Məhkəmə qərarları › İş №2-1(118)-1402/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1402/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1402/2021 22.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı-xx.xx.1971-ci il təvəllüdlü İddiaçı AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etməklə 1993-cü Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, lakin onun digər qardaşı X4 1992-ci ilin may ayının 8-də şəhid olduğu üçün və o evin yeganə övladı olduğundan xəstə valideynlərinə dayaq olmaq üçün evə gəlmiş və gəldikdən 2 ay sonra ərizə yazaraq AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsindən çıxmışdır. O, 1993-cü ildə Xızı rayon Polis İdarəsində polis serjantı işləmiş, 1995-ci ildə Sumqayıt şəhər Pİ-nə köçürülmüş və pensiyaya çıxana qədər, yəni 2013-cü ilə qədər orada işləmişdir. O, Sumqayıt şəhər Polis İdarəsində işlədiyi dövrdə və sonralar da ona xidmətlərinə görə «veteran vəsiqəsi»nin və statusunun verilməsi ilə bağlı AR Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin həmin müracitə sonuncu dəfə 23.12.2019cu il tarixdə verilmiş cavabda göstərilmişdir ki, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiqləyən hər hansı bir məlumat aşkar edilmədiyi üçün bu vəsiqənin verilməsi mümkünsüzdür. O, cavabdehin bu hərəkətləri ilə razılaşmır, bildirmək istəyir ki, onun hərbi hissənin tərkibində xidmət etdiyi dövrlə bağlı qeydlərin arxivə verilməməsi onun günahı deyildir. Onun həmin hərbi hissənin tərkibində döyüşdüyünü onun döyüşçü yoldaşları da təsdiq edə bilərlər. 1 .X5 2.X3 - Adlarını qeyd etdiyi şahidləri məhkəmə prosesinə tərəfindən dəvət ediləcəklər. O, cavabdeh təşkilatın cavabını aldıqdan sonra hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, lakin 08.06.2021-ci il tarixli qərardadı ilə onun idda ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmış, həmin qərardadla izah olunmuşdur ki, bu məsələ ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya və Baş Kadrlar İdarələrinə verilmiş sorğulara təqdim olunmuş 23.12.2020-ci il tarixli, 012-26057-1220, 13.01.2021-ci il tarixli, 022/8-464-1221 nömrəli cavab məktublarında vət.İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 14.01.2021-ci il tarixli, 024-21803Q-3221 saylı imtina məktubu, cavabdehin etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırkı işdə də iş materiallarında olan sənədlərdə DİN-nin arxivində saxlanılan 1990-1993-cü illəri üzrə əmrlərdə İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı DİN-nin Xızı rayon şöbəsində, Sumqayıt Polis İdarəsində polis nəfəri kimi işləmişdir. İddiaçı döyüş bölgələrinə ezam olunduğunu əsasə gətirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini arzu edir. Ona görə də iddiaçı müharibə veteranı adının verilməsi üçün DİN-nə müraciət etmiş və tələbinin təmin edilməsindən imtina olunması səbəbindən məhkəmədə hazırkı iddia tələbini qaldırmışdır. Məhkəmə 2-1(118)-685/2021 saylı inzibati işin araşdırması zamanı İddiaçı DİN-nin əməkdaşı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonunda gedən döyüşlərdə iştirak edib-etməməsi ilə bağlı DİN-nə müvafiq sorğu göndərmiş, lakin iddiaçının X6 və ya buna səlahiyyətli olan rəis heyyətinin müvafiq əmri əsasında döyüş bölgəsinə cəlb edilməsi barədə hər hansı bir dəlili əldə etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 20.07.2021-ci il tarixli etriazından müəyyən olunur ki, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23.12.2020-ci il tarixli, 012-26057-1220, 13.01.2021-ci il tarixli, 022/8-464-1221 nömrəli məktubunda İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir rəsmi məlumat müəyyən edilmədiyi göstərilmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanuni hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar