Məhkəmə qərarları › İş №2-1(118)-1378/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1378/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1378/2020 23.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 yataqxana 1, otaq 67 ünvanında yaşayan), iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və iddiaçıya 5 il müddətinə daimi yaşamaq icazəsinin verilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və iddiaçıya 5 il müddətinə daimi yaşamaq icazəsinin verilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, 1969-cu ildə Türkiyədə anadan olmuş, 1998-ci ildə Azərbaycan Respublikası vətəndaşı X2 ilə rəsmi nikaha daxili olmuşdur. Onların həmin nikahdan 3 övladları var. Böyük qızı Sevda - 2-ci qrup əlildir, iddiaçı ailənin yeganə gəlir gətirənidir. İddiaçı 2001-ci ildən başlayaraq hər il bir il müddətinə daimi yaşamaq icazəsi, Miqrasiya Xidməti yaradıldığı vaxtdan isə 5 illik daimi yaşamaq icazəsi almışdır. Lakin bu dəfə onun guya imtahanda yaxşı nəticə göstərmədiyi bildirilməklə bu icazənin verilməsindən imtina olunmuşdur. İddiaçının Azərbaycan Respublikası ilə bağlılığı 1998-ci ildən yaranmış və artıq 22 ildir ki, o, hər dəfə imtahan verməklə icazələrini almış, Azərbaycan Respublikasının qanunvericiliyini bilir, bu illər ərzində heç bir pozuntuya yol verməmiş, fəhləlik etməklə ailəsini dolandırmışdır. İddiaçı barəsində verilmiş imtina qərarını tam qanunsuz hesab edərək iddianın təmin dilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Vüsal Əmirli iddia ərizəsinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Müvafiq Məcəllənin 54.5-ci maddəsinə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə görə hər bir meyar üzrə (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi üzrə meyar, dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə meyar) ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Sözügedən şəxs dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə 15 bal toplamış, lakin digər meyar (əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi) üzrə 15 bal toplamalı olduğu halda 6 bal toplamışdır. Bu da adıçəkilən qaydanın 4.6-cı bəndinə görə əcnəbinin müsahibədən keçməməsi hesab olunur. Cavabdehin nümayəndəsi İddiaçı iddiasının əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qəbul etməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Bakı Nikah evi tərəfindən verilmiş AZ – İ № 537151 saylı xx.xx.2009-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X1 ilə xx.xx.1998-ci ildə rəsmi nikaha daxil olmuşlar. - Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının qızı X8 xx.xx.1999-cu ildə, X9 xx.xx.2000-ci ildə və X6 xx.xx.2001-ci ildə anadan olmuşlar. - 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3313 saylı arayışdan görünür ki, Akkaya X4 şəhər, 18-ci məhəllə, ev 34, yataqxana 1 ünvanında müvəqqəti qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xx.xx.2020-ci il tarixli ******* №-li qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat zamanı əcnəbinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyi müvafiq komissiya tərəfindən yoxlanılmış və mənfi rəy verildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xx.xx.2020-ci il tarixli 04/3435 №-li imtina məktubundan görünür ki, iddiaçının müraciətinə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsinə əsasən imtina olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. “Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət Qaydaları”nın 4.1-ci bəndinə əsasən, hər bir əcnəbi ilə müsahibə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən, müsahibə zamanı əcnəbiyə Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual, habelə dövlət dili ilə bağlı biliyini müəyyən etmək məqsədilə 5 sual verilir. Qaydaların 4.4-cü bəndinə əsasən, suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir: Azərbaycan dilində fikrini səlist ifadə etmək (danışmaq, başa düşmək və s.) səviyyəsi, əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bilik səviyyəsi. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, müsahibənin nəticəsinə görə hər bir meyar üzrə ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiya tərəfindən İddiaçı ilə müsahibə aparılmışdır. Müsahibə nəticəsində iddiaçı dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə 15 bal toplasa da, hüquq və vəzifələrinə dair bilik səviyyəsi üzrə toplamalı 15 baldan cəmi 6 bal toplamışdır. Bundan sonra mövcud qanunvericiliyə uyğun olaraq ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə müraciətindən imtina olunmuşdur. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi bal cədvəlindən də göründüyü kimi, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələr barədə suallar cəmi “6” balla qiymətləndirilmişdir. İddiaçı onunla bağlı keçirilmiş olan müsahibənin qüsurlu aparılmasını, bütün suallara lazımi səviyyədə cavab veridiyini bildirsə də, hətta məhkəmə iclasında həmin suallara tam cavab verə bilməmişdir. Beləliklə, iddiaçının arzu etdiyi inzibati aktın qəbulundan imtinanın əsassız olması məhkəmə araşdırması nəticəsində təsdiqini tapmamış və inzibati orqanın üzərinə müvafiq icazəni verən inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulması əsaslar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının ərazisində 5 il müddətinə daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsindən və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilməsindən imtina edərkən qanuni hərəkət etmiş, onun qərarının qanunsuz hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmənin qənaətincə iddiaçı tərəf tələbinin əsaslı olmasını təsdiq edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar