Məhkəmə qərarları › İş №2-1(118)-1375/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1375/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1375/2021 16.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron rayon Təhsil Şöbəsinə qarşı “müsahibə komissiyasının qərarlarının ləğv edilməsi və övladı X2 adının ümumtəhsil məktəbinin rus bölməsinin 1-ci sinfinə qəbul olunanlar siyahısına daxil edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron rayon Təhsil Şöbəsinə qarşı müsahibə komissiyasının qərarlarının ləğv edilməsi və övladı X2 adının ümumtəhsil məktəbinin rus bölməsinin 1-ci sinfinə qəbul olunanlar siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1994-cü ildə Şəki rayonunun Göybulaq kəndində anadan olmuş, körpə vaxtından valideynləri ilə Rusiya Federasiyasına köçmüşlər. Hal-hazırda valideynləri orada yaşayırlar. Valideynlərindən əlavə 2 bacısı da ailə həyatı quraraq həmin dövlətin ərazisində yaşayırlar. İddiaçı məktəbəqədər hazırlıq, orta təhsil və orta ixtisas təhsilini Rusiyada ana dili rus dili olmaqla almışdır. 2015-ci ilin fevral ayının 9-da X3 ilə ailə həyatı qurduqdan sonra Azərbaycana köçmüş və Azərbaycan vətəndaşılığını bərpa etmişdir. Oğlu, 13.10.2015-ci il təvəllüdlü X4 2 ildən çoxdur ki, uşaq bağçasının rus bölməsində təhsil alır. Oğlunun ümumtəhsil məktəbinin rus bölməsinin 1-ci sinfinə qəbul olunması üçün elektron qaydada sənəd vermişlər. 05 may 2021-ci il tarixdə özlərinin elektron sistemdə təyin etdiyi vaxtdan yarım saat tez başlayan müsahibə zamanı övladı verilən sualların çoxusunu cavablandırmışdır. Çox təəssüf ki, müsahibə komissiyasının cavabı qeyri-məqbul olmuşdur. Övladı rus əlifbası ilə kitabdan sözləri heca-heca oxuyaraq bütöv tələffüz edir. Təqdim etdiyi sənədlərdən də görünür ki, müsahibə komissiyasının qeyri-məqbul cavabı əsaslandırılmamışdır. Elektron sistemdə müsahibənin nəticələrinin 2-3 gün ərzində məlum olacağı yazılsa da cavab bir neçə saatdan sonra verilmişdir. Övladı Azərbaycan əlifbasından heç bir hərf tanımır və Azərbaycan dilini bilmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı mövqe (etiraz) bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən Təhsil şöbəsinə ünvanlanan 21.06.2021-ci il tarixli və 13.07.2021-ci il tarixli məktublara baxılmışdır. Belə ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli F-162 nömrəli əmrinə əsasən 2021-2022-ci tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün mərkəzləşmiş qaydada təşkil olunan müsahibə komissiyalarının yazılı rəyi əsasında aparılır və bu müsahibələr nazirlik tərəfindən onlayn formada təşkil olunur. X1 tərəfindən qiymətləndirilməsi barədə rəy və müsahibə videosu məhkəməyə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, müsahibə komissiyasının nəticələri ilə razı deyildir. Belə ki, övladı ilk dəfə olaraq müsahibədə iştirak etmiş və bu səbəbdən də həyəcanlanmışdır. Onun zənnincə müsahibədən öncə komissiyada iştirak edən psixoloq-müəllimə uşağı hazırkı müsahibəyə hazırlamalı idi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aşağıdakılar daxildir: İş materiallarında olan iddiaçının azyaşlı oğlu X2 doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 13.10.2015-ci ildə, Bakı şəhərində anadan olmuşdur. Uşağın atası X3, anası İddiaçıdır. İş materiallarında olan 14.06.2021-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, X4 həqiqətən də Abşeron rayon Xırdalan şəhəri 26 nömrəli körpələr evi – uşaq bağçasında rus dilində təlim tərbiyə almışdır. İş materiallarına, həmçinin, iddiaçıya məxsus 3396 nömrəli, 27 iyun 2014-cü il tarixli diplomun surəti, Təhsil Nazirliyindən iddiaçıya ünvanlanmış bildirişlər, iddiaçının şəxsi kabinetinə daxil olmuş məktublar da daxil edilmişdir. Məhkəmə iclasında cavabdeh orqan tərəfindən təqdim edilmiş video diskə baxış keçirilmişdir. Həmin video diskdə iddiaçının azyaşlı övladı – 13.10.2015-ci il təvəllüdlü X2 müsahibə görüntüləri əks olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir (5.2.). Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir (5.3.). İşdən göründüyü kimi iddiaçı azyaşlı övladının ümumtəhsil müəssisəsinin 1-ci sinfinə qəbul olunması üçün elektron qaydada qeydiyyatdan keçmişdir. Övladı 05 may 2021-ci il tarixdə keçirilmiş müsahibədə uğurlu nəticə əldə etməmiş və iddiaçıya Apellyasiya müsahibə Komissiyasına müraciət etməsi tövsiyə edilmişdir. Lakin müsahibə komissiyası da iddiaçının azyaşlı övladının nəticəsini qeyri-məqbul hesab edərək müsahibə nəticələrini qüvvədə saxlamışdır. Həmin nəticədən narazı qalan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 19.04.2021-ci il tarixli F-162 nömrəli əmrinə əsasən 2021-2022-ci tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün mərkəzləşmiş qaydada təşkil olunan müsahibə komissiyalarının yazılı rəyi əsasında aparılır və bu müsahibələr nazirlik tərəfindən onlayn formada təşkil olunur. Məhkəmə baxışında cavabdeh tərəfindən təqdim olunmuş və onlayn formada keçirilmiş video diskə iddiaçının iştirakı ilə baxış keçirilmiş və həqiqətən də iddiaçının azyaşlı övladı - X2 nəticəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş, belə ki, o suallara tam olaraq cavab verə bilməmişdir. İşdən göründüyü kimi azyaşlı Şamil Şahmirovun ümumtəhsil müəssisəsinin 1-ci sinfinin rus bölməsinə kifayət qədər hazırlıqlı olmaması müsahibə nəticələri ilə müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, müsahibə komissiyasının gəldiyi nəticə haqlıdır. Ona görə də iddiaçının müsahibə komissiyasının qərarlarının ləğv edilməsi və övladı X2 adının ümumtəhsil məktəbinin rus bölməsinin 1-ci sinfinə qəbul olunanlar siyahısına daxil edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron rayon Təhsil Şöbəsinə qarşı müsahibə komissiyasının qərarlarının ləğv edilməsi və övladı X2 adının ümumtəhsil məktəbinin rus bölməsinin 1-ci sinfinə qəbul olunanlar siyahısına daxil edilməsi barədə iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar