Məhkəmə qərarları › İş №2-1(118)-1372/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1372/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1372/2021 07.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı Bahadur oğlunun (“İst Petrol” yanacaq doldurma məntəqəsində mühəndis işləyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı Bahadur oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı rayonu İcra Hakimiyytəti Başçısının Xızı qəsəbəsi üzrə İcra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli 25-10 №li sərəncamından çıxarışa əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Bahadur oğlu cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xızı rayonu İcra Hakimiyytəti Başçısının Xızı qəsəbəsi üzrə İcra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 №li sər əncamından çıxarışa əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı qəsəbəsi üzrə İcra hakimiyyəti nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli 25-10 №-li sərəncamına əsasən iddiaçıya Xızı şəhəri ərazisindən fərdi ev tikintisi üçün 0,20 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi hazıradək onun istifasdəsindədir. Lakin hər hansı texniki səhvə görə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə’' ayrılmış torpaq sahəsinin ümumi sahəsi 0,12 ha kimi qeyd edilmişdir. O, toplanmış sənədlərlə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, 06 aprel 2021-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, JN-138 A nömrəli, 28.09.2001 ci il tarixli “Torpağıın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə" əsasən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə qeydiyyata alınmışdır. Elə bu səbəbdən də, ərizənizin icrası tərəfimizdən mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı Bahadur oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı Bahadur oğlunun müraciəti ilə əlaqədar 28 sentyabr 2001-ci il tarixli JN-138A nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi **********09- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.12 ha göstərildiyindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı izah etdi ki, haızrda onun faktiki istifadəsində 0.30 ha torpaq sahəsi vardır. Cavabdeh inzibati orqanın qeyd etdiyi 0.08 ha torpaq sahəsi onun tərəfindən Xızı bələdiyyəsindən alınmış və2018-ci ildə özgəninkiləşdirilmişdir. Sözügedən 0.20 ha torpaq sahəsinin bələdiyyədən alınan torpaq sahəsinə aidiyyəti yoxdur. İş materiallarında olan : - Xızı qəsəbəsi üzrə İcra hakimiyyəti nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli 25-10 №-li sərəncamından görünür ki, Xızı rayon XDS icraiyyə komitəsinin 24 iyul 1991-ci il tarixli 102 nömrəli qərarını rəhbər tutaraq Xızı qəsəbə sakini İddiaçı Bahadur oğluna fərdi yaşayış evinin tikilməsi üçün 0,20 torpaq sahəsi ayrılmışdır. - Xızı rayon XDS İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 102 nömrəli qərarından görünür ki, yeni yaşayış məntəqəsinin salınması üçün Xızı yardımçı təsərrüfatından 70,0 hektar torpaq sahəi ayrılmışdır. -Xızı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerqurluşu planından görünür ki, həmin sənəd İddiaçı Bahadur oğluna ayrılmış 0,20 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport Xızı şəhəri, X7 küçəsində yerləşən 20 saylı evə dair tərtib edilmişdir. -Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən JN 138A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və 824 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində 27 oktyabr 2015-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xızı rayonu Xızı Bələdiyyəsinin 02 may 2005-ci tarixli 04 saylı iclasının qərarından çıxarış, 19 iyul 2005-ci il tarixli 167 nömrəli torpaq sahəsinin alqı-satqısına dair akt və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş fərdi ev tikintisi məqsədi ilə torpaq sahəsinin satılması barədə Rəyə əsasən Xızı şəhəri ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində 19 noyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət” mərkəzi notariat kontorunun 16 aprel 2018-ci il tarixli 4Ə-1281 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. - Məhkəmənin sorğusuna əsasən Xızı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, mart ayı ərzində Xızı rayon Aqrar İslahat Komissiyası tərəfindən qərar qəbul edilməmişdir. Belə ki, Xızı rayon AİK-nın Xızı rayon dövlət Arxivində mühafizə olunan sənədlərinə baxış zamanı Komissiya tərəfindən 12.02.1998-ci il tarixdə 12 saylı, 26.05.1998-ci il tarixdə 13 saylı, 05.06.1998-ci il tarixdə isə 14 saylı qərarın qəbul edildiyi müəyyən edilmişdir. Qeyd olunan 10 mart 1998-ci il tarixli 14 saylı qərar X8 İslahat Komissiyasının qərarı ola bilər ki, sözügedən qərar rayon Dövlət Arxivində aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xızı qəsəbə İcra nümayəndəliyinin sərəncamı əsasında iddiaçıya 0.20 ha torpaq sahəsi ayrılmışdır. Lakin məlum olmayan səbəbdən ləğv edilmiş DTXK-nin Xızı rayon şöbəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən torpaq sahəsinin ölçüləri 0.12 ha kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, 0.20 ha torpaq sahəsinin İddiaçı Bahadur oğlu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməsi iş materialları ilə təsdiq edilir. Yaşayış evinə dair texniki pasportun göstəricilərindən də bəlli olur ki, iddiaçının fakitiki istifadəsində 0.30 ha, yəni 0.12 hektardan çox torpaq sahəsi vardır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Bahadur oğluna 0.20 ha torpaq sahəsinin ayrılmasına dair icra nümayəndəliyinin sərəncamı hazıradək mübahiələndirilməmiş, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Cavabdeh inzibati orqana isə həmin sərəncamı mübahisələndirmək səlahiyyəti verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının dəlilləri formal xarakter daşıyır və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı və Xızı rayon İcra Hakimiyytəti Başçısının Xızı qəsəbəsi üzrə İcra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 №li sərəncamına əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bahadur oğlunun Xızı rayon İcra Hakimiyytəti Başçısının Xızı qəsəbəsi üzrə İcra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 №li sərəncamına əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar