Məhkəmə qərarları › İş №2-1(118)-1407/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1407/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1407/2022 19.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi illəri sığorta stajına daxil etməklə, iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi və ona pensiyanın təyin edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmiş və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək Fuad ANR” kiçik müəssisəsində işlədiyi illəri sığorta stajına daxil etməklə, iddiaçıya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-ci ildə anadan olmuşdur. xx.xx.1973-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək Şirvan (Əlibayramlı) şəhərində yerləşən Pedaqoji texnikumunda təhsil almışdır. xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək Quba rayonu Püstəqasım kənd orta məktəbində sinif müəllimi işləmişdir. xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixinədək Yelfi kənd orta məktəbində sinif müəllimi işləmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək Xaçmaz rayonu Hülövlü kənd orta məktəbində sinif müəllimi işləmişdir. xx.xx.1982-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Xaçmaz rayonu Sərkərli kənd tam orta məktəbində sinif müəllimi işləmiş və həmin tarixdən öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra xx.xx.1996-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "Fuad ANR" kiçik müəsissəsində sürücü işləmişdir. xx.xx.2021-ci il tarixində 65 yaşı tamam olanda ona yaşa görə yox, sosial pensiya təyin edilmişdir. Buna aydınlıq gətirilməsi üçün tələb olunan sənədləri toplayıb ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialına müraciət etmişdir. İddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Orada onun müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla ona cavab verilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsində imtina edilməklə bildirilmişdir ki, təqdim etdiyi ИТ-1 nömrə ******* saylı əmək kitabçasına, təhsil alması barədə diplomu və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1973-ci il tarixindən xx.xx.1975-ci il tarixənədək təhsil alması və xx.xx.1976- ci il tarixindən xx.xx.1978- ci il tarixinədək olduğu dövrlər) 23 il təşkil edir. Eləcə də xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabında sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı göstərilmişdir. Eyni zamanda Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının sözügedən qurumunda xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinq nəticəsinə əsasən əmək kitabçasında qeyd olunmuş, xx.xx.1996-cı il tarixiindən xx.xx.2005-ci il “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bununla da ümumi sığorta stajının qanunla nəzərdə tutulmadığından (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və həmin qərardan məhkəməyə şikayət etmək hüququnun olması ona bildirilmişdir. İddiaçı həmin qeyd olunan 8 il 2 ay 4 gün müddətinin sığorta stajına daxil edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçı iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarının onlara əməmk pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ıl iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial s ğorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. "Əmək pensiyaları haqqında" Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarl” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qayda da təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda Qanunun 7-ci maddəsi ilə müyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 25 il hesablanır. Beləliklə, iddiaçının təqdim etdiyi ИТ-İ №1064157 saylı əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil dövrü və xx.xx.1976-c il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 23 il təşkil edir. Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan başqa, HT-İ №1064157 saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.1996- cı il tarixdən xx.xx.2005ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış və “Fuad ANR” kiçik müəssisəsinin sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, bununla da, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o 1994cü ildə “Fuad ANR” kiçik müəssisəni açmış, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmiş, vöen almışdır. O, Abşeron rayon İcra Hakimiyyətindən torpaq sahəsi almış, orada 2 mərtəbəli tikili tikmişdir. Daha sonra qardaşını rəsmi işə dəvət etmişdir. Müəssisə 1994cü ildən 2005-ci ilədək fəaliyyət göstərmiş. Qardaşı da həmin dövrlərdə əvvəldən axıra kimi müəssisə də işləmişdir. O bütün işçilərin ödənişlərini müəssisənin adından, kvartallar üzrə etmişdir. Həmin dövlərdə heçvaxt boşluq olmamış, tam fəaliyyət göstərmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. - ИТ-İ №1064157 saylı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Э 007327 saylı, 05 iyul 1975-ci il tarixli “Diplom”un surətindən görünür ki, İddiaçı X1 təhsil almışdır. - Azərbaycan Respublikası Abşeron rayonu kiçik müəssisə “Fuad-ANR” tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 07 saylı əmək haqqı barədə arayışda İddiaçı 17 nömrəli 04 dekabr 1996-cı il tarixli əmrlə müəssisədə sürücü işlədiyi və 1996-cı ilin dekabr ayından 2005-ci il tarixədək əmək haqqı aldığı və həmin əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - “Hüquqi şəxsin qeydə alınması haqqında” 26 aprel 1994-cü il tarixli, № 8957 saylı şəhadətnamənin surətindən görünür ki, hüquqi ünvanı ünvan 1əhəllə, ev 21, mənzil 39 olan “Fuad-ANR” kiçik müəssisəsi 26 aprel 1994-cü il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 12 fevral 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 08 iyul 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, vətəndaşın xx.xx.2006-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 5 gün sığorta stajına uyğun olaraq pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixi üçün 17538,06 manat, xx.xx.2022-ci il tarixi üçün 18713,05 manat təşkil edir: - (23+5/30/12)x306=7042,25 manat; - 7042,25+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4% + 5,7%+3%+2,6%+2,8%+6,7%=18713,05 manat. Həmçinin vətəndaşın xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçasında onun işlədiyi dövrlər qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajına malik olmadığı qeyd edilmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyinatı məsələsinə baxarkən onun xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilədək “Fuad ANR” kiçik müəssəsində işlədiyi dövrləri nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci ilədək “Fuad ANR” kiçik müəssəsində işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda 19 fevral 2005-ci il tarixli, 07 saylı arayışda onun “Fuad ANR” kiçik müəssəsində işlədiyi dövrlərdə əmək haqqı alması öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə, cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1996-cı il tarixindən xx.xx.2005-ci il tarixədək olan dövrə aid “Fuad ANR” kiçik müəssisəsinin sənədləri saxlamadığına dair dəlillərinə münasibətdə qeyd edir ki, orqan tərəfindən sənədlərin saxlanılmamasının vətəndaşın ziyanına şərh edilməsi yolverilməzdir və bu hal vətəndaşın məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan “Fuad ANR” kiçik müəssisəsində işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbuledilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Fuad ANR” kiçik müəssisəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar