Məhkəmə qərarları › İş №2-1(118)-14/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-14/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-14/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (Azərbaycan Respiblikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın nəzarəti idarəsində rəis müavini işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Gənclik küçəsi, ev 29C, mənzil 1-də yaşayan ) , Cavabdehin nümayəndəsi X1 (Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən ona vurulmuş 74050 manat maddi, 20000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 74050 manat maddi, 20000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddai tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2108 nömrəli ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən onun mülkiyyətindədir. Torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə razılaşdırılaraq təsdiq edilmişdir. Layihəyə uyğun iddiaçı yaşayış evinin tikintisinə başlamış və kürsü, betonlar tökülmüş, birinci mərtəbə qaldırılmış, həyətyanı sahə 0.07 ha üzrə mişar daşından hasarlamışdır. 2015-ci ilin may ayından başladığı tikintiyə 80000 manat pul xərcləmişdir. Lakin 2016-cı ilin mart-aprel aylarında Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları başçının göstərişinə əsasən qanunsuz müdaxilə edilərək tikinti dayandırılmış və heç bir əsas olmadan inşa olunmuş tikililər buldozerlə sökülmüşdür. Hasar və yaşayış evinin mişar daşları həmin əməkdaşlar tərəfinən söküldükdən sonra daşınaraq şəhərin giriş hissəsində abadlaşdırma işlərinə sərf edilmişdir. Dəfələrlə icra hakimiyyəti başçısına edilmiş müraciətlərinə baxmayaraq söküntünün səbəbləri izah edilməmiş və vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərk iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlə hər hansı inzibati akt qəbul edilməmiş və icra hakimiyyəti əməkdaşları söküntüdə iştirak etməmişlər. Söküntünün kim tərəfindən aparıldığı məlum deyildir. Lakin iddiaçının çoxsaylı şikayətləri nəzərə alınaraq şəhər icra hakimiyyəti iddiaçı ilə dəflələrlə danışıqlar aparmış və mübahisənin kompromiss yolu ilə həll edilməsinə çalışmışdır. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəbulunda da olmuşdur. Lakin razılıq əldə olunmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - RX № ******* seriyalı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2108 N ünvanda yerləşən 0.07 bağ torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsi barəsindədir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin sənəd İddiaçı məxsus Sumqayıt şəhəri,Corat bağlar ərazisi 2108 N ünvanda yerləşən bağ evinə dair tərtib edilmişdir. -“Hüquq və Torpaq Məsələləri“ MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat bağlan ərazisi 2108 N ünvanında yerləşən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı adına qeydə alınmış, mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və 2015-ci ilin may-dekabr ayları üzrə “Google Yer” proqramının ortofoto görüntülərinin nəticələrinə görə torpaq sahəsinin üzərində inşa edilmiş hasar və fərdi yaşayış evinin mövcudluğu müəyyən olunur. İddiaçı mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiqlənmiş eskiz layihə sənədləri üzrə fərdi yaşayış evinin tikilməsi məqsədilə kürsü-betonların tökülməsi, qaldırılmış birinci mərtəbənin divarlarının inşası, həyətyanı sahənin yeddi sot üzrə mişar daşından hasarlanması, həyətyanı tikililərin başa çatdırılması ücün həyətdə qalan 2100,0 ədəd mişar daşı, 5 kub.m taxta, 3000,0 p/m armatur, 90,0 kisə sementi nəzərə almaqla tikinti materialı və əmək haqqı xərcləri təqribən 74050,0 manat (yetmiş dörd min əlli) məbləğində müəyyən edilir. - Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlan ərazisi 2108N ünvanında yerləşən 0,07 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evi ilə bağlı 2014-2015-ci illərdə məlumatlandırma icraatının həyata keçirilməsi barədə məlumat Şəhər icra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. - İş üzrə “B+A Audit Konsaltinq” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı fərdi yaşayış evinin 1- ci mərtəbəsinin tikintisinə, 2-ci mərtəbənin artırılmasına və armatur işlərinin görülməsinə və həmin 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hasarlan ma sı na istifadə olunmuş tikinti materiallarının, yəni 2100 ədəd mişar daşı, 5 kub metr taxta, 3000p/m armatur, 90 kisə sementin alınmasına və onların istifadə edilməsinə cəlb olunan işçi qüvvəsinə çəkilmiş xərclərin orta hesabla 60.000- 62.000 manat hesablana biləcəyi nəzərə alınır. - İş üzrə təyin edilmiş məhkəmə-texniki-tikinti ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MN MMC tərətindən tərtib edilmiş eskiz layihəyə və CD disketdə olan məlumatlara əsasən mübahisə predmeti olan tikilidə aparılmış tikinti işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 23021,00 manat məbləğində müəyyən olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən İddiaçı tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə yerində baxış keçirilən zaman müəyyən edildi ki, həmin ərazidə bir ədəd tikili sökülmüş, lakin betondan olan bünövrəsi yerində qalmışdır. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan göründüyü kimi Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus torpaq sahəsində onun inşasına başlanmış bir ədəd fərdi yaşayış evinin sökdürmüş və nəticədə iddiaçıya ziyan vurulmuşdur ki, sonuncu da cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus torpaq sahəsinə tikintisi tam başa çatmayan bir ədə fərdi yaşayış evi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin şifahi göstərişi əsasında sökülmüş, cavabdeh tərəfindən həmin evin söküntüsü ilə bağlı texnika və fəhlə qüvvəsi cəlb olunmuş və nəticədə evin sökülməsi ilə iddiaçıya maddi ziytan vurulmuşdur. Cavabdehin göstərilən tikilinin onun tərəfindən sökülməməsi ilə bağlı mövqeyi bir sıra sübutlarla təkzib edilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müraciətlərinə cavab məktublarından görünür ki, cavabdeh inzibati orqan söküntünün onun tərəfindən aparılmamasını bildirməmiş, əksinə yerinə birgə baxış keçirildikdən sonra lazımi tədbirlərin görüləcəyini bildirmişdir. Bundan başqa məhkəmə araşdırması gedişində də cavabdeh iddiaçı ilə barışıq əldə etməyə çalışmış və ona kompensasiya kimi başqa-başqa torpaq sahələri təklif etmişdir. Məhkəmə hesab edir ki, söküntü cavabdeh tərəfindən aparılmamışdırsa, iddiaçıya barışıqla bağlı hər hansı təkliflər irəli sürməzdi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində tikinti obyektlərinin sökülməsi halları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Göstərilən Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllınin 95.4-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. Göstərilən Məcəllənin 95.5-ci maddəsinə əsasən Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Həmin Məcəllənin 95.7-ci maddəsinə görə tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-lVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanınnın 4.10-cu bəndinə görəhəmin Məcəllənin ....... 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı hər hansı yazılı qərar (inzibati akt) qəbul edilməmişdir və ümumiyyətlə, yuxarıda göstərilən qanunvericilik nörmalarına əsasən cavabdeh belə bir səlahiyyətə malik olmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının yarıtikilmiş evinin sökülməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Cavabdehin nümayəndəsinin iddiaçının evinin sökülməsi ilə bağlı şəhər icra hakimiyyəti tərəfindən heç kimə yazılı və ya şifahi göstərişlərin verilmədiyi barədə izahatı iş materialları və toplanmış sübutlarla təkzib olunduğu üçün məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının əsaslandığı hal məhz onunla bağlı olmuşdur ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Əgər inzibati orqan hər hansı inzibati aktı qəbul etmiş olsaydı, bu halda iddiaçı məhz həmin inzibati aktın mübahisələndirilməsinə dair iddia irəli sürərdi. Lakin iddia növünün məhz inzibati orqanların qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğu onu ehtiva edir ki, inzibati orqanların hərəkətləri qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən kənarda olmuşdur. Məhkəmə hesab edir ki, həmin tikili hər hansı şəhərsalma və tikinti normalarına riayət olunmadan tikilmiş olsa idi belə, məhkəmə qərarı olmadan sökülməsi qanuna zidd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş ekspert rəyinə görə iddiaçıya dəymiş ziyanın həcmi 23.021 manat təşkil edir. İddiaçı maddi ziyanın 74.050 manat məbləğində olmasını təsdiq edən sübut kimi "xxxx" MMC-dən rəy təqdim etmişdir. Məhkəmə həmin rəydə göstərilən məbləği bir mərtəbəsi başa çatdırılmış evin söküntüsünə görə şiirdilmiş hesab edərək ekspert rəyi ilə razılaşır. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyanın yetirilməsini təsdiq edə biləcək hər hansı başqa sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətindən maddi ziyana görə kompensasiya kimi 23021 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan - 51029 manat maddi ziyanın və 20000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsində isə bu ziyanın vurulmasını təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim olunmadığından rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110-cu maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinə inşa etdirdiyi fərdi yaşayış evinin sökülməsi ilə bağlı maddi ziyana görə 23021 manat məbləğində kompensasiya İddiaçı xeyrinə tutulsun. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətindən 50 manat ekspertiza xərcləri Dövlət Xəzinədarlığının hesabına tutulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar