Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1392/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndələri X2 ("xxxx" MTK–da hüquqşünas işləyən, Sumqayıt şəhəri, ev 77/9, mənzil 56-da yaşayan) və X3 ("xxxx" MTK–da iqtisadçı işləyən, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 32/1, mənzil 17-də) yaşayan iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən "xxxx" MTK-nın cavabdehiliyində olan sahəyə sayğacın quraşdırılması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 43-məhəllədə Sumqayıt Dövlət Universitetinin sifarişi ilə tikilmiş yüksək mərtəbəli binanın 400 kV-lıq 2 ədəd transformatorun, elektrik avandanlıqlarının təhvil alınması və həmin binada kommunal xidmətlərə görə (işıqlandıma, lift və sair kommunal işlədicilər) elektrik enerjisinin dəyərinin müəyyən olunması üçün ayrıca sayğacların quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi T.Paşayev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən "xxxx" MTK-nın cavabdehiliyində olan sahəyə sayğacın quraşdırılması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında bağlanmış müqaviləyə əsasən Zəka MTK podratçı təşkilat kimi SDU-nun yaxınlığında yerləşən Sumqayıt şəhəri, 43-cü məhəllədə SDU-nun müəllimləri üçün yüksək mərtəbəli bina tikməli olmuşdur. Binanın tikintisinin gedişi zamanı SDU ilə X9 İdarəsi arasında gələcəkdə binaya veriləcək elektrik enerjisi və elektrik enerjisi avadanlıqlarının miqdarı və yerləşdirilməsi barədə TX-11-062 nömrəli 26.01.2006-cı il tarixli Texniki şərt qəbul edilmişdir. Texniki şərt Sumqayıt Dövlət Universiteti ilə bağlanmışdır. "xxxx" MTK ilə elektrik enerjisinin təсhizatı barədə müqavilə və ya texniki şərt yoxdur. Texniki şərtdə qeyd edilir ki, binaya yaxın ərazidə ayrıca transformator binası tikilməli və orada hər biri 400 kVt gücü olan iki transformator yerləşdirilməlidir. Texniki şərtə görə xüsusi sayğac qoyulmalı olan işlədicilər üçün (işıqlandırma, lift və sair kommunal işlədicilər) ayrıca sayğac qoyulmalıdır. Texniki şərtə görə istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır. Avadanlıqlar "xxxx" MMC-ilə razılaşdırılmalı və onun spesifikasiyalarına uyğun gəlməlidir. Yeni transformator hər iki tərəfin razılığı əsasında "xxxx" MMC-nin balansına verilə bilər. Texniki şərtlərin yerinə yetirilməsi, obyektin şəbəkəyə birləşdirilməsi və müqavilə bağlanması 18.11.2008-ci il tarixədək başa çatdırılmalı idi. Lakin bu günə qədər elektrik enerjisi təchizatçısı tərəfindən elektrik qurğuları təvhil alınmamışdır. Bundan başqa texniki şərtdə göstərildiyi kimi, binanın su təchizatı, liftlərin işlədilməsi və dəhlizlərin işıqlandırılması üçün ayrıca elektrik hesabat sayğacı quraşdırlmamışdır. Bu da müəyyən çətinliklərə səbəb olur. Belə ki, binada yaşayan sakinlər və kommersiya təşkilatlarının istehlak etdikləri elektrik enerjisinin miqdarı çıxıldıqdan sonra MTK-ya hesab-faktura təyin olunur. Bu hesab-faktura ilə real sərfiyyat arasında böyük fərq yaranır. Binada 192 mənzilin yerləşməsinı baxmayaraq bəzən sərfiyyat yalnız 187 mənzil üzrə hesablanır, bəzən isə ümumiyyətlə mənzillər üzrə sərfiyyat "xxxx" kimi göstərilir. Bundan başqa ətrafda yerləşən və faəliyyət göstərən 11 qeyri-yaşayış obyekti, o cümlədən klinika və s.üzrə sərfiyyat düzgün aparılmayaraq nəzərə alınmır və guya onların sərfiyyatı çıxıldıqdan sonra yerdə qalan sərfiyyat iddiaçıdan çıxılır. Hal-hazırda elektrik enerjisinin borcuna görə məhkəmədə iddia qaldırılmışdır. Kommersiya işi hansı səpkidə həll olunmasına baxmayaraq gələcəkdə yuxarıda göstərilən kommunal xidmətlərə görə ayrıca elektrik enerjisi qoyulmalıdır. Nazirlər Kabinetinin Qərarından göründüyü kimi "xxxx" ASC paylayıcı transfarmotoru öz balansına qəbul etməli, elektrik enerjisi istehlakçılarının hər birinə istehlak olunan elektrik sərfıyyatını müəyyən etmək üçün ayrıayrı sayğaclar quraşdırmağa borcludur. "xxxx" ASC-nin işləri qaydasında görmədiyi səbəbdən 2015-ci ildən 2021-ci ilin iyul ayına qədər "xxxx" MTK-ya 87.598 manat əlavə vəsait hesablanmışdır. Hesablanmış əlavə vəsaitin 63.000 manatdan çoxunun silinməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi 16 noyabr 2021-ci ildə qərar çıxarmışdır. 2021ci ilin cəmi 10 (on) ayı ərzində "xxxx"ASC "xxxx" MTK-ya mənbəyi məlum olmayan, qeyriqanuni, əlavə 37.461 kvt sərfıyyat hesablayıb ki, bu sərfıyyat 009 qəp dəyərlə manatla ifadədə 37.461x009 qəp=3.371.49 AZN edir ki, bu məbləğ "xxxx" MTK-ya əlavə borc kimi hesablanmışdır. Məhkəməyə təqdim edilən yalnız bir variantla 2019- 2021-ci illər üzrə (son üç il) "xxxx" ASC "xxxx" MTK-ya qeyri-qanuni 117.187 kvt sərfıyyat hesablayıb ki, bu da manatla ifadədə 117.187 x0.09 qəp= 10.546.80 AZN vəsait edir. Bu haqsızlıq 2015-ci ildən hazıradək mütamadi olaraq davam edir. Nəticədə "xxxx" MTK-nın guya elektrik sərfıyyatına görə çoxlu borcu yaranıb ki, bunun da səbəbi "xxxx" MTK-nin kommunal xidmət sahəsinə sayğacın qoyulmamasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X5 və X6 iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvəvlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı “Zəka" MTK yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış binasının enerji təchizatının təmin edilməsi üçün 2006-cı ildə “Barmek" HŞ-nə müraciət etmiş və həmin cəmiyyət tərəfindən bununla əlaqədar TX-1 1-062 nömrəli Texniki şərt verilmişdir. Qeyd edilən texniki şərtin 2-ci bəndində abonent tərəfindən quraşdırılacaq və enerjitəchizatı müəssisəsinin balansına təhlil veriləcək qurğular göstərilmişdir. Həmin bəndin 4-cü hissəsində “yaşayış binasının girişində, binanın yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi təchizatı üçün ayrıca sayğac komplekti olan paylayıcı lövhə quraşdırılmalı və binaya bu lövhələr vasitəsilə elektrik enerjisi verilməlidir" tələbinin icrası “Zəka" MTK-nın üzərinə qoyulmuşdur. Texniki şərtin 3-cü bəndinə əsasən işıqlandırma, lift və sair kommunal istifadə olunan işlədicilər üçün sayğac komplekti üçün xüsusi panellər quraşdırılmalı və həmin avadanlıqlar abonentin balansında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu maddəsinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfimi müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan normativ hüquqi aktın tələbinə görə yalnız fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Hazırki iddiaçı isə hüquqi şəxs olduğundan onun mülkiyyətində olan binaların kommersiya xətlərinə quraşdırılacaq elektrik sayğacları da onun öz vəsaiti hesabına quraşdırılmalıdır. Bundan əlavə Qaydaların 1.6-cı bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin «Dövlət Enerjinəzarət» İdarəsinin istismara buraxılış aktına əsasən həyata keçirilir. İş materiallarında olan : - 26.01.2006-cı il tarixli TX-11-062 nömrəli texniki şərtdən görünür ki, həmin texniki şərt Sumqayıt Dövlət Uniuversiteti ilə "xxxx" MMC arasında elektrik enerji təchizatının təmin edilməsi ilə bağlı tərtib edilmişdir. - "xxxx" ASC-nin "xxxx" MTK-ya ünvanladığı 10.02.2021-ci il tarixli 02/06-08/485 nömrəli məktubdan görünür ki, binadakı bütün mənzillər abonent qeydiyyatına alınaraq sayğac quraşdırılmışdır. Enerjitəchizatçı təşkilatla əhali abonentləri arasında X1yə görə hesablaşma sayğac göstəricilərinə uyğun təqdim edilmiş “hesab-bildiriş” əsasında aparılır. Binanın ətrafının giriş qapılarının, su nasosları və liftlər üçün quraşdırılmış s a y ğ a c göstəriciləri hər ay baş sayğac göstəricilərindən çıxıldıqdan sonra MTK-ya ödəniş üçün hesab-faktura təqdim olunur. Lakin sərf etdikləri elektrik enerjisinin dəyərini tam həcmdə ödənilmədiyindən cari ilin yanvar ayına MTK-da 79386,23 manat borc yaranmışdır. Həmin borc ödənildikdən sonra müraciətdə qaldırılan digər məsələlərə baxıla bilər. -10/304 saylı 06.07.2002-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı "xxxx" MTK-ya məxsus yaşayış binasında quraşdırılmış 4 ədəd liftin, 2 ədəd su nasosunun və 4 blokunun işıqlandırma şəbəkəsində quraşdırlmış («Энерго-мера» ЦЭ6803В markalı **********00154 nömrəli) elektrik sayğacının göstəricilərin görə, həmin elektrik enerji qəbuledicilərinin bir günlük sərfiyatı 104,76 kWh, orta hesabla bir aylıq (30 günlük) sərfiyyatı isə 3142,8 kWh (104,76 kWh x 30 gün = 3142,8 kWh) təşkil edir. -"xxxx" ASC tərəfindən təqdim edilmiş 2015-1019-cu illəri əhatə hesab ödəniş vərəqlərindən görünür ki, "xxxx" MTK-nın həmin illərdə elektrik enerjisinə görə yaranmış borclar və ödənişlər əks olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndələrinin izahatlarını dinləyərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci tarixli 18 nömrəli Qərarl ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində abonent (əsas istehlakçı) anlayışının mənası elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı kimi ifadə edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə görə enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Məhkəmə araşdırması zamanı tərəflər arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilənin bağlanmadığı müəyyən edildi. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Yuxarıda göstərilən Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.4-cü bəndinəgörəenerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məişət istehlakçıları ilə hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır və onlardan digər ödənişin alınmasına yol verilmir. Lakin Qaydaların 8.20-ci bəndində də göstərildiyi kimi yaşayış binasının mülkiyyətçisi və mənzil-kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjinəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Həmin Qaydaların 8.25-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin bakans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektirk sayğacı vaistəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1yə görə sərfiyyatın hesablanması ilə bağlı tərtib olunmuş hesab fakturalarda (27.01.2016-cı il, 22.08.2016-cı il, 20.07.2017-ci il, 21.02.2018-cı il tarixli) əhalinin sərfiyyatı, 18.07.2016-cı il, 31.10.2016cı il, 28.02.2017-ci il, 22.01.2018-ci il tarixli fakturalarda isə kommersiya obyektlərinin sərfiyyatı "xxxx" göstərilmişdir ki, bunun ağlabatan olmaması aşkardır və iddiaçı MTK-ya artıq sərfiyyatın hesablamasəna dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, Sumqayıt Dövlət Universitetinə verilmiş texniki şərtə görə binanın giriş hissələrinin, pilləkənlərin, liftlərin işıqlandırılması üçün ayrıca sayğacların quraşdırılması nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq cavabeh tərəfindən hazıradək ayrıca sayğacın quraşdırılması təmin edilməmişdir. Nəticədə iddiaçıya külli miqdarda elektrik enerjisi sərfiyyatına görə borc hesablanmışdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, "xxxx" MTK-nın cavabdehliyində olan sahəyə ayrıca sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MTK-nın Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən yüksəkmərtəbəli yaşayış binası üçün MTK-nin cavabdehliyində olan sahə (liftlərin, pilləkənlərin, binanın giriş hissələrinin işqlandırılması və s.kommunal işlədicilər) üçün ayrıca sayğacın quraşdırılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1392/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1392/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver