Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1390/2023 14.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən (25 il qulluq stajı yarandığı gündən) ona pensiya hesablanıb verilməsi, bunun üçün isə həm son 24 ay, həm də ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqı məbləğinin (əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla) hesablanması və onlardan daha əlverişli olan (daha yüksək məbləğ əmələ gətirən) orta aylıq əmək haqqı məbləğindən pensiya hesablanması və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmuşam və xx.xx.2018-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmişəm. Bununla da, 25 il 23 gün iş stajı toplanmışdır xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ var idi. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən hakimlərin müstəqilliyinin təminatlarından biri onların sosial müdafiəsinə təminatdır. Bu baxımdan hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatları əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır. Son dövrdə formalaşmış vahid məhkəmə təcrübəsi kimi Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1(102)- 48/2022 nömrəli qərarı ilə iddiaçı hakim barəsində “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1 və 20.1.4-cü maddələrinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının həmin tarixədək onun pensiya yaşma (63 yaşa) çatmamasına əsasən şamil edilməməsi və qanunun xx.xx.2017-ci il tarixdən sonrakı redaksiyasının isə hakimin 15 ildən az (12 il, 1 ay, 27 gün) stajının olmasına görə şamil edilə bilməməsi dəlilləri əsassız hesab edilmişdir. Həmin qərarla Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20.7.1 və 20.1.4-cü maddələrinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası hakim barəsində tətbiq edilərək ona pensiya hesablanması öhdəliyi Cavabdehin üzərinə qoyulmuşdur. Hakimlər kimi, “Prokurorluq haqqında” Qanunun 36-cı maddəsinin 1-ci cümləsinə əsasən prokurorluq işçisi də xidməti fəaliyyətində müstəqil olduğundan, habelə həmin Qanunun 2-ci maddəsinə əsasən prokurorluq da məhkəmələr kimi məhkəmə hakimiyyətinə aid edildiyindən prokurorluq işçiləri ilə hakimlər oxşar vəziyyətdə olan şəxslərdir. Oxşar vəziyyətdə olan şəxslərə isə eyni rəftarın göstərilməsi tələb olunur (R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qəranndakı hüquqi mövqeyi). Bu baxımdan prokurorluq işçilərinin də müstəqilliyinin təminatı olaraq onların prokurorluq işçisi vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları onlar barəsində tətbiq olunmalıdır. Belə olan halda isə, barəsində xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericilik tətbiq edildikdə, xx.xx.2018-ci il tarixdə prokurorluq işçisi kimi pensiya hüququ yaranır. Yuxarıdakılara əsasən, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən müraciət edilərək pensiya təyin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub göndərilmişdir və məktubda qeyd edilmişdir ki, eyni məzmunlu müraciətinə guya xx.xx.2020-ci il tarixli **********4 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktublarla cavab verilmişdir. Halbuki, cavabdehin qeyd edilən məktubları tamamilə fərqli tələbə münasibətdə cavabı olmuşdur. Belə ki, 5 il 8 gün təhsil müddətinin prokurorluqda qulluq stajına daxil edilməklə xx.xx.2013-cü il tarixdən ona yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilərək ödənilməsinin cavabdehin üzərinə qoyulmasının cavabdehdən tələb etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajım 25 ildən az olduğundan ona prokurorluq orqanı işçisi kimi əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Hazırda isə xx.xx.2013-cü il tarixdən deyil, xx.xx.2018-ci il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilərək ödənilməsini xahiş etmiş, bu isə hazırkı iddianın predmetinin, obyektinin, iddianın faktiki əsasının əvvəlkindən fərqli olmasını birbaşa göstərir. Göstərilənlərə əsasən, xx.xx.2018-ci il tarixdən ona yaşa görə prokurorluq işçisi kimi pensiya təyin edilərək ödənilməsi, habelə həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, imtinanın əsasları kimi iddiaçının xx.xx.2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajının 25 ildən az olması və bu səbəbdən iddiaçıya prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir.Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri (9.4.1); yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (9.4.2). Həmin Qanunun 9.4.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixində yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Sözügedən maddəninin mətnindən aydın olur ki, prokurorluq işçilərinin güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 35 il sığorta stajı olmalıdır. İddiaçı münasibətdə qeyd olunmalıdır ki, iddiaçı prokurorluq orqanlarında xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il.tarixədək (25 il 23 gün) işlədiyini iddia edir və bu həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb olunan 35 il sığorta stajı tələbini ödəmir. Qeyd olunanlara əsasən iddiaçının 1 iyul 2017-ci il tarixədək prokurorluq orqanlarında qulluq stajı 25 ildən, cavabdeh orqana müraciət etdiyi tarixdə qulluq stajı 35 ildən az olduğu üçün iddiaçıya prokurorluq əməkdaşı kimi əmək pensiyasnın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əmək pensiyası hüququ yaranmadığından iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin **********4 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, iddiaçıya aid Əmək kitabçasının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ xüsusi şərtlərlə iş stajına malik olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin müvafiq Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dost iş mərkəzi vasitəsilə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin **********4 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: -prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri (9.4.1); -yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, -35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (9.4.2). Həmin Qanunun 9.4.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyasında göstərilirdi ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543 nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 01 iyul 2017-ci il tarixində yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilən sübutlardan müəyyən olundu ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək (25 il 23 gün) prokurorluq orqanlarında işləmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından da göründüyü kimi xx.xx.2017-ci ildən sonra qüvvədə olan qanunvericiliklə tələb olunan sığorta stajı 35 ildir. Nəzərə alınmalıdır ki, xx.xx.2017-ci ilə qədər (köhnə redaksiyada göstərilən müddət) iddiaçının prokurorluq orqanlarında stajı 24 il 1 ay təşkil etmişdir. Bundan başqa köhnə redaksiyanın tələblərinə görə xüsusi rütbədən məhrum edilmiş prokurorluq işçiləri yaşa görə əmək pensiya hüququna malik deyillər. Belə olan halda iddiaçıya prokurorluq əməkdaşı kimi əmək pensiyasnın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə, cavabdeh təşkilat tərəfindən iddiaçının prokurorluq orqanlarında xidmət etmiş şəxs kimi pensiya təyinatının aparılmamasında haqlı olmuşdur. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1- ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdən (25 il qulluq stajı yarandığı gündən) ona pensiya hesablanıb verilməsi, bunun üçün isə həm son 24 ay, həm də ardıcıl gələn 60 ay ərzindəki orta aylıq əmək haqqı məbləğinin (əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla) hesablanması və onlardan daha əlverişli olan (daha yüksək məbləğ əmələ gətirən) orta aylıq əmək haqqı məbləğindən pensiya hesablanması və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1390/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1390/2023
14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver