Məhkəmə qərarları › İş №2-1(118)-139/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-139/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-139/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Çerkassi küçəsində mənə ayrılmış 84 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 116 sayh, xx.xx.2004-cü il tarixli qərarına əsasən avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 84 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikilmiş qeyriyaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Sumqayıt şəhər Bələdiyyəsi 2 dəfə -1273 saylı, xx.xx.2022-ci il tarixli və 1782 saylı, xx.xx.2022-ci il tarixli məktubla cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin **********16 sayh, xx.xx.2022-cİ il tarixli və **********80 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ilə imtina edilmişdir. Hesab edir ki, göstərilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qeyri-qanuni və əsassızdır. Odur ki, pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdırlar. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Əvəlki şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvəlki şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 84 kv.m torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində vətəndaş Mehdiyeva (Mənsimova) Aygün Xələf qızının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Sumqayıt Bələdiyyəsinə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən mövcud qeyri- yaşayış binasının tikintialtı sahəsinin 92 kv.m təşkil etdiyi, zəbt torpaq sahəsinin olduğu müəyən edilmişdir, eləcə də ərizəyə sözügedən daşınmaz əmlakın qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi əlavə edilməmiş, istismara qəbul aktında isə müvafiq qeyri-yaşayış binasının sahəsi qeyd olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu və 8.0.9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, həmin Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak üzərində özbaşına tikinti sayılır. Həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yekun olaraq bildiririk ki, qeyd olunan problemlər aradan qaldırılacağı təqdirdə torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra vətəndaş Mehdiyeva (Mənsimova) Aygün Xələf qızının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Sumqayıt şəhər Bələdiyyə Şurasının 116 saylı, 21 may 2004-cü il tarixli qərarından görünür ki, şəhər bələdiyyə torpaq komissiyasının 20 may 2004-cü il tarixli 15 saylı protokoluna əsasənlanaraq, İddiaçı Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün 84 (səksən dörd) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 114 saylı, 28 dekabr 2018-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 116 saylı, 21 may 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, ümumi sahəsi 8 kv.m olan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə baxış keçirilməsinə dair 20 iyul 2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 84.0 kv.metr, faktiki isə 92.0 kv.metr olmaqla, Sumqayıt bələdiyyəsinin qərarı ilə ayrılmış 84.0 kv.mt torpaq sahəsi üzərində tikintialtı sahəsi 92.0 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir, nəticədə ayrılmış torpaq sahəsindən 9.0 kv.metr əlavə tikili inşa edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssiləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin tikilialtı sahəsi 87 kv.m təşkil edir, iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyekti İddiaçı X2 ayrılmış torpaq sahəsinin daxilində yerləşir, həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyekti Şm.Ş istiqamətində eni 0.28 sm, uzunluğu 11.8 sm , ümumi sahəsi 3 kv/m olan torpaq sahəsi artıqdır, sözügedən torpaq sahəsi elektron məlumat bazasında mülkiyyət növü - Bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunub. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 02 avqust 2022-cici il tarixli məktubundan görünür ki, İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 116 saylı, 21 may 2004-cü il tarixli qərarından görünür ki, şəhər bələdiyyə torpaq komissiyasının 20 may 2004-cü il tarixli 15 saylı protokoluna əsasənlanaraq, İddiaçı Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün 84 (səksən dörd) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. 114 saylı, 28 dekabr 2018-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 116 saylı, 21 may 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, ümumi sahəsi 84 kv.m olan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzrəinfə inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssiləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin tikilialtı sahəsi 87 kv.m təşkil edir, iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyekti İddiaçı X2 ayrılmış torpaq sahəsinin daxilində yerləşir, həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış obyekti Şm.Ş istiqamətində eni 0.28 sm, uzunluğu 11.8 sm , ümumi sahəsi 3 kv/m olan torpaq sahəsi artıqdır, sözügedən torpaq sahəsi elektron məlumat bazasında mülkiyyət növü - Bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunub. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 116 saylı, 21 may 2004-cü il tarixli qərarından görünür ki, şəhər bələdiyyə torpaq komissiyasının 20 may 2004-cü il tarixli 15 saylı protokoluna əsasənlanaraq, İddiaçı Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin layihələndirilməsi və tikintisi üçün 84 (səksən dörd) kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. 114 saylı, 28 dekabr 2018-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”ndən görünür ki, Sumqayıt Bələdiyyəsinin 116 saylı, 21 may 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində yerləşən, ümumi sahəsi 84 kv.m olan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Göründüyü kimi hazırki mübahisənin əsasını təşkil edən 3 kv.m əlavə torpaq sahəsi hazırda icarə hüququ əsasında, 87 kv.m olaraq iddiaçının icarəsindədir və qeyri-yaşayış obyektinin artıq hissəsi heç bir maneə törətmir, bununla bağlı mübahisə yoxdur, həmin ərazi inşa edilmiş qeyriyaşayış obyektinin altında yerləşir. Bundan əlavə cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sər t şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Sumqayıt şəhəri, Çerkassi küçəsində ona ayrılmış 87 kv.metr torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar