Məhkəmə qərarları › İş №2-1(118)-1395/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1395/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1395/2024 12.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz katibliyi, İddiaçı Əliəkbər oğlunun iştirakı ilə, İddiaçı Əliəkbər oğlunun Cavabdehnə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə görə yerquruluşu planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Əliəkbər oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə görə yerquruluşu planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 47 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0.03 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin Memarlıq və Tikinti şöbəsi 0.03 ha torpaq sahəsinin yerquruluşu planının döngə nöqtələrində uyğunsuzluğun aşkar edilməsi bildirilərək rəyin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazda iddianı qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı tərtib olunan sənəd “torpaq sahəsinin yerquruluşu planı” adlanır ki, bu səlahiyyət keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, hazırda isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa yerli icra hakimiyyəti orqanı yerquruluşu planından çıxarışın tərtib edilməsi üçün tələb olunan texniki vasitələr və torpaqların elektron kadastr bazasına malik deyildir. Bununla bağlı cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Cavabdeh Başçısının Saray qəsəbə üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 47 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün yerquruluşu planını verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin sxemi və ya plan-cizgisi sahənin faktiki yerləşmə yerinə uyğun situasiya planıdır və əgər torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildirsə, mərzçəkmə qaydasında torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün verilə bilər. Lakin hazırda həmin sənədin tərtib edilməsi öhdəliyinin yerli icra hakimiyyəti orqanının üzərinə qoyulması məqsədəuyğun deyildir. Belə ki, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir və həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. İddiaçı iddia ərizəsində yerquruluşu planı (kadastr) sənədinin verilməsini tələb edir. Halbuki, plan və ölçü (kadastr) sənədinin verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin yerli ərazi idarələrinin, yerquruluşu planından çıxarışın verilməsi isə bələdiyyənin səlahiyyətərinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. ( 4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndləri) Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Əliəkbər oğlunun Cavabdehnə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə görə yerquruluşu planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əliəkbər oğlunun Cavabdehnə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə görə yerquruluşu planının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar