Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1380/2025 08.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X9 Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Şamaxı rayon Göylər Bələdiyyəsinə qarşı “cavabdehlərin qeyri-müəyyən imtina qərarları ləğv olunmaqla ona faktiki verilmiş və indiyədək istifadəsində olan 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədləşdirilməsinə dair iddia tələbinin təmin edilməsini və bu öhdəliyin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o faktiki istifadəsində olan 0,54 ha torpaq sahəsinə sənəd əldə edə bilmir. 15 sentyabr 1997-ci il tarixli, 59 saylı protokol və ona əlavə edilmiş çıxarışdan görünür ki, X10 Komissiyasının iclası keçirilmiş və müraciət etmiş Göylər kənd sakinlərindən bir qrupuna ayrı-ayrılıqda torpaq və əmlak paylarının verilməsi məsələsinə baxılmışdır. Həmin protokola əlavə edilmiş Çıxarışın 2-ci səhifəsindəki cədvəldə o Məhyəddinova (Rzayeva) Nigar Babasəmid qızına da 0,54 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iclasın protokolunda qərara alınmışdır ki, adları göstərilən müraciət etmiş şəxslərə adambaşına 0,54 ha torpaq sahəsi ayrılıb verilsin. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından (JN-0308, kod ********) görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə 1,08 ha torpaq sahəsi mərhum atası X2 və X3 verildiyi yazılmışdır. 5-75-26/2-70/2024 saylı, 11 mart 2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o İddiaçı Şamaxı rayonunun Göylər kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə, qanunla müəyyən edilmiş qaydada Şamaxı rayon Göylər Bələdiyyəsinə və 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciətlər etmiş, lakin onun müraciətləri müsbət həll etməmişlər.Cavabdehlərin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 0.54 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Torpaq İslahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şamaxı rayonu Göylər kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adı qeyd olunmamışdır və elektron baza xəritəsində onun adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə məlumat aşkar edilməmişdir.İddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı və baza arxiv məlumatlarında torpaq sahəsinin ayrılmasına dair məlumatlar aşkar olunmadığı üçün ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Göylər Bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. Lakin, iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, “Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Göylər kəndində uçotda olan kənd sakinlərinin hər birinə dörd yerdən olmaqla 0.54 və ya 0.52 ha torpaq payı verilmişdir. Həmin vaxtı onlara məlum olmayan səbəblərdən (JN-0308, kod ********) X1 adına dövlət aktında sizin adınız qeyd olunmamış və sizə torpaq payı verilməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Torpaq Məcəlləsində göstərilən qanuna əsasən X5 zamanı qeydiyyata düşməyən vətəndaşlara torpaq payı verilməsi hüququna malik deyildir. Ona görə də bu məsələ ilə əlaqədar Məhkəməyə müraciət etməniz tövsiyə olunur”. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqanlar nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şamaxı rayon Göylər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli imtina məktubu, Cavabdeh 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********572 nömrəli imtina məktubu, X10 Komissiyasının 15 sentyabr 1997-ci il tarixli, 59 saylı protokolun surəti, JN-0308 kod 41006018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surəti, 14 saylı Şamaxı Ərazi İdarəsinin etiraz ərizəsi, 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, **********572 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın Şamaxı rayon ərazisində olması və cavabdehin rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəməyə təqdim edilmiş X10 Komissiyasının 15 sentyabr 1997-ci il tarixli, 59 saylı protokolun surətində görünür ki, Göylər kənd sakinlərindən bir qrupuna ayrı-ayrılıqda torpaq və əmlak paylarının verilməsi məsələsinə baxılmış və Məhyəddinova (Rzayeva) Nigar Babasəmid qızına da 0,54 ha torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. JN-0308 kod 41006018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə 1,08 ha torpaq sahəsi iddiaçının atası X2 və X3 verilmişdir. İddiaçının hüquqi marağı torpaqayrıma səlahiyyəti olan bələdiyyədən torpaq sahəsini tələb edib, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Lakin, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən onun müraciəti nəticəsiz qalmış və məhkəməyə müraciət etmişdir.Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsindən istifadə etməsini bildirsə də məhkəmə tərəfindən müvafiq hal öz təsdiqini tapmamışdır. Belə ki, mübahisəli halın araşdırılması məqsədilə mütəxəssis rəyinin təqdim edilməsi tələb olunmuşdur. 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə Şamaxı rayonu Göylər kəndində olmuşdur. İddiaçı bildirmişdir ki, naturada faktiki istifadəçiliyi yoxdur. İddiaçının naturada istifadəçiliyi olmadığından və torpaq sahələrinin dəqiq yerini bilmədiyindən çöl- ölçmə işləri aparılmamışdır. Bununla bağlı yerində akt tərtib olunmuşdur və surəti cavab məktubuna əlavə olunur. Bu səbəbdən də qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır”. Göründüyü kimi idiatının iddia etdiyi torpaq sahəsinin yeri məlum olmadığından və iddiaçı tərəfindən mübahisəli ərazi tanıdılmadığından onun tələbi təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən tətbiq edilən inzibati icraat qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Şamaxı rayon Göylər Bələdiyyəsinə qarşı “cavabdehlərin qeyri-müəyyən imtina qərarları ləğv olunmaqla ona faktiki verilmiş və indiyədək istifadəsində olan 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədləşdirilməsinə dair iddia tələbinin təmin edilməsini və bu öhdəliyin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2-1(118)-1380/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1380/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver