Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1378/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayon Xırdalan bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, № 01/02-697 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun qarajının yerləşdiyi yerin, qərarda göstərildiyi kimi 24 kv m deyil, 48 kv m torpaq sahəsinin sənədləşdirilməsində Xırdalan bələdiyyəsinə qarşı tələb qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, № 01/02-697 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu ünvanda 1985-ci ildən yaşayır. Elə həmin ildə Xırdalan Ət-Süd Kombinatının rəhbərliyi tərəfindən işçilərə istifadə üçün xırda torpaq sahəsində digər sakinlər kimi iddiaçı da maşın qarajı tikmişdir. Halhazıradək bu qaraj iddiaçının istifadəsindədir. Buna baxmayaraq iddiaçı Xırdalan bələdiyyəsində qarajın yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə məsələ qaldırdıqda imtina cavabı almışdır. Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 nömrəli protokolunun 02 nömrəli qərarında iddiaçıdan qaraja görə 190 manat vergi cəriməsi tələb olunur. Bu haqda qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Abşeron rayon Xırdalan bələdiyyəsinin 23 iyun 2023-cü il tarixli, 01/02-697 saylı qərarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 24,00 kv m torpaq sahəsinə görə 72,00 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə isə 190 manat vergi borcunun olması müəyyən edilmiş və borcun ödənilməsi üçün qərarın icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 8, mənzil 35 üzərində xx.xx.1957ci il təvəllüdlü İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********17-05101-093015 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0108 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh ünvan 2 ünvanında yerləşən 24,00 kv.metr torpaq sahəsinə görə 72,00 manat torpaq, o cümlədən 2020-ci il tarixdən başlayaraq maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə isə 190 manat vergi borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -203.1-ci maddəsinə əsasən, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə əsasən, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.1-ci maddəsinə əsasən 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir. -206.1-1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. -bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı 10.000 kv m torpaqlara münasibətdə torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 8 manat dərəcəsi tətbiq olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən .......................... habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisi üzrə vergitutma obyekti sayılır. Vergi Məcələsinin 59.1-ci maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. İstinad olunan normanın məzmunundan görünür ki, faiz bir ildən çox olmamaq şərti ilə tətbiq edilə bilər. Məhkəmə araşdırması zamanı sözügedən qarajın iddiaçının mülkiyyətində olmaması, yəni daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmaması müəyyən edildi. Bundan başqa cavabdeh tərəfindən inzibati icraat aparılmamış, işin halları ilə bağlı iddiaçıdan hər hansı sübut, material tələb edilməmiş, həmçinin belə bir qərarın mövcudluğundan iddiaçı sonradan məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qərar barədə icra məmurundan xəbər tutduğunu izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsinin İddiaçı barəsində 23 iyun 2023-cü il tarixli, № 01/02-697 nömrəli qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1378/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1378/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver