Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1380/2021 20.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 18.06.2020-ci il tarixli, **********879100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq 18.06.2020-ci il tarixli, **********879100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı xəbəri olmadan ona əsassız əlavə vergi məbləği hesablamışdır. Belə ki, cavabdeh vergi orqanı adına aparılmış valyuta əməliyyatlarını rəhbər tutaraq onu məcburi qaydada uçota almış, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 18.06.2020-ci il tarixli, **********879100 nömrəli Qərara əsasən 2019-cu il üzrə ona 5712 manat əlavə vergi məbləği hesablamışdır. Daha sonra cavabdeh vergi orqanı iddiaçının vergi borcu ilə əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. O, bundan sonra sözügedən qərardan və həmin qərara əsasən hesablanmış vergi borcundan xəbərdar olmuşdur. Əlavə vergi məbləğinin hesablanmasına səbəb kimi üzərində valyuta mübadiləsi əməliyyatı həyata keçirdiyi 40800 manat pul məbləği olmuşdur. Cavabdeh vergi orqanı 40800 manat pul məbləğinin konvertasiya edildiyini aşkar etmiş və buna əsasən əlavə vergi məbləği hesablamışdır. O, həmin pulu uzun illər ərzində öz əməkhaqqı vasitəsi ilə yığmış və üzərində valyuta dəyişmə əməliyyatı apardığı pul vəsaiti onun sahibkarlıq və yaxud qeyri sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir deyildir. 01.03.2021-ci il tarixdə o inzibati şikayət ilə Dövlət Vergi Xidmətinə müraciət edərək sözügedən pul vəsaitini onun sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olmadığına görə həmin məbləğ əsasında hesablanmış əlavə vergi məbləğinin silinməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin ona ünvanlanmış 30.04.2021-ci il tarixli **********727800 nömrəli cavab məktubunda İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 01.03.2021-ci il tarixli inzibati şikayətinin təmin olunmaması qeyd olunmuşdur. Eyni zamanda bildirir ki, sözügedən vergi borcu faizlərlə birlikdə hər keçən gün daha da artır. Vergi qanunvericiliyində bu qaydada və bu əsasla vergilərin hesablanması nəzərdə tutulmamışdır. Xarici valvuta ilə aparılan əməliyyatlar zamanı malların təqdim edildiyi günlə malların dəyərinin ödənildiyi günə olan müsbət məzənnə fərqi və ya şəxsin bank hesabında olan valyuta üzrə qalığın bank hesabına mədaxil edildiyi günlə ilin sonuna olan müsbət məzənnə fərqi vergi ödəyicisinin satışdankənar gəliri hesab edilir və Vergi Məcəlləsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətindən gəlir qismində vergiyə cəlb edilir. Göründüyü kimi hər hansı əməliyyatın vergiyə cəlb edilən əməliyyat olub-olmaması vergi qanunvericiliyində dəqiq müəyyən edilmiş və xarici valyuta əməliyyatlarına görə verginin tutulması qaydası və dərəcəsi isə Vergi Məcəlləsinin 13 və 69-cu maddələrində tam şəkildə təsbit edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı vergi ödəyicisi tərəfindən aparılmış valyuta dəyişmə əməliyyatını əldə rəhbər tutaraq və həmin əməliyyatı qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi qiymətləndirərək iddiaçıya əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki həmin əməliyyatın aparıldığı hesabat dövründə Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyuta (ABŞ dolları) ilə bağlı elan etdiyi rəsmi məzənnədə hər hansı dəyişiklik baş verməmişdir. Cavabdeh vergi orqanı ilk öncə iddiaçının valyuta dəyişmə əməliyyatından hər hansı gəlir əldə etdiyini sübuta yetirməli və bundan sonra vergi qanunvericiliyinin müddəlarına uyğun vergiyə cəlb etməli olduğu halda, cavabdeh vergi orqanı hər hansı mötəbər sübut olmadığı halda valyuta dəyişmə əməliyyatına məruz qalmış məbləği vergi ödəyicisinin qeyrisahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirərək əsassız vergi məbləği hesablamışdır. Eyni zamanda qeyd edir ki, həmin cavab məktubu faktiki olaraq ona 07.06.2021-ci il tarixdə çatmışdır. Buna görə də hesab edir ki, tərəflərindən qanunvericiliklə müəyyən olunmuş 30 günlük prosessual müddət ötürülməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə 5712,00 manat analoji qaydada vergi məbləği hesablanmışdır. Xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 40800 manat gəlir məbləğinin sənədlərinin araşdırılmasına zərurət yaranmışdır. Vergidən yayınma riski 14% dərəcə ilə 5712 manat təşkil etmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 04.06.2020-ci il tarixli **********217600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” AVİSdən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada 5712,00 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə 18.06.2020-ci il tarixli **********879100 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. İşin hüquqi hallarına münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********879100 saylı, 18 iyun 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 2019-cu il üzrə gəlir vergisinə görə 5712 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış məbləğin azaldılmasına dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********691300 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 01.03.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyun 2020-ci il tarixli, **********879100 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmənin 20 sentyabr 2021ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli, **********879100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının mübahisələndirilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı tərəfindən 40800 manat pul vəsaitinin ABŞ dollarına mübadilə edilməsi aşkar edildikdən sonra vergi orqanı tərəfindən bununla bağlı kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq **********879100 saylı, 18 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilməklə iddiaçıya 5712 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin hesablama ilə razılaşmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş və sonuncunun **********691300 saylı, 30 aprel 2021-ci il tarixli nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarda şikayətin təmin edilməməsinin əsası olaraq göstərilmişdir ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras, satış və.s) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununlada konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəliri olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının hesablamaya və inzibati şikayətin təmin edilməməsinə əsas olaraq gətirdiyi dəlillər əsassızdır və mübahisələndirilən inzibati aktın hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən aşağıdakı nəticələr əldə edilir: - Vergi ödəyicisi tərəfindən xarici valyuta ilə hər hansı malın təqdim edildiyi (işlərin görüldüyü, xidmətlərin göstərildiyi) günlə malın, işin və xidmətin dəyərinin ödənildiyi gün arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin xarici valyutada debitor ve kreditor borclarının yarandığı (və ya ilin əvvəlinə olan) tarixlə ilin sonuna olan tarix arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin kassa və ya bank hesabında xarici valyutada olan pul vəsaiti üzrə ilin əvvəlinə olan məzənnə ilə ilin sonuna olan məzənnə arasında yaranan müsbət fərq vergi ödəyicisinin gəliri hesab edilir. - Məzənnə fərqi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanır. - Yuxarıda qeyd olunan müsbət məzənnə fərqi satışdankənar gəlir hesab edilməklə vergi ödəyicisinin seçdiyi vergi növünə uyğun olaraq vergiyə cəlb edilir. Göstərilənlərdən eyni zamanda aydın olur ki, valyuta dəyişmə əməliyyatı o halda vergitutulan əməliyyat hesab edilir ki, həmin əməliyyat nəticəsində müsbət məzənnə fərqi yaranmış olsun. Bu zaman əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən gəlir qismində vergi ödəyicisinin seçimindən asılı olaraq sadələşdirilmiş vergi, ƏDV və ya gəlir (mənfəət) vergisinə cəlb edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2019-cu ildə aparılıb və 2016-cı ilin sonlarından hal-hazıradək Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1(bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər olmuşdur. X7 Heyəti tərəfindən 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. 21 dekabr 2015-ci il tarixindən sonra 1(bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2019-cu ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2019-cu ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə iddiaçının pul vəsaitinin konvertasiyası əməliyyatından gəlir əldə etməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda cavabdeh vergi orqanının konvertasiya edilmiş pul vəsaitinin mənbəyinin və ya əvvəllər vergiyə cəlb olunmuş olmasının iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə valyuta dəyişmə əməliyyatına məruz qalmış pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri olduğunu və ya valyuta dəyişmə əməliyyatı nəticəsində gəlir əldə etdiyini sübut etməlidir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi iddiaçı tərəfindən 2019-cu ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi və ya həmin pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin məhkəmə qeyd edir ki, hesablamaya əsas olmuş valyuta dəyişmə əməliyyatı 2020-ci ilin mart ayında həyata keçirildiyi halda, vergi orqanı mübahisələndirilən inzibati akta əsasən gəlir vergisi üzrə əlavə vergi məbləğini 2019-cu ilə hesablamış və bu uyğunsuzluğu məhkəmə baxışı zamanı əsaslandıra bilməmiş, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli, **********879100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli, **********879100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1380/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1380/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver