Torpaqların alqı-satqısına dair 1459 saylı, 03 sentyabr 2005-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 saylı, 24 avqust 2005-ci tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin hesabına 900.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 222 saylı, 19 may 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Xaçmaz bələdiyyəsi tərəfindən iddiaçıya 28 iyul 2005-ci il tarixli 09 saylı qərara əsasən fərdi yaşayış evi tikmək məqsədi ilə Xaçmaz şəhəri ərazisindən 500 kvadrat metr torpaq sahəsi ayrılmışdır. - Xaçmaz rayon Dövlət Arxivinin 06 aprel 2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Xaçmaz bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı protokolunda vətəndaş İddiaçı adına torpaq sahəsi ayrılması barədə qərar aşkar edilməmişdir. - Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin iddiaçıya ünvanladığı 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz şəhərində yerləşən 0,05 ha torpaq sahəsi Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 saylı, 24 avqust 2005-ci il tarixli qərarı əsasında İddiaçı satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçıya Xaçmaz şəhərində yerləşən 0,05 ha torpaq sahəsi Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 saylı, 24 avqust 2005-ci il tarixli qərarı ilə torpaq sahəsinin ayrılması cavabdeh orqan tərəfindən də mübahisələndirilməyən haldır. Lakin cavabdeh orqan tərəfindən arxivə təhvil verilən sənəddə Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 saylı, 24 avqust 2005-ci il tarixli qərarı yanlışlıqla 09 saylı, 28 iyul 2005-ci il tarixli kimi qeyd olunmuşdur. Cavabdeh orqan tərəfindən edilən bu yanlışlıq iddiaçının məsuliyyətinə səbəb ola bilməz və onun mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2005-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati iş materiallarından göründüyü kimi cavabdeh orqan tərəfindən arxivə təhvil verilən sənədlərdə Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 saylı, 24 avqust 2005-ci il tarixli qərarının yanlışlıqla 09 saylı, 28 iyul 2005-ci il tarixli kimi qeyd olunması iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına maneə yaranmışdr. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin yanlışlıq iddiaçının təqsiri üzündən baş verməmişdir və düzəliş cavabdeh tərəfindən aparılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin iddiaçıya 500 kv.m torpaq sahəsinin satılmasına dair 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı və torpaqların alqısatqısına dair xx.xx.2005-ci il tarixli aktı ilə Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli iclasının 09 saylı protokolu ilə tarix və nömrə uyğunsuzluqlarının aradan qaldırlması cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin iddiaçıya 500 kv.m torpaq sahəsinin satılmasına dair 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktı ilə Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz bələdiyyəsinin 28 iyul 2005-ci il tarixli iclasının 09 saylı protokolu ilə tarix və nömrə uyğunsuzluqlarının aradan qaldırlması cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar