Məhkəmə qərarları › İş №2-1(118)-14/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-14/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-14/2025 08.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X10 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarış, plan və ölçü sənədinin ləğvi, koordinatların müəyyənləşdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN 2254 KOD 30800027 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayon 1 saylı DNK-nın 23 iyun 2004-cü il tarixli, 4Ə/-508 saylı alqı-satqı müqaviləsi ilə 0,41 ha torpaq sahəsi İddiaçı satılmışdır. Aktda torpaq sahəsinin planı/cizgisi (miqyas 1:1000), koordinatlar, döngə nöqtələri, arasında olan məsafə, qaiməsi/sertifikatı göstərilmişdir.

2. 11 sentyabr 2013-cü il tarixli, AA seriyalı, 002067 nömrəli, X10 adına tərtib edilmiş **********21 reyestr nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin əsas göstəriciləri, döngə nöqtələrinin koordinatları, arasındakı məsafə, planı (cizgisi) (miqyas 1:2000) göstərilmişdir.

3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 12 sentyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,5730 ha torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir.

4. Cavabdeh2 30 oktyabr 2014-cü il tarixli, 4208-T nömrəli X15 göndərilmiş məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı 02344526 saylı çıxarış ilə Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,5730 ha torpaq sahəsində inşaası nəzərdə tutulmuş kənd təsərrüfatı anbarının binasının tikintisinin eskiz layihəsi və baş planı razılaşdırılmışdır.

5. Cavabdeh1 30 aprel 2021-ci il tarixli, **********12 nömrəli məktubundan görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsində hüquq müəyyənedici və texniki sənədlər əsasında daşınmaz əmlakların qeydiyyatları aparılır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-2254 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı əsasında 0,41 ha torpaq sahəsinin xəritə üzərində hazırkı vəziyyət barədə məlumat verilməsi idarənin səlahiyyətlərinə aid deyildir. Bu məqsədlə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-yə müraciət edilməsi tövsiyyə olunmuşdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyun 2021-ci il tarixli, **********78 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Abşeron rayonunda mövcud olan təsərrüfatların ərazilərində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və ərazinin rəqəmsal kadastr xəritəsi tərtib olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, adıçəkilən Fərmanın müddəalarına uyğun Abşeron rayonu üzrə yeni hazırlanmış rəqəmsal kadastr xəritəsində JN-2254 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında kənd təsərrüfatı təyinatlı 0,41 ha torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq 0,58 ha kimi qeydə alınmış və peyk çəkilişlərinə əsasən sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Nəzərə çatdırılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin və digər tikinti işlərinin aparılması Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən kateqoriyası dəyişdirildikdən sonra həyata keçirilə bilər.

7. Cavabdeh1 28 sentyabr 2021-ci il tarixli, **********50 nömrəli Vəkil göndərilmiş məktubundan görünür ki, torpaq sahəsinin plan və ölçüsünün və çıxarışın qeydə alınmasına əsas olmuş 12 sentyabr 2013-cü il tarixli, **********21 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə dair bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Cavabdeh1 11 noyabr 2021-ci il tarixli, **********97 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 12 sentyabr 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarış (§3); - 11 sentyabr 2013-cü il tarixli, AA seriyalı, 002067 nömrəli, X10 adına tərtib edilmiş **********21 reyestr nömrəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” (§2); - 6 sentyabr 2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, satıcı X4 rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,5730 ha torpaq sahəsini alıcı X3. - JN 2567 KOD 30800027 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayon 1 saylı DNK-nın 21 fevral 2005-ci il tarixli, 4Ə-03/404 nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,5730 ha torpaq sahəsi X8 verilmişdir. - 21 fevral 2005-ci il tarixli, 4Ə-03/404 nömrəli “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X17 ümumi sahəsi 0,68 ha olan torpaq sahəsinin 0,5730 ha torpaq sahəsini alıcı X2. - JN 2100 KOD 30800027 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 9 mart 2004-cü il tarixli, 3M/143 nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,68 ha torpaq sahəsi X12 verilmişdir. - 9 mart 2004-cü il tarixli, 3M/143 nömrəli “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X23, X13, X20, X16, X9 0,68 ha torpaq sahəsini alıcı X1. - JN 653 KOD 30800027 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X23, X13, X20, X16, X5 0,68 ha torpaq sahəsi verilmişdir.

9. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri”ndən arayışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 0,5730 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 dekabr 2022-ci il tarixli, **********86 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, JN 2254 KOD 30800027 nömrəli, 30 sentyabr 2004-cü il tarixli dövlət aktına əsasən İddiaçı məxsus 0,41 ha torpaq sahəsinin koordinatları, Dövlət Aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 sentyabr 2013-cü il tarixli, **********21 reyestr nömrəli çıxarışa əsasən X10 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,573 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-2254 KOD 30800027 saylı Dövlət Aktına əsasən, Abşeron rayonunda cizgidə göstərilən sərhəd daxilində 0,41 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsini nəzərə alaraq, X15 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2013-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,5730 ha torpaq sahəsinə dair **********21 reyestr nömrəli çıxarışın, 11 sentyabr 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün və Cavabdeh2 4208-T saylı, 30 oktyabr 2014-cü il tarixli qanunsuz razılığının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 0,41 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və tərəfindən müvafiq ərazidə heç bir tikinti aparılmamışdır. Faktı araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçının torpaq sahəsi şəxsiyyəti ona sonradan məlum olan X19 tərəfindən zəbt olunmuşdur. X19 iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq 12 sentyabr 2013-cü il tarixdə Seriya RX ******* saylı çıxarışla hüququ qeydə alınmışdır. Bundan əlavə Cavabdeh2 4208-T saylı, 30 oktyabr 2014-cü il tarixli qanunsuz razılığı əsasında X7 təsərrüfatı təyinatlı torpaq sahəsində tikili inşa etmişdir.

13. İddianın prosessual hüquqi əsası kimi İPM-in 2.2.2, 33.1, 33.2, 33.3, 33.4, 34.1, 70.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrə istinad edilmişdir.

14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 23 fevral 2022-ci il tarixli, 2-1(118)-384/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “çıxarış, plan və ölçü sənədinin, qanunsuz razılığın ləğvi” tələbinə dair iş üzrə X19 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə təqdim edərək, 23 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN- 2254 KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonunda cizgidə göstərilən sərhəd daxilində 0,41 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsini nəzərə alaraq, X15 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2013-cü il tarixli Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,5730 ha torpaq sahəsinə dair **********21 reyestr nömrəli çıxarışın və 11 sentyabr 2013-cü il tarixli torpaq plan və ölçüsünü ləğv edilməsi və torpaq sahələri üzrə iddiaçıya aid olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 8 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

17. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və prosess iştirakçıları işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,5730 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnu təsdiq edən JN-2567, KOD 30800027 saylı dövlət aktı 21 fevral 2005-ci il tarixli, 4Ə-03/404 saylı alqı-satqı müqaviləsi əsasında tərtib edilmişdir. Bundan sonra X11 tərəfindən 6 sentyabr 2013-cü il tarixli, 4Ə-07-1985 saylı alqı-satqı müqaviləsi əsasında 0,5730 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 özqəninkilədirilmiş və X10 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarışla 12 sentyabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.4, 8, 9, 11.1, 15, 23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarına istinad edilmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, cavabdeh orqan tərəfindən ona məxsus sahənin göstərə bilməməsini, torpaq sahəsinin sürüşmə halı məhz ona məxsus olan əraziyə münasibətdə olması düzgün deyil, digərlərin torpaq sahələrinə aid olduğunu bildirmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, üçüncü şəxs tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsini bildirmiş, iddia tələbinin mübahisə predmeti olan çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi, koordinatların müəyyən edilməsi formada olmasını istədiyini qeyd etmişdir.

22. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək bildirmişdir ki, ona məxsus torpaq sahəsinin hər iki tərəfi yoldur, iddiaçının torpaq sahəsi ilə fərqlidir. Dövlət aktların həm üçüncü şəxsdə, həm də iddiaçıda mövcud olduğuna baxmayaraq, iddiaçı çıxarışı ala bilməmişdir. Çünki, koordinatlar elektron sistemə əlavə edilən zaman səhv daxil edilmişdir. Torpaq sahələrinə keçirilmiş baxış nəticəsində üçüncü şəxsə məxsus torpaq sahəsinin yerinin düzgün olduğu müəyyən olmuş, torpaq sahəsinin ona məxsus olması təsdiqlənmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İDDİA TƏLƏBİNİN MÜMKÜNLÜYÜNƏ DAİR MƏHKƏMƏNİN MÖVQEYİ: İddianın növü və mümkünlüyü

27. Məhkəmə iş materialında olan iddia ərizəsi və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır.

28. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.

30. İşin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur və məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Bu baxımdan “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

32. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,5730 ha torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir.

33. Hazırda iddiaçının tələbi X15 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2013-cü il tarixli Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,5730 ha torpaq sahəsinə dair **********21 reyestr nömrəli çıxarışın və 11 sentyabr 2013-cü il tarixli torpaq plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahələri üzrə iddiaçıya aid olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025ci il tarixli, 2-1(102)-116/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “...daşınmaz əmlakın dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından çıxarış deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir... Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan çıxarış əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.”

35. Məhkəmə, İPM-in 13-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfə hüquqi yardım edərək, çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin ləğv edilməsi barədə müraciət etməsini izah etmiş, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin bu formada olmasını istədiyini bildirmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2023-cü il tarixli, 2-1(102)-160/2023 nömrəli qərarına əsasən “...çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.”

37. Göstərilənlərə əsasən məhkəmə iddiaçının “çıxarışın” tələbini mümkün hesab etmir. İPM-in 13-cü maddəsinə əsasən bildirilir ki, çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin ləğv edilməsi ilə bağlı ilk öncə cavabdeh orqana, daha sonra (imtina olunduğu halda) inzibati məhkəməyə müraciət edə bilər.

38. Həmçinin, iddia tələbinin qeyd edilmiş hissədə mümkün hesab olunmadığı üçün, tələbin “torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və s.” hissələrinə münasibətdə də tələbi mümkün hesab etmir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

40. Beləliklə, yuxarıda qeyd olunmuş qanunvericiliyin müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

41. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

42. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

NƏTİCƏVİ HİSSƏ:

43. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “23 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-2254 KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonunda cizgidə göstərilən sərhəd daxilində 0,41 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsini nəzərə alaraq, X15 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 sentyabr 2013-cü il tarixli Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,5730 ha torpaq sahəsinə dair **********21 reyestr nömrəli çıxarışın və 11 sentyabr 2013-cü il tarixli torpaq plan və ölçüsünü ləğv edilməsi və torpaq sahələri üzrə iddiaçıya aid olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar