Məhkəmə qərarları › İş №2-1(118)-1381/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1381/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1381/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində, təyinatı üzrə istifadəyə tam yararsız vəziyyətə düşmüş, yolun mühafizə ( qorunma) zolağına düşən, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********49 olan) torpaq sahəsinə görə cavabdeh Azərbaycan Avtomobil X6ndən 5565 ( beş min beş yüz altmış beş) manat miqdarında pul məbləğinin tutularaq İddiaçı ödənilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və ümumi sahəsi 1000 kv.m ( 0.10 ha) olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Sonradan “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Texniki inventarlaşdırma Mərkəzi tərəfindən hazırlanmış kadastr planına əsasən ( **********14 saylı çıxarış) ona məxsus olan və ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsinin 814.5 kv.m hissəsi yolun tikinti sahəsinə düşdüyündən yalnız 814.5 kv.m hissəyə nisbətdə dəyən ziyana görə 24.400.00 ( iyirmi dörd min dörd yüz) pul ödənilmişdir. Sonradan yolun qorunma (mühafizə) zolağına düşən, təyinatına görə istifadəsi qeyrimümkün olan 0.01888 kv.m toprpaq sahəsinə görə də dəymiş zərərin (kompensasiyanın) ödənilməsi tələbi ilə Azərbaycan Avtomobil X6nə yazılı müraciət edərək, 5565 ( beş min beş yüz altmış beş) manat pulun mənə ödənilməsini xahiş etmişdir . Nəzərə almış ki, torpağın 1 sotunun dəyəri 3000 ( üç min) manatdır və bu nəzərə alınaraq tikinti sahəsinə düşən 814.5 kv.m hissəyə görə sotu 3000 ( üç min) manat hesablanmaqla ona 24.400 manat pul ödənilmişdir. ( torpağın sotu 3000 manat * 814.5 kv.m = 24.435 manat). Lakin Azərbaycan X2ra ünvanladığı müraciətə 04.12.2020-ci il tarixli Ş-3/16-7765 saylı cavabla bildirmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırlmışdır və sözügedən layihə üzrə tikinti işləri başlanan zaman qeyd etdiyim məsələyə baxılacaqdır. Yuxarıda qeyd edilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” nəticəsində ona məxsus olan torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin torpaqdan hətta təyinatı üzrə istifadəsi ağılasığmaz və gülüncdür. Çünki qeyd edilən torpaq sahəsi birbaşa yola bitişikdir. Torpağın ona məxsusluğu isə sadəcə formal olaraq sənəd üzərində qalıb. Eyni zamanda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1 -ci maddəsinə əsasən, yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilmişdir. Həmin qanunun 15-1 -ci maddəsinin 2-ci bəndinə əsasən, avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Hesab edir ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində ( qorunma ( mühafizə) zolağında yerləşən, kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.01855 kv.m olan torpaq sahəsi təyinatı üzrə tam yararsız vəziyyətə düşdüyündən torpağın ümimi dəyəri olan 5565 ( beş min beş yüz altmış beş) manat pul məbləği də ona ödənilməlidir. Belə ki, qeyd edilən ərazidə torpağın dəyəri 3000 ( üç min) manatdır və 0.01855 ha torpaq sahəsinin dəyəri 5565 ( beş min beş yüz altmış beş) manat təşkil edir. 814.5 kv.m torpaq sahəsinə dair dəyən ziyan ödənilən zamanda da torpaq sahəsinin qiyməti 1 sot üçün 3000 ( üç min) manat miqdarında hesablanmışdır. Bildirir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, qeyd edilən pul məbləği ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı Binyat qızına məxsus 0.10 ha ilkin olaraq torpaq sahəsinin 814.5 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007- ci il tarixli fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 24.400 manat dəyərində müəyyən edilmiş, və Azərbaycan Avtomobil X6 (alıcı) ilə iddiaçı (satıcı) arasında dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 24.435 manat məbləğində kompensasiya "xxxx" ASC “Rabitə” filialına İddiaçı Binyat qızının adına köçürülmüş və iddiaçı tərəfindən 24.01.2014-cü ildə alınmışdır. Daha sonra iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 0.01888 ha hissəsi də yolun tikinti altına düşmüş və həmin qalan hissəsinə görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdi. İddiaçıya məxsus torpaq sahəsinin qalan 0.01888 ha hissəsi Azərbaycan Avtomobil X6 tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi yolun tikinti altına düşməmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Torpaq sahəsinin qalan hissəsi isə Azərbaycan Avtomobil X6 tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” avtomobil yolunun layihələndirilməsi və tikintisi" altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil X6nə müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, qalan torpaq sahəsinin yol tikinti altına düşüb-düşməməsi, və bununla bağlı kompensasiyanın ödənilməsi məsələsi gələcəkdə tikinti işləri başlanan zaman baxılacaqdır. Göstərənlərə əsasən hesab edir ki, İddiaçı Binyat qızının bununla belə hüququnun pozulması müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 04.11.2020-ci il tarixli, Ş-3/16-7765 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş 12.02.2016-cı il tarixli, **********49 reyestr nömrəli çıxarışın surəti, “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli, CEG-M169 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə cavabdeh təşkilat tərəfindən müdaxilə edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Avtomobil X6 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi hazırkı cavabdehin sələfi olmuş Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC tərəfindən yararsız hala salındığından, mübahisə predmeti torpaq sahəsi üzərindən yol tikintisi aparıldığına görə dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsini cavabdeh Azərbaycan Avtomobil X6 həyata keçirməlidir. Belə olduğu tədqirdə Azərbaycan Avtomobil X6 hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Azərbaycan Avtomobil X6nə müraciət etmiş və inzibati orqanın 04.11.2020-ci il tarixli, Ş- 3/16-7765 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar ilə bağlı olduğuna və həmin tələblərdə iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Müvafiq əmlak Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən şosse yolunun kənarında yerləşən və kənd təsərrüfatı təyinatlı 0,01855 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona 12.02.2016-cı il tarixli, **********49 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 04.11.2020-ci il tarixli, Ş- 3/16-7765 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən layihə üzrə tikinti işləri başlanan zaman ziyan ilə bağlı kompensasiya ödənilməsi məsələsinə baxılacaqdır. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə olunmuş “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli, CEG-M169 nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi iddiaçının mülkliyyətində olan torpağın sahəsi yolun tikinti altına düşmüş və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 sotunun bazar dəyəri 2000 manat müəyyən edilmişdir. Ümumilikdə iddiaçıya dəymiş ziyanın məbləği 3.710 manat (2000 manat x 1,855 sot = 3.710 manat) təşkil edir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 3.710 (üç min yeddi yüz on) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçıya onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.01855 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 3.710 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.01855 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 3.710 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X6nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhərində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar