Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1402/2023 18.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X7 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi axtarmışdır. Bu zaman ona məlum olmuşdur ki, Quba rayonu İ Nügədi kənd sakini X5 özünə və ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktı əsasında məxsus olan 1,25 ha torpaq sahəsinin 368S ilə işarələnmiş 5129 kv.m hissəsini satır. Bu zaman o Namiz Səlimov ilə görüşmüş və torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər. Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktında mülkiyyətçilər kimi X5, X2, X7, X8, X9 və X3 adları qeyd olunmuşdur. Namiz Səlimovla razılaşdıqları kimi torpaq sahəsinin alqı-satqısını həyata keçirmək qərarına gəlmişlər. 30 dekabr 2005-ci il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 4-ə 1913 nömrəli alqı-satqı müqaviləsi ilə Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının 368S ilə işarələnmiş 5129 kv.m hissəsini ona satmışlar. O, həmin vaxtdan torpaq sahəsini istifadə edir. Torpaq sahəsinə dair vergiləri ödəyir. Torpaq sahəsinə güzəştli şərtlərlə gübrə almaq üçün ona kart da verilmişdir. O ötən il alqısatqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almaq üçün alqı-satqı müqaviləsini və Dövlət Aktının əslini 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Oradan ona verilmiş cavabda Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə- 1913 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinə dair satıcı tərəfin adına dövlət reyestrindən çıxarış verilməsi qeyd edilmişdir. Bundan sonra ölkədə yayılmış COVİD- 19 pandemiyası ilə əlaqədar ölkədə hərəkət məhdudlaşdırıldığı üçün o çıxarışın kimə və hansı sənədlə verilməsini öyrənə bilməmişdir. 2021-ci ilin yanvar ayında vəkillə bağladığı müqavilə əsasında verilmiş sorğuya cavabda ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının ona satılmış 0,51 ha hissəsinə xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli, 0,74 ha hissəsinə isə xx.xx.2017-ci il tarixli, **********29 reyestr nömrəli cavabdehlərin adına çıxarışlar verilmiş, cavabdehlər Quba rayonu İ Nügədi kəndində yerləşən 0,74 ha torpaq sahəsini (xx.xx.2017-ci il tarixli, **********29 reyestr nömrəli) Quba rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-2056 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa şəxsin adına özgəninkiləşdirildiyini qeyd etmişlər. O bundan sonra cavabdehlərin yaşadığı ünvana gedərək ona satdıqları torpaq sahəsini hansı əsasla adlarına çıxarış almasını soruşmuşdur. Onlar ona adlarında olan digər 0,74 ha torpaq sahəsinin satılması üçün çıxarış alan zaman səhvən ona satdıqları yerə də çıxarış aldıqlarını bildirmişlər. O cavabdehlərə bu səhvin düzəldilməsini, çıxarışın ləğv edilməsini bildirmişdir. Cavabdehlər ona satılmış torpaq sahəsinə dair çıxarışın tezliklə ləğv ediləcəyini desələr də, sözlərinə əməl etmədiklərini, onu yubatdıqlarını, günü-günə satdıqlarını görüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdehlər özlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının 368S ilə işarələnmiş 5129 kv.m hissəsini Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 30 dekabr 2005-ci il tarixli 4-ə 1913 nömrəli alqı-satqı müqaviləsi ilə əsasında satmışlar. O həmin vaxtdan torpaq sahəsindən istifadə edir. Cavabdehlər buna baxmayaraq, torpaq sahələrini ona satdıqları halda həmin torpaq sahəsinə dair yenidən öz adlarına çıxarış almışlar. Hazırkı iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddia ərizəsi Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun icraatına verilmişdir. Lakin Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadı ilə çıxarış ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülkin işin icraatına xitam verilmiş, ona hazırkı iddia ilə ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadından apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2001/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və onunla bağlı xx.xx.2021ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi o Quba Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadlarına əməl edərək işin baxılması üçün inzibati qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində etibarsız hesab edilməsi ilə bağlı göstərilən X4 və digər şəxslərin adlarına olan 0.51 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı əsasında ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN:368 KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, həmin akt əsasında Quba rayon notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-465 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqları ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar”, vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X4 və digər şəxslərin adlarına olan 0.51 ha torpaq sahəsinə dair xx.xx.2017-ci qeydiyyat tarixli, **********11 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”.. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, üçüncü şəxslərlə məhkəmə tərəfindən dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, məhkəmə proseslərində iştirakdan yayınmışlar. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********22 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, cavabdehin etiraz ərizəsi, JN-368, Kod 30319018 olan, 10 oktyabr 2001-ci il tarixli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktın təsdiqlənmiş surəti, xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpaq alqı-satqı müqaviləsi”nin surəti, Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2022-ci il tarixli məktubu, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubu, İ Nügədi Bələdiyyəsinin 128 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/1087-5/896 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzr ə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli torpağın alqı-satqısı müqaviləsinin bağlanması vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, üçüncü şəxs X5 özünə və ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktı əsasında 1,25 ha torpaq sahəsinin 368S ilə işarələnmiş 5129 kv.m hissəsini satmışdır.Həmin torpaq sahəsinin 5129 kv.m hissəsi İddiaçı 30 12.2005-ci il tarixdə Quba rayon Dövlət Notariat X1 və ailə üzvlərindən alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə alsa da DƏDKR tərəfindən çıxarış almamışdır. Qeyd edilən 0.51 ha torpaq sahəsi üçün o çıxarış almaq məqsədi ilə DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh imtina edərək bildirmişdir ki, göstərilən 0,51 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına, yəni X4 adına xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hesab olunur ki, həmin sənədlərdən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. Lakin cavabdeh təşkilat həmin alqı-satqı müqaviləsindən xəbərsiz olmasına istinad edərək Vüsal Səlimovun və ailə üzvlərinin adına verilmiş dövlət aktı əsasında sonuncuya həmin torpaq sahənin dair mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli çıxarış vermişdir.Qeyd olunan hərəkət Vüsal Səlimovun ona Qanunla verilmiş hüququndan sui-istifadə etməsi nəticəsində yerinə yetirilməsindən əlavə cavabdeh təşkilatın “Daşınmaz Əmlakın Dövlət Reyesteri” haqqında Qanunun 23.1-ci maddəsinin tələblərinin pozulması ilə müşayət olunur. Belə ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasının əsaslarından biri olan notarial qaydada təsdiqlənmiş alqı-satqı müqavilələrinin qorunması notariat orqanın vəzifəsinə daxil edilmişdir. Notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin notariat arxivdə saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsinin həqiqiliyinin yoxlanılması ilə bağlı arxiv sənədləri, kitabları və digər məlumatlar yoxlanılmış lakin notariat arxivində həmin müqavilə aşkarlanmamışdır. Sonra təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizası nəticəsində məlum olmuşdur ki, X7 və ailə üzvləri ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin notariat qaydada təsdiqləməsi Dövlət notariusu olmuş Mehriban Quliyeva tərəfindən imzalanmışdır. Həmçinin, onu da qeyd etmək lazımdır ki, Quba rayon İ Nügədi Bələdiyyəsinin 128 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.51 ha torpaq sahəsinə görə vergiləri vaxtlı-vaxtında ödəmişdir. Nəzərə alınmalıdır ki, hüquqdan sui-istifadənin qadağan edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində göstərilib. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1 və 560.3.2-ci maddələrinin tələblərinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi hüquqdan sui istifadə sayılır. Göründüyü kimi X7 və ailə üzvləri İddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi üzrə əmlak üzərində olan hüquqlarını başqa şəxsə ötürməsini dərk etmiş, lakin İddiaçı həmin alqısatqı müqaviləsi üzrə torpaq sahəsinə dair əldə etdiyi hüququnun qeydiyyata aldırması üçün DƏDKR-ə müraciət etməməsindən istifadə edərək öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bu isə X4 hərəkətlərinin qeyri-qanuni olmasına və onun alqı-satqı müqaviləsinin tərəfi kimi üzərinə düşən vəzifələrin kobudcasına pozulmasına dəlalət edir. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında 3-cü şəxs X7 və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydiyyata alındığı xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə dair X7 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1402/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1402/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver