Məhkəmə qərarları › İş №2-1(118)-1397/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1397/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1397/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “22.05.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeydə alınmasının qanunsuz hesab edilərək cavabdeh tərəfindən barəsində tərtib olunmuş 5829,60 manat məbləğində cərimə olunması haqqında vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə 22.06.2020ci il tarixli, **********243500 saylı qərarın ləğv edilməsi, həmin qərara əsasən hesablanmış 5829,60 manat məbləğində cərimənin silinməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq “22.05.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeydə alınmasının qanunsuz hesab edilərək cavabdeh tərəfindən barəsində tərtib olunmuş 5829,60 manat məbləğində cərimə olunması haqqında vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə 22.06.2020-ci il tarixli, **********243500 saylı qərarın ləğv edilməsi, həmin qərara əsasən hesablanmış 5829,60 manat məbləğində cərimənin silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1986-cı ildə Quba rayonu Qəcər-Zeyid kəndində anadan olmuşdur. Ali təhsillidir. 2012-ci ilin may ayında “Accesbank" QSC-nin Quba filialında işə başlamışdır. Fasiləsiz olaraq 2017-ci ilin mart ayının 31-dək həmin bankda işləmişdir. Əmək haqqı ***-**** manat arasında dəyişilmişdir. İşə qəbul olunduğu müddətdən çıxdığı müddətə qədər aldığı əmək haqqı, mükafat və s. barəsində hesabdan çıxarışları iddia ərizəsinə əlavə etmişdir. Hansı ki, əmək haqqı aldığı vaxtdan həmin əmək haqqında vergi, sosial sığorta haqqları və digər tutulmaları olmuşdur. Hətta bununla bağlı işlədiyi "xxxx" QSC-nə sorğu verərək məlumat əldə etmək olar. İşlədiyi 5 il ərzində bankdan aldığı əmək haqqı 57471,88 manat olmuşdur. Aldığı əmək haqqlarını yığaraq məqsədi Bakı şəhərində ev almaq idi. Lakin 2017-ci ildə bankların gəlirlərinin azalması səbəbindən iş yerləri ixtisar olunmuş və o da işdən azad olunmuşdur. Nəticədə Bakı şəhərində ev ala bilmək üçün kifayət qədər vəsait toplaya bilməmişdir. Ölkədə manatın dəyərdən düşməsi səbəbindən işləyərək yığdığı pulların dəyərsizləşməməsi üçün bir hissəsini ABŞ dollarına çevirmək qərarına gəlmişdir. Bu məqsədlə 10 mart 2020ci il tarixdə işləyərək maaş kimi aldığı 57471,88 manatdan 41640 manatı Accesbank QSC-da 24458.15 ABŞ dollarına çevirərək evdə saxlamışdır. 09 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsindən ona aşkar edilmiş kənarlaşma barədə bildiriş gəlmişdir. Bildirişdə “Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması fonunda valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə Azərbaycan Respublikası höküməti tərəfindən zəruri tədbirlər görülməkdədir. Belə ki, 11 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilmişdir. Müşavirədə valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi dövlət vergi orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən və banklardan alınmış məlumatlar əsasında tərəfinizdən 10.03.2020-ci il tarixdə AccessBankda 41640 manat 24458.15 ABŞ dolları məbləğin konvertasiya olunduğu aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq vergi bəyannaməsinin və ya valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsini təsdiq edən sənədlər əlavə olunmaqla əsassandırılmış yazılı izahatın 5 iş günü ərzində vergi orqanına təqdim olunması məndən tələb olunmuş, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda tərəfinizdən əldə edilən vəsait Vergi Məcəlləsinin müddəalarına əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi hesab olunaraq vergiyə cəlb olunacağı bildirilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barəsində göndərilmiş həmin məktubla vergi orqanının özbaşnalığı, hüquqlarının pozulması, ona qarşı qanunsuzluq başlanılmışdır. Belə ki, Azərbaycan Respublikasında manatın ABŞ dollarına çevirilməsi qanunsuzluq demək deyil, manatın ABŞ dollarına çevrilməsi heç bir qanun pozuntusu deyildir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona göndərilmiş 09 iyun 2020-ci il tarixli məktubda da qeyd edilir ki, o manatın ABŞ dollarına 10 mart 2020-ci il tarixdə çevirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirə isə 11 mart 2020-ci il tarixdə keçirilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin 11 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilməsi, müşavirədə valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi dövlət vergi orqanlarına tapşırılması və həmin tapşırığın nəticəsində məndən bundan bir gün əvvəl manatın ABŞ dollarına çevirilməsinə görə hesabat tələb edilməsi – tamamilə qanunsuz və əsassızdır. Ona görə ki, Azərbaycan Respublikasının Normativ X5 Qanunda-Baş Nazirin “Tapşırığı” normativ hüquqi akt kimi göstərilməmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin həmin tapşırığa istinad edib məni vergiyə cəlb etməsi özü bir özbaşnalıqdır. O, vergi ödəyicisi olmadığı halda onun barəsində kameral vergi yoxlaması həyata keçirilə bilməzdi. Əldə edilmiş gəlirdən ikinci dəfə vergi və sosial sığorta haqqlarının tutulmasının özü qanun pozuntusudur. 3 sayı Ərazi Vergilər İdarəsinin onun barəsində göndərdiyi məktubdan sonra o, manatdan ABŞ dollarına çevirdiyi pul barəsində məlumat versə də, buna baxmayaraq heç bir əsas olmadan barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 22.06.2020ci il tarixli **********243500 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən hesabat dövrü 2019 olmaqla bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı kimi 5829,60 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Hər bir halda şəxs barəsində qərar qəbul edərkən qərar qanuni olmalı, əsaslandırılmalı, hansısa bir qanuna əsasən qəbul edilməlidir. Yəni barəsində 22.06.2020-ci il tarixli **********243500 saylı qərarın hansı qanuna istinad edilərək çıxarılması aydın deyildir. Həmin qərardan təxminən bir ildir ki, yuxarı orqana şikayət edir. Etdiyi şikayətlərdə hesablanmış borcun silinməsini xahiş etsə də, hər dəfə ona verilmiş cavabda guya onun müraciətinin borcun azaldılması ilə bağlı olması qeyd edilərək cavab verilmişdir. Sonuncu dəfə 10 iyun 2021cİ il tarixdə ona yuxarı vergi orqanı tərəfindən **********291000 nömrəli inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Onun həmin qərardan yuxarı vergi orqanına verdiyi şikayətlər təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Barəsində tərtib edilmiş qərar ona görə qanunsuz və əsassızdır ki, o, vergi ödəyicisi deyildir. Onun barəsində onun razılığı olmadan, onun imzası olmadan VÖEN açılmışdır. O, AccessBankda 41640 manatın 24458,15 ABŞ dolları məbləğinə konvertasiya etməklə heç bir qanunu pozmamışdır. 41640 manatın 24458,15 ABŞ dolları məbləğinə konvertasiya edilməməsi və ya konvertasiya edilməsinin qanunsuz olması barədə heç bir qadağa (qanun, normativ akt) yoxdur. Konvertasiya etdiyi məbləğ iddiaya əlavə etdiyi çıxarışlardan da göründüyü kimi onun əmək haqqıdır. Hansı ki, həmin əmək haqqında vergi, sığorta və s ödənişlər tutulur. Eynİ məbləğdən təkrar olaraq vergi, sığorta və digər ödənişlərin tutulması qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı, İddiaçı (VÖEN **********) 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 22.06.2020-ci il tarixli **********243500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, vergi ödəyicisi İddiaçı 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada hesablanmış 5829,6 manat vergi məbləğinin hesablanmasına əsas verən halların kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 41640,0 manat (24458,15 ABŞ dolları) məbləğində valyuta mübadiləsi (konvertasiya) əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 09.06.2020-ci İİ tarixli **********852400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” Məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən həmin məktuba cavab verilmədiyinə və həmin məktubda qeyd edilmiş təsdiqedici sənədlər təqdim edilmədiyinə görə, 22.06.2020-ci tarixli **********243500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2019-cu il üçün 5829,6 manat gəlir vergisi hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisi İddiaçı (VÖEN: **********) oğluna 13.05.2020-ci il tarixli **********377400 nömrəli vergi uçotuna dair ərizə təqdim edilməsi haqqında bildiriş göndərilmişdir. Lakin 5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim edilməmişdir. İddiaçı vergi uçotuna alındıqdan sonra aparılmış konvertasiya əməliyyatları ilə bağlı Vergi Məcəlləsinin 37.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq vergi bəyannaməsinin və ya valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsini təsdiq edən sənədlər əlavə olunmaqla əsaslandırılmış yazılı izahatın 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməsi üçün 09.06.2020-ci il tarixli **********852400 nömrəli "Aşkar edilmiş kənarlaşma haqqında" məktub göndərilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün vergi ödəyicisi tərəfindən qeyd olunan müddət ərzində əldə edilmiş pul vəsaitləri barədə təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyindən İddiaçı Vergi Məcəlləsinin 67ci maddəsinə əsasən analoji qaydada 5829,60 manat dəyərində hesablama aparılmaqla 22.06.2020-ci il tarixli **********243500 nömrəli "********** - Gəlir vergisi - 2019-cu il Analoji hesablama barədə Qərar” göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən 16.07.2020-ci il tarixli **********945100 nömrəli, 20.07.2020-ci il tarixli **********047701 nömrəli, 13.04.2021-ci il tarixli **********727300 nömrəli, 28.04.2021-ci il tarixli **********347400 nömrəli məktublarla müraciət edərək hesablanmış vergi məbləğindən narazılığını bildirmişdir. Vergi ödəyicisi öz müraciətində konvertasiya olunmuş pul vəsaitinin mənbəyini 2012-2017-ci illər arası ACCESSBankın Quba filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən əmək haqqı məbləği olaraq bildirmişdir (bununla bağlı bank çıxarışlarını əlavə etmişdir.) Eyni zamanda ailə üzvlərinə məxsus torpaq sahələrinin olduğu və bu torpaq sahələrindən əldə edilmiş kənd təsərrüfatı məhsullarının satışından gəlirlərinin də olduğunu bildirmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış 19.05.2021-ci il tarixli **********200400 nömrəli məktubda həmin torpaq sahəsindən əldə edilmiş kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı təsdiqedici sənədlər tələb edilmişdir. Lakin vergi ödəyici tərəfindən həmin satışdan əldə edilmiş gəlirlər barədə təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Nəticədə yuxarı vergi orqanı tərəfindən 10.06.2021-ci il tarixli **********291000 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında Qərar qəbul edilmiş və kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği azaldılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********243500 saylı, 22 iyun 2020-ci il tarixli qərarından görünür İddiaçı 2019-cu il üzrə gəlir vergisinə görə 5829,60 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış məbləğin azaldılmasına dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********291000 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ilə X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 13.04.2021-ci il tarixli və 28.04.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 iyun 2020-ci il tarixli, **********243500 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı tərəfindən 41640 manat pul vəsaitinin ABŞ dollarına mübadilə edilməsi aşkar edildikdən sonra vergi orqanı tərəfindən bununla bağlı kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq 2**********243500 saylı, 22 iyun 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilməklə iddiaçıya 5829.6 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin hesablama ilə razılaşmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş və sonuncunun **********291000 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarda şikayətin təmin edilməməsinin əsası olaraq göstərilmişdir ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras, satış və.s) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununlada konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəliri olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının hesablamaya və inzibati şikayətin təmin edilməməsinə əsas olaraq gətirdiyi dəlillər əsassızdır və mübahisələndirilən inzibati aktın hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən aşağıdakı nəticələr əldə edilir: - Vergi ödəyicisi tərəfindən xarici valyuta ilə hər hansı malın təqdim edildiyi (işlərin görüldüyü, xidmətlərin göstərildiyi) günlə malın, işin və xidmətin dəyərinin ödənildiyi gün arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin xarici valyutada debitor ve kreditor borclarının yarandığı (və ya ilin əvvəlinə olan) tarixlə ilin sonuna olan tarix arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin kassa və ya bank hesabında xarici valyutada olan pul vəsaiti üzrə ilin əvvəlinə olan məzənnə ilə ilin sonuna olan məzənnə arasında yaranan müsbət fərq vergi ödəyicisinin gəliri hesab edilir. - Məzənnə fərqi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanır. - Yuxarıda qeyd olunan müsbət məzənnə fərqi satışdankənar gəlir hesab edilməklə vergi ödəyicisinin seçdiyi vergi növünə uyğun olaraq vergiyə cəlb edilir. Göstərilənlərdən eyni zamanda aydın olur ki, valyuta dəyişmə əməliyyatı o halda vergitutulan əməliyyat hesab edilir ki, həmin əməliyyat nəticəsində müsbət məzənnə fərqi yaranmış olsun. Bu zaman əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən gəlir qismində vergi ödəyicisinin seçimindən asılı olaraq sadələşdirilmiş vergi, ƏDV və ya gəlir (mənfəət) vergisinə cəlb edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2019-cu ildə aparılıb və 2016-cı ilin sonlarından hal-hazıradək Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1(bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər olmuşdur. X6 Heyəti tərəfindən 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. 21 dekabr 2015-ci il tarixindən sonra 1(bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2019-cu ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2019-cu ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə iddiaçının pul vəsaitinin konvertasiyası əməliyyatından gəlir əldə etməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda cavabdeh vergi orqanının konvertasiya edilmiş pul vəsaitinin mənbəyinin və ya əvvəllər vergiyə cəlb olunmuş olmasının iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə valyuta dəyişmə əməliyyatına məruz qalmış pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri olduğunu və ya valyuta dəyişmə əməliyyatı nəticəsində gəlir əldə etdiyini sübut etməlidir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi iddiaçı tərəfindən 2017-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi və ya həmin pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 22.06.2020-ci il tarixli, **********243500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 22.06.2020-ci il tarixli, **********243500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar