Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1373/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3-1742/2023 saylı qərarının ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılması və pensiyasından əsassız tutulmaların dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə 09 fevral 2023-cü il tarixli, 3-17-1/3-3-1742/2023 saylı qərarının ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. İddiaçı 1970-ci ildən Boruyayma zavodunda əmək fəaliyyətinə başlamış, 2 il hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra da əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2022-ci ilədək işləmiş və iddiaçının ümumi əmək stajı 52 il təşkil edir. İddiaçıya 25 ildən artıq əmək stajının və onun da 12 il 6 aydan arrtıq hissəsinin zərərli işlərdə olması nəzərə alınaraq iddiaçıya 2009-cu ilin iyul ayından, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və sonradan işlədiyi dövrlər üzrə (2009-2022) 13 illik əmək stajı əsasında iddiaçıya 2018-ci ildə sığorta kapitalında olan vəsait üzrə əmək pensiyasının yenidən hesablanması aparılmış və pensiyaya əlavə olunmuşdur. Lakin cavabdeh təşkilat iddiaçıya xx.xx.2023-cii il tarixdə bir məktub ünvanlayaraq həmin məktubda iddiaçının pensiyasına əlavənin düzgün hesablanmadığını və sığorta kapitalının 4174,56 manat olduğu halda 8198,64 manat sığorta kapitalı əsasında hesablamanın aparıldığını və nəticədə təyin edilmiş pensiyaya (193,94) üzərinə 57,98 manat əlavə olunmaqla və xx.xx.2022-ci il tarixə indeksləşdirilməklə 348,50 manat ödənilməli olduğu halda, iddiaçının pensiyasına 113,87 manat əlavə edildiyini və həmin ümumi məbləğ-307,81 manat xx.xx.2022-ci il tarixə indeksləşdirilməklə 428,50 manat olmuş və iddiaçıya ödənildiyini bildirmişdir. Cavabdeh son 3 il üçün guya artıq 2676,56 manat pulun ödənilməsini bildirməklə iddiaçıdan bu ilin mart ayından 46,92 manat əmək pensiyasından tutulduğunu bildirmişdir. Bundan başqa iddiaçının xx.xx.2022-ci ildən işdən çıxmağı ilə bağlı həmin dövrə kimi toplanan 3163,68 manat sığorta kapitalı nəzərə alınmaqla xx.xx.2022-ci ildən pensiyası yenidən hesablanmış və 392,44 manat olmuş və xx.xx.2023-cü ildən indeksləşdirmə ilə əlaqədar pensiyası 469,24 manat olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh təyin edilmiş pensiyanı azaltmaqda haqlı olmamışdır. Belə ki, o, pensiyaya çıxdıqdan sonra 13 il işləmiş və sığorta kapitalında böyük məbləğdə istifadə olunmamış vəsait toplanmış və həmin vəsait hesabına pensiyanın yenidən hesablanması həyata keçirilmişdir. Bundan başqa qarşı tərəf iddiaçının pensiyasını azaltmaqla yanaşı, guya əlavə aldığı pensiyanın son 3 ilini geri tutmağa qərar vermişdir. Halbuki, iddiaçı bu qərardan məlumatsızdır və ondan həmin vəsaitin mart ayından tutulduğu bildirilsə də, bu barədə 5 ay sonra rəsmi məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, “Əmək pensiyaları haqqında’’ Qanunun 37.3.1-ci maddəsinə 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Araşdırma zamanı iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 4174,56 manat sığorta kapitalına uyğun xx.xx.2018-ci il tarixindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 4174,56 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə (4174,56/72=57,98 manat) əmək pensiyası (193,94 manat) üzərinə əlavə edilərək (193,94+57,98=251,92 manat (xx.xx.2022-ci il tarixinə indeksləşdirilməklə 348,50 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 8198,64 manat sığorta kapitalı 72 aya bölünərək (8798,64/72=113,87 manat) əmək pensiyasının (193,94 manat) üzərinə əlavə edilməklə (193,94+113,87=307,81 manat (xx.xx.2022- ci il tarixinə indeksləşdirilməklə 428,50 manat)) ona artıq əmək pensiyası ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 2676,56 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2676,56 manat pul vəsaiti cari ilin mart ayından etibarən hər ay hissə-hissə (46,92 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, iddiaçının 22.11,2022ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işlədiyi dövrdə qazandığı 3163,68 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq 348,50 manatdan 392,44 manata artırılıb. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 409,10 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 469,24 manat müəyyən edilib. İş materiallarından məlum olur ki, iddaçı İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-1742/2023 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, iddiaçının qanunla müəyyən edilmiş qaydada razılığı alınmadan ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlanılmışdır. İddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini (növünün dəyişdirilməsi) və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09 fevral 2023-cü il tarixli, 3-17- 1/3-3-1742/2023 saylı qərarı ləğv edilsin və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1373/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1373/2024
19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver