Məhkəmə qərarları › İş №2-1(118)-1401/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1401/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1401/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Şahverənov Rəhim Aydın oğlunun, həmçinin onun övladları - 2004-cü il təvəllüdlü X4, 2006-cı il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun Sumqayıt şəhəri, X6 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ünvanında yerləşən 2 saylı evin 24 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X6 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ünvanında yerləşən 2 saylı evin 24 nömrəli mənzili seriya MH 23.07.2009-cu il tarixli çıxarışa əsasən onun şəxsi mülkiyyətimdədir. Hal-hazırda həmin mənzildə o, ailə üzvlərilə birlikdə yaşayır. Lakin həmin mənzildə Şahverənov Rəhim Aydın oğlu da formal olaraq pasport qeydiyyatındadır. Belə ki o, 2007-ci ildən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi 2 saylı evin 24 saylı mənzilini tərk etmiş və Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə 21 saylı evdə yaşayır. Şahverənov Rəhim Aydın oğlunun övladları - 2004-cü il təvəllüdlü X4, 2006-cı il təvəllüdlü X3 da valideynləri ilə birlikdə 2007-ci ildən sözügedən mənzildə yaşamamışlar. 2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu isə ümumiyyətlə bu mənzildə olmamışdır. Halhazırda, Rəhim Şahverənov və onun övladlarının müvafiq mənzilində heç bir əmlakı və həmin mənzillə əlaqəsi olmasa da, formal şəkildə onun evində qeydiyyatda qalması nəticədə onun, cavabdehə görə mənzil üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirməyinə maneçilik törədir. Üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin, Şahverənov Rəhim Aydın oğlu məhkəməyə ərizə təqdim edərək onun övladları ilə birlikdə Rusiya Federasiyasında yaşadığını, müvəqqəti olaraq ölkəyə gəldiyini, Covid-2019 vaksinasiya sertfikatı olmadığına görə iclasda iştirak edə bilməyəcəyini bildirmiş. Eyni zamanda iddia tələbinə etiraz etmədiyini və həmin mənzildən övladları ilə birlikdə pasport qeydiyyatından çıxarılmasını məhkəmədən xahiş etşmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-7317Ş-3122 nömrəli, 01 mart 2022-ci il tarixli imtina məktubu, üçüncü şəxsin ərizəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********23-05101-093007 reyestr nömrəli çıxarışın notarila qaydada təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, 21 saylı MKS-nin tərtib etdiyi Akt, Arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, X6 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ünvanında yerləşən 2 saylı evin 24 nömrəli mənzili bağışlanma müqaviləsi əsasında əldə etmiş və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. 3-cü şəxslərdən Şahverənov Rəhim Aydın oğlu iddiaçının qardaşıdır və o, müvafiq mənzildən qeydiyyatdan çıxarılmasına heç bir etiraz etmir və Rusiya Federasiyasında yazadığını bildirmişdir.. Digər 3-cü şəxslər Şahverənov Rəhim Aydın oğlunun övladlarıdır və onların əmisi Rahim Şahverənovun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranması mülkiyyətçinin iradəsinə uyğun olmalıdır. Lakin, iddia ərizəsindən görünür ki, 3-cü şəxslərin qeyd olunan mənzildə istifadə hüququqlarının olması və pasport qeydiyyatında qalması mülkiyyətçi olan iddiaçının iradəsinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - Şahverənov Rəhim Aydın oğlu, həmçinin onun övladları - 2004-cü il təvəllüdlü X4, 2006-cı il təvəllüdlü X3 və 2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlu Sumqayıt şəhəri, X6 qəsəbəsi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 2 saylı evin 24 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şahverənov Rəhim Aydın oğlunun, onun övladları - 2004-cü il təvəllüdlü X2, 2006-cı il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü Şahverənov Zəki Rəhim oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, X6 qəsəbəsi, S.Bəhlulzadə küçəsi ünvanında yerləşən 2 saylı evin 24 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar