Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1394/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Sumqayıt Santexnik Hissə” ATSC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərarının ləğv edilməsi və 1790,77 manat məbləğində əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt Santexnik Hissə ATSC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 57841,06 manat ümidsiz borca görə hesablanmış 4856,54 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərarının ləğv edilməsi və 1790,77 manat məbləğində əlavə vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sumqayıt Santexnik Hissə” ATSC 21 sentyabr 1998-ci İldə Sumqayıt Santexniki hissələr zavodunun bazasında yaradılmışdır. 14 oktyabr 1998-ci ildə X4 adı keçən səhmdar cəmiyyətinə sədr təyin olinmuş, elə həmin vaxtdan keçmiş zavodun debitor və kreditor məbləğlərin araşdırılmasına başlamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ”Əcəmi” və “İğlim” kiçik müəssisələri tərəfindən veriləcək 57841,06 AZN debitor borc məbləğləri saxtadır. Bu müəssisələr zavoda verilən kreditin yuyulması üçün yaradılmışdır və tezliklə də ləğv olunmuşdur. Ləğv olunmasına baxmayaraq bu məbləğ müəssisənin debitor borcundan silinməmişdir. Borcu olan müəssisələrin VÖEN-i bağlanmamalı olmasına baxmayaraq, o vaxt həmin müəssisələrin VÖEN-ləri bağlanmışdır. Ümidsiz borc olan 57841,06 AZN məbləğin silinməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023 il tarixli məktubla imtina etmişdir. Belə ki, vergi orqanı uçot metodunun dəyişdirilməsini hesab edərək iddiaçının barəsində kameral qaydada vergi borcu hesablamışdlr. İddiaçı 2021-ci il mənfəət vergisi bəyannaməsini təqdim edərkən kasa metodu ilə təqdim etmiş, 2022-ci il mənfəət vergisi üzrə bir neçə dəfə dəqiqləşdirilmiş bəyannamə verilmiş və diqqətsizlik üzündən uçot metodu kimi kassa metodu deyil, hesablama metodu seçilmiş və nəticədə avtomatik kreditor borcları gəlir kimi qəbul edilmişdir. Bu barədə məlumat alan kimi iddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə verilmişdir. Lakin cavabdeh il ərzində düzəliş edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Cəfərov iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, idarədə vergi ödeyicisi kimi qeydiyyatda olan “Sumqayıt Santexnik Hissə” Açıq tipli Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 1790,77 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən uçot metodu dəyişmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021-ci ilin hesabat dövrünün sonuna sair debitor borcları (vergilər üzrə) 1.4.2ci sətirdə 57841,06 manat və sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kənarlaşma üzrə mikrosahibkarlıq meyarıda nəzərə alınmaqla 55432,79*20%/4=2771,64 manat vergidən yayınma riski yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********801200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə əlavə 2698,76 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********729100 nömrəli AVİS-dən kənar kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisinə debitor borclar üzrə qarşı tərəflərlə tərtib edilmiş debitor-kreditorlar üzrə üzləşmə aktları, bağlanılmış müqavilələr, təhviltəslim aktları və zəruri hesab edilən digər təsdiqedici sənədlərin təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixli **********010100 nömrəli və xx.xx.2023-cü il tarixli **********278100 nömrəli məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənədlərin təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********075200 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən yenidən xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araşdırılma zamanı uçot metodunun dəyişildiyi müəyyən edilmiş, (2021-ci ildə kassa metodu və 2022-ci ildə hesablama metodu) 2021 -ci ilin hesabat dövrünün sonuna Sair debitor borcları (vergilər üzrə) 1.4.2-ci sətirdə 57841,06 manat və Sair kreditor borcları 2.2.1.5-ci sətirdə 2408,27 manat əks etdirilmiş və fərq kimi 55432,79 manat olmasına baxmayaraq, vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri üzrə 216-cı sətrində gəlir məbləği göstərilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kənarlaşma üzrə mikrosahibkarlıq meyarıda nəzərə alınmaqla 55432,79*5%=2771,64 manat vergidən yayınma riski yaranmışdır. 18159,86 manat debitor borc nəzərə alınmış və 907,99 manat vergi məbləği azaldılmışdır. Nəticədə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********539100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İş materiallarına əlavə edilmiş : -11 yanvar 2024-cü il tarixli **********539100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarından görünür ki, “Sumqayıt Santexnik Hissə” ATSC-yə 1790,77 manat vergi borcu hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Maddə 130.4. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Məhkəmə qeyd edir ki, hazırki münahisə üzrə vergi orqanı Vergi Məcəlləsinin 130.4-cü maddəsini (Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər) belə şərh etmişdir ki, iddiaçı il ərzində vergi uçot metodunu dəyişdirə bilməz. Halbuki, həmin maddədə iddiaçının vergi uçot metodunun dəyişdirilə bilməməsi deyil, il ərzində fərqli metodlardan istifadə imkanı istisna edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müəssisə 2021-ci ildə kassa metodunu tətbiq etmişdir. 2022-ci ildə isə hesablama metodunu tətbiq etmiş lakin dərhal dəqiqləşdirilmi bəyannamə təqdim etdikdə cavabdeh bu dəyişikliyi qəbul etməkdən imtina etmiş və nəticədə iddiaçıya əlavə vergi borcun hesablamışdır. Vergi orqanı həmin bəyannaməni kameral qaydada yoxlayarkən, artıq 2022-ci il üzrə iddiaçının bank hesabına mədaxil və bank hesabından məxaric olunan vəsaitləri görmək imkanına malik idi. Buna baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan məsələlər araşdırılmadan, mübahisələndirilən qərarla iddiaçıya mənfəət vergisi hesablanmış, bununla da“İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli, **********008600 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 9.1-ci bəndinə görə, kameral yoxlama zamanı bəyannamədə, hesabatda və ya arayışda vergilərin, can vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün bəyannamələr, hesabatlar, arayışlar, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanlarının əlaqəli məlumatlara əsasən vergiləri, cari vergi ödəmələrini, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarını hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Sumqayıt Santexnik Hissə” ATSC barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli **********539100 saylı qərar ləğv edilsin və 1790,77 manat məbləğində vetgi borcunun silinməsi öhdəliyi cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1394/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1394/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver