Məhkəmə qərarları › İş №2-1(118)-1372/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1372/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1372/2024 04.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tərəfindən X16, X19, X20 və X2 adına 24 oktyabr 2018-ci il tarixli **********92 reyestr nömrəli qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X16, X19, X20 və X1 adına verilmiş 24 oktyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X16, X19, X20 və X2 adına 24 oktyabr 2018-ci il tarixli **********92 reyestr nömrəli qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16, X19, X20 və X7 Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu Dövlət Notariat Kontorunun təsdiq etdiyi 26 oktyabr 2006-cı il tarixli 4-Ə-898 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu İ Nügədi kəndi ərazisindən X10, X9, X16, Ağayev Ağalar, Ağayeva Gülər, Ağayev Nurlan və qeyrilərindən 0,3499,84 kv m torpağı satın alaraq istifadə edir. İddiaçı torpağı satın aldıqdan sonra səhlənkarlıq edərək sənədləri təqdim edib öz adına mülkiyyəti təsdiq edən çıxarış almamışdır. Bundan istifadə edən satıcılar xx.xx.2018-ci il tarixdə iddiaçıya satdıqları torpağa çıxarış almışlar. Bu hal iddiaçıya məlum olan kimi cavabdeh təşkilata müraciət edib çıxarışın ləğvini tələb etmiş, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə çıxarışın ləğvinə dair məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.344984 ha torpaq sahəsinə dair X11 və ailə üzvülərinin adına verilmiş ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışın ləğvi yalnız məhkəmənin qərarı ilə mümkündür. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 iddianı qəbul etmiş və onun və ailə üzvlərinin adına 0,35 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın səhvən verildiyini bildirərək ləğv edilməsinə razı olduğunu bildirmişdir. Belə ki, o, 0.88 ha torpaq sahəsinin 0,53 ha hissəsini başqa şəxsə satmışdır. Həmin şəxs öz adına çıxarış alarkən iddiaçıya satdığı 0.35 ha torpaq sahəsimə dair onun adına yenidən çıxarış verilmişdir. İş materiallarında olan: - JN-328, KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dölət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 0,88 ha torpaq sahəsi X16, X19, X20 və X12 mülkiyyətinə verilmişdir. - xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 və qeyriləri Quba rayonu İ Nügədi kəndində yerləşən 5301,28 kv m və 3499,84 kv m torpaq sahələrini İddiaçı satmışlar. - xx.xx.2018-ci il tarili, **********92 reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən 0,35 ha torpaq sahəsi üzərində X16, X19, X20 və X2 mülkiyyət hüququ qeydə alınmışdır. - Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quba rayon dövlət notariat ofisində xx.xx.2006-cı il tarixdə 4Ə/898 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin arxivdə saxlanılan nüsxəsində onun dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Müqavilənin qeydə alındığı notariat reyestri arxivə təhvil verilmədiyindən həmin kitab üzrə məlumatların yoxlanılması mümkün olmamışdır. - Quba Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(027)-1411/2018 saylı qətnaməsindən görünür ki, Torpağa mülkiyyət hüququna dai JN-328 KOD 30319018 saylı Dölət X3 və X19 ilə yanaşı X21 və X4 məxsus olması faktı müəyyən edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quba rayon dövlət notariat ofisində xx.xx.2006-cı il tarixdə 4Ə/898 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X6 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. ..... Həmin Məcəllənin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas kimi JN-328 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı və Quba rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(027)-1411/2018 saylı qətnaməsinə istinad edilir. JN-328, KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dölət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 0,88 ha torpaq sahəsi X16, X19, X20 və X12 mülkiyyətinə verilmişdir. Quba Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(027)-1411/2018 saylı qətnaməsinə əsasən Torpağa mülkiyyət hüququna dai JN-328 KOD 30319018 saylı Dölət X3 və X19 ilə yanaşı X21 və X4 məxsus olması faktı müəyyən edilmişdir. X10 və digərlərinin xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 3499,84 kv m torpaq sahəsini İddiaçı satılması təsdiq edilir. İddiaçı həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə alsa da, əldə etdiyi mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınması ilə bağlı həmin vaxtı müraciət etməmiş, nəticə etibarilə buna dair çıxarış almamışdır. Daha sonra qeyd edilən 0.35 ha torpaq sahəsi üçün iddiaçı çıxarış almaq məqsədi ilə DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh imtina edərək bildirmişdir ki, göstərilən torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına, yəni X16 və qeyrilərinin adına çıxarış verilmiş, bu səbəbdən də müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qüvvədədir və müqavilənin arxivdə saxlanılan nüsxəsində onun dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Məhkəmə hesab edir ki, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququ mövcud olduğu halda, tam mənada mülkiyyət hüququnu məhz daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxt dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etməməsi halı onun həmin əşyaya dair əmlak hüququnun olmamasını ifadə etmir, habelə iddiaçının malik olduğu mülkiyyət hüququna dair qanuni gözlənti hüququ da mülkiyyət anlayışına daxil olmaqla, dövlət tərəfindən müdafiə olunan hüquq kimi çıxış edir. Belə olan halda, məhkəmə qeyd edir ki, indiki halda həmin torpaq sahəsinə dair iddiaçının əmlak hüquqları (mülkiyyət hüququnun tərkib hissəsi kimi sahiblik və istifadə hüquqları), o cümlədən mülkiyyət hüququna dair qanuni gözlənti hüququna malik olduğu halda, həmin əmlaka dair üçüncü şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına dair cavabdeh inzibati orqanın hərəkətləri birbaşa iddiaçının həmin əmlaka dair malik olduğu əmlak hüquqlarından məhrum edilməsinə səbəb olmuşdur ki, bu hal həm beynəlxalq qanunvericilik aktları ilə müəyyən edilmiş, həm də milli qanunvericilik aktlarında ehtiva olunan norma və prinsiplərin tələblərinə birbaşa zidd olmuşdur. Bu baxımından məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin əmlaka dair üçüncü şəxs Ağayev Alim və qeyrilərinin adına qeydiyyatın aparılması ilə bağlı hərəkətləri qanunsuz və əsassız olduğundan, cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, tərəfindən X16, X19, X20 və X2 adına 24 oktyabr 2018-ci il tarixli **********92 reyestr nömrəli qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılmasına dair hərəkətləri qanunsuz hesab edilsin və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X16, X19, X20 və X2 adına 24 oktyabr 2018-ci il tarixli **********92 reyestr nömrəli qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılmasına dair hərəkətləri qanunsuz hesab edilsin və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar