Məhkəmə qərarları › İş №2-1(118)-1375/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1375/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1375/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1nə qarşı “Abşeron rayonu, Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarının və Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının etibarsız hesab edilməsi”-nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1nə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarının və Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının etibarsız hesab edilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı adı əvvələr “xxxx” Kiçik Müəssisəsi olmuşdur. Müəssisə 2011-ci ilin may ayından Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” Kiçik Müəssisəsi ilə X7 arasında bağlanmış xx xxxxxxxx 1991-ci il tarixli, İcarə müqaviləsinə əsasən, Mehdiabad qəsəbəsi ərazisində ümumilikdə 13 ha torpaq sahəsi 25 il müddətinə “xxxx” Kiçik Müəssisəsinin istifadəsinə verilmişdir. Qeyd edilən İcarə müqaviləsi Abşeron rayon XDS icraiyyə komitəsinin xx xxxxxxx 1991-ci il tarixli, 235 nömrəli qərarı ilə qeydə alınmışdır və 13 ha torpaq sahəsinin Kiçik müəssisəyə təhkim edilməsi barədə sərəncam verilmişdir. Cavabdeh1 Başçısının xx xxxx 1992-ci il tarixli, 118 nömrəli Sərənamı ilə torpaq sahəsinin ayrılması məqsədilə komissiya yaradılmışdır. Həmin Komissiyanın xx xxxxx 1992-ci il tarixli aktına əsasən, 13 ha torpaq sahəsi ayrılmış və müəssisənin istifadəsinə verilmişdir. Daha sonra xx xxxxxxxx 1991-ci il tarixli, İcarə müqaviləsinin müddəti 50 il müddətinə uzadılmışdır. Həmin vaxtdan “xxxx” Kiçik Müəssisəsi qanuni istifadəsinə verilmiş 13 ha torpaq sahəsində fəaliyyətə başlamışdır və layihə smetalar əsasında Aqrokredit bankdan kredit götürərək, tikinti işləri aparmışdır. Qeyd edilən torpaq sahəsində quşçuluq ferması binası, heyvandarlıq kompleksi, 4 ədəd yaşayış evi, ambarlar və tütün istehsalı sexləri inşa edilmişdir. Həmin tikililərin inşasına küllli miqdarda vəsait sərf edilmişdir. 2000-ci ildə “xxxx” X6 bankdan götürdüyü krediti qaytara bilmədiyi üçün müəssisənin direktoru, X2 barəsində mənimsəmə cinayəti üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2000-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi və digər maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan mərumetmə cəzasına məhkum edilmişdir. O həbs ediləndən sonra “xxxx” Kiçik Müəssisəsi fəaliyəti dayanmışdır və bütün istehsal da dayanmışdır. 2010-cu ildə həbsdən çıxandan sonra rəhbəri olduğu müəssisənin istifadəsinə verilmiş 13 ha torpaq sahəsindəki istehsal müəssisəsinə getdikdə məlum olmuşdur ki, Abşeron rayon İcra Hakimiyətinin tərkibində yaradılan Abşeron rayon, Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı və digər qərarlarla istifadələrində olan 13 ha torpaq sahəsinin 5 hektarını Zəngilan rayonundan olan və digər rayonlardan məcburi köçkün düşmüş şəxslərə kənd təsərrüfatı məhsulları yetişdirmək məqsədilə paylamış, həmin məcburi köçkünlər də torpaq sahələrində evlər, villalar tikib yaşamağa başlamışlar. Yerdə qalan 04 ha torpaq sahəsi isə Abşeron rayonu Mehdiabad bələdiyyəsinə təhkim edilmiş, Mehdiabad bələdiyyəsi isə 04 ha torpaq sahəsinin içərisində yerləşən “xxxx” Kiçik Müəssisəsi məxsus tikililəri dağıdaraq, xx.xx.2003-cü il tarixli 10 saylı qərarı ilə, o cümlədən digər qərarları ilə müxtəlif vətəndaşlara satmışdır. Beləliklə Cavabdeh1 və Mehdiabad bələdiyyəsi əlbir olaraq “xxxx” Kiçik Müəssisəsinin qanuni istifadəsində olan 13 ha torpaq sahəsini qanunsuz olaraq başqa şəxslərə satmışlar. Hesab edir ki, Abşeron rayon, Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı və Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı “xxxx” Kiçik Müəssisəsinin torpağa sahiblik və istifadə hüquqlarını pozduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Abşeron rayonu, Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarının və Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarının etibarsız hesab edilməsini istəyir. Göründüyü kimi iddiaçının tələbləri müxtəlif orqanlara yönəlmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında müxtəlif orqanlara yönəlmiş tələblərə baxılması nəzərdə tutulmamışdır. İddiaçı ərizəsində qeyd edir ki, Abşeron rayon İcra Hakimiyətinin tərkibində yaradılan Abşeron rayon, Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 02 nömrəli qərarı və digər qərarlarla istifadələrində olan 13 ha torpaq sahəsinin 5 hektarını Zəngilan rayonundan olan və digər rayonlardan məcburi köçkün düşmüş şəxslərə kənd təsərrüfatı məhsulları yetişdirmək məqsədilə paylamış, həmin məcburi köçkünlər də torpaq sahələrində evlər, villalar tikib yaşamağa başlamışlar. X8 Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarını və Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarını mübahisələndirsə də sözügedən qərarlar əsasında onun hüquqlarının pozulmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bunlardan əlavə məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanların qərarlarını mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaqdan başqa, qanunvericiliklə müəyyən olunmuş müddətidə ötürmüşdür. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Məhkəmə hesab edir ki, uzun müddət əvvəl mövcud olmuş və mübahisələndirmə imkanı olduğu halda mübahisələndirilməmiş hərəkətlərə iddia müddətinin tətbiq edilməməsi hüquqi müəyyənlik prinsipi ilə də ziddiyyət təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar